İspaniya və Fransa son onilliklərin ən dağıdıcı meşə yanğınları ilə mübarizə aparıb. İspaniyada ölkə tarixinin ən böyük meşə yanğını qeydə alınıb, Fransada isə ilk dəfə yanğının yaratdığı pironimbus (yanğın buludu) formalaşıb.
2026-cı ilin iyul ayında hər iki ölkədə baş verən yanğınlar yüz minlərlə insanın təxliyəsinə, yüzlərlə evin isə yararsız hala düşməsinə səbəb olub.
İspaniya tarixinin ən böyük meşə yanğını
İspaniya rəsmilərinin məlumatına görə, Avila əyalətində başlayan yanğın təxminən 50 min hektar ərazini məhv edərək ölkə tarixində qeydə alınan ən böyük meşə yanğını olub.
İyulun 24-dən etibarən alov qonşu əyalətlərdəki yanğın ocaqları ilə birləşərək ümumilikdə 77 min hektar əraziyə yayılıb. Bildirilir ki, külə dönən sahə təxminən Nyu-York şəhəri böyüklüyündədir.
NASA-nın Landsat 9 peyki tərəfindən çəkilən görüntülər su anbarlarının ətrafının, yaşayış məntəqələrinin, düşərgələrin və müxtəlif obyektlərin ciddi zərər gördüyünü göstərib.
Fransada tarixi yanğın mövsümü
Fransanın cənub-qərbində yerləşən Gironde bölgəsində baş verən yanğında 42 mindən çox hektar ərazi yanıb, Le Porge kəndi isə böyük zərər görüb.
İyulun sonuna qədər Fransa üzrə yanan ümumi ərazi 90 min hektarı ötüb. Avropa Meşə Yanğınları Məlumat Sisteminə görə, bu göstərici son onilliklərin ən yüksək səviyyəsi hesab olunur.
Fransada ilk dəfə yanğın buludu yarandı
İyulun 25-də Fransanın cənub-qərbində həddindən artıq istilik nəticəsində pironimbus adlanan nəhəng yanğın buludu əmələ gəlib. Mütəxəssislər bunun Fransa tarixində qeydə alınan ilk belə hadisə olduğunu təsdiqləyiblər.
Meteoroloji şərait yanğınları gücləndirib
Alimlərin sözlərinə görə, qış aylarında yağan bol yağışlar bitki örtüyünün sıxlaşmasına səbəb olub. Ardınca gələn güclü isti hava dalğaları və quraqlıq həmin bitkiləri qurudaraq yanğın üçün əlverişli yanacağa çevirib. Saatda 65 kilometrə çatan küləklər isə alovun sürətlə yayılmasına şərait yaradıb.
Minlərlə yanğınsöndürən və hərbçinin müdaxiləsi nəticəsində iyulun sonlarına doğru yanğınlar əsasən nəzarət altına alınıb. Bununla belə, mütəxəssislər isti və quraq hava şəraitinin davam etməsi səbəbindən yanğın riskinin hələ də yüksək olaraq qaldığını bildiriblər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

