Gundelik.az Dünya İran Hörmüz boğazını növbəti bildirişədək bağladığını açıqlayıb
Dünya Siyasət Xəbərlər

İran Hörmüz boğazını növbəti bildirişədək bağladığını açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri “xarici müdaxilələrin yaratdığı qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən Hörmüz boğazının növbəti bildirişədək bağlandığını” elan edib.

Qurumun yaydığı açıqlamada bildirilir ki, Hörmüz boğazında xarici müdaxilə və bəzi gəmilərin “icazəsiz marşrutlarla” hərəkət etməyə cəhd göstərməsi təhlükəsizlik problemlərinə səbəb olub.

Açıqlamada qeyd edilir ki, daha əvvəl xarici müdaxilələr və gəmilərin marşrutlarını icazəsiz dəyişmələri ilə bağlı xəbərdarlıqlar edilsə də, bir neçə saat əvvəl bəzi gəmilər bu xəbərdarlıqlara məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər.

İddia olunur ki, xəbərdarlıqlara baxmayaraq marşrutunu dəyişməyən və dəniz təhlükəsizliyini riskə atan gəmilərdən biri SEPAH Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıq atəşindən sonra dayandırılıb. Bunun ardınca “qanunsuz xarici müdaxilə nəticəsində yaranmış qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən Hörmüz boğazının növbəti bildirişədək bağlanacağı” bildirilib.

SEPAH əlavə edib ki, Hörmüz boğazı bölgəsində ABŞ-nin müdaxiləsi başa çatana qədər heç bir gəmiyə keçidə icazə verilməyəcək. Həmçinin “Amerika-Sionist düşməninin öz ərazilərinə daxil olmasına imkan verən ölkələrin bu müdaxilənin nəticələrinə görə məsuliyyət daşıyacağı” iddia olunub.

SEPAH Hörmüz boğazında ikinci gəminin vurulduğunu iddia edir

SEPAH daha bir açıqlamasında Hörmüz boğazında İranın keçid qaydalarını pozduğu iddia edilən ikinci gəminin hədəfə alındığını bildirib.

Bundan əlavə, açıqlamada ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd aviabazasındakı döyüş təyyarələrinin texniki xidmət və təmir mərkəzi, eləcə də komanda-idarəetmə mərkəzinin də hədəf alındığı iddia edilib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version