Körfəz ölkələrindən bəziləri İranın bölgədəki enerji mənbələrini hədəf alan cavab zərbəsi ilə üzləşdiklərini bildiriblər.
Qətərin dövlət neft şirkəti bəyan edib ki, raketlər ölkənin əsas neft emalı zavodunun yerləşdiyi Ras Laffan sənaye şəhərinə düşüb.
QatarEnergy sosial media hesabında yazıb ki, hücumların səbəb olduğu yanğınları nəzarət altına almaq üçün fövqəladə hallarla bağlı komandalar əraziyə cəlb edilib. Ölü və yaralının olmadığı bildirilir.
Qətərin Xarici İşlər Nazirliyi hücumlara görə İranı ittiham edib və bunu ölkənin “milli təhlükəsizliyinə və regional sabitliyə birbaşa təhdid” kimi qiymətləndirib.
“İran tərəfi özünün eskalasiya siyasətini davam etdirir, beləliklə də mövcud böhranda iştirak etməyən tərəfləri də münaqişəyə sürükləyir”, Qətər XİN-in bəyanatında qeyd olunub.
Qurum həmçinin Qətərin baş verənlərə “cavab vermə hüququnu özündə saxladığını” bəyan edib və bildirib ki, rəsmi Doha “ölkənin suverenliyi və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımlar atmaqdan çəkinməyəcək”.
Səudiyyə Ərəbistanı isə paytaxt Riyad üzərində 4 ballistik raketi zərərsizləşdirdiyini deyib.
Səudiyyə rəsmiləri bildiriblər ki, ballistik raketlər vurulduqdan sonra onun qəlpələri 4 nəfərin yaralanmasına səbəb olub.
İran Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Britaniya və Avstraliya hərbçilərinin olduğu hərbi bazanı da hədəf alıb.
Britaniya və Avstraliya rəsmiləri hücum zamanı şəxsi heyət arasında ölü və ya yaralının olmadığını bildirib.
Bu hücumlar İrana məxsus Cənub Pars qaz yatağının martın 18-də İsrail tərəfindən vurulmasından sonra gerçəkləşib.
İranın körfəz ölkələrinə endirdiyi hava zərbələrindən əvvəl isə İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olduğu deyilən xəbər agentliyi Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dəki bəzi ərazilərin siyahısını açıqlamışdı.
Agentlik bildirmişdi ki, İsrailin İranın ən böyük qaz yatağına etdiyi hücuma cavab olaraq, bu obyektlər tezliklə İran tərəfindən vurulacaq.
İran Prezidenti isə bəyan edib ki, ölkəsinin Cənub Pars qaz yatağına edilən hücumun “nəzarət edilə bilməyən nəticələri” ola bilər.
“Vəziyyət nəzarət edilməsi mümkün olmayan nəticələrə gətirib çıxara bilər. Bunun əhatəsi isə bütün dünyanı cənginə alar”, Pezeşkian bildirib.
Mənbə:BBC
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az

