İran parlamenti Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin ratifikasiyasını nəzərdən keçirir.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə cümə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Biz şadıq ki, müqavilə ilə bağlı qanunvericilik aktı Rusiya parlamentində müvafiq mərhələlərdən keçib və o, İranda da ratifikasiya mərhələsindədir”, – o deyib.
Nazir həmçinin xatırladıb ki, aprelin 17-18-də Moskvaya səfəri zamanı o, Rusiya prezidenti Vladimir Putinə İranın ali dini lideri Ayətullah Əli Xameneinin beynəlxalq hadisələr və ikitərəfli münasibətləri müzakirə edən məktubunu təqdim edəcək.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Əraqçi məktubu Putinə təhvil verəcək.
Həmçinin səfər zamanı İran Xarici İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla İranın nüvə proqramı və bununla bağlı Tehran və Vaşinqton arasında danışıqları müzakirə etməyə ümid edir.
Qeyd edək ki, bir müddət əvvəl Federasiya Şurası Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib.
Saziş 2025-ci il yanvarın 17-də İran prezidenti Məsud Pezeşkiyanın Moskvaya səfəri zamanı imzalanıb. Sənədə əsasən, tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin dərinləşməsinə və genişləndirilməsinə, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə, regional və qlobal səviyyədə fəaliyyətləri sıx əlaqələndirməyə çalışırlar ki, bu da uzunmüddətli, hərtərəfli və strateji tərəfdaşlığa uyğundur.
Gundelik.az

