İyul 8, 2026
Baku
Müsahibə Siyasət Xəbərlər

İran böhranı: Azərbaycan üçün təhlükə, yoxsa tarixi fürsət?

Yaxın Şərqin və Cənubi Qafqazın geosiyasi balansında mühüm rol oynayan İran hazırda tarixinin ən həssas mərhələlərindən birini yaşayır. Daxili etirazlar, beynəlxalq təzyiqlər və regional nüfuzunun zəifləməsi Tehranın gələcəyi ilə bağlı ciddi suallar doğurur. Bu proseslərin Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün nə vəd etdiyi isə hələ də açıq qalır: risklərmi artır, yoxsa tarixi fürsətlər yaranır?

İranın mümkün zəifləməsi və ya transformasiyası regionda qüvvələr balansını dəyişə, yeni siyasi reallıqlar yarada və Azərbaycan üçün həm təhlükəsizlik, həm də strateji imkanlar baxımından mühüm nəticələrə səbəb ola bilər. Gundelik.az olaraq bu taleyüklü suallara aydınlıq gətirmək üçün mövzunu sabiq deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu ilə müzakirə etdik.

İranın zəifləməsi  Azərbaycan üçün təhlüklədirmi, yoxsa tarixi fürsət?

-Ümumiyyətlə, hər hansı bir coğrafiyada qeyri-müəyyənlik olduqda, proqnozlaşdırılması mümkün olmayan vəziyyət olduqda, o, sözsüz ki, məqbul sayıla bilməz. Yəni, həmin regionda yerləşən digər ölkələr üçün məqbul sayıla bilməz. Bizim üçün ən vacib olan bizim öz gücümüzdür. Yəni, mən məsələyə belə yanaşardım. Azərbaycanın gücü, iradəsi kifayət qədərdir ki, o, regionda bütün məqsədlərini uğurla gerçəkləşdirir. Yəni, götürək Zəngəzur dəhlizini.  Biz çox yaxşı bilirik ki, İran tərəfi bu dəhlizə qarşı idi. Və Azərbaycanın iradəsi ilə bu istiqamətdə çox təsirli addımlar atılmaqdadır. Elə İranın özünün də ərazisindən biz Naxçıvana alternativ çıxış imkanı əldə etmişik. Araz çayı üzərindən körpü salınıb. Yəni, bütün bunlar onu göstərir ki, əsas olan bizim özümüzün gücümüzdür. Bizim özümüzün gücümüz kifayət qədərdir və ona görə də biz regionda öz maraqlarımıza uyğun reallıqları formalaşdıra bilirik. Və stabillik, proqnozlaşdırıla bilən vəziyyət Azərbaycan üçün məqbuldur. İran biz bilirik ki, kifayət qədər böyük dövlətdir, etnik tərkibi zəngindir, ərazisi böyükdür. Əhalisi çoxdur, təxminən 90 milyon əhalisi var. Yəni, bu gün mən hesab edirəm ki, bizə stabil, proqnozlaşdırıla bilən İran lazımdır. Yəni, İranda ciddi daxili qarşıdurmalar baş verərsə, orada milli- etnik zəmində ciddi münaqişələr baş verə bilər. Bu da sözsüz ki, bizim sərhədlərimiz boyunca belə bir vəziyyət arzuolunan deyil. Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən biri ondan ibarətdir ki, qonşu dövlətlərlə və ümumiyyətlə, dünyanın digər ölkələri ilə konstruktiv münasibətlərdə və əməkdaşlıqda mövcud olaq. Ona görə də İranla bizim bu gün də normal münasibətlərimiz mövcuddur. Bəli, İranın zaman-zaman bir sıra məsələlərlə bağlı sərgilədiyi mövqelər haqlı olaraq Azərbaycan cəmiyyətinin narazılığına səbəb olub. Amma dövlətimiz hər zaman öz prioritetlərinə uğurla çatıb. Yəni, Ermənistan bizim torpaqlarımızı 30 il boyunca işğal altında saxlayanda İran hər zaman Ermənistanla həm siyasi münasibətlərini inkişaf etdirirdi, həm iqtisadi əlaqələrini genişləndirirdi. Bir sözlə, Ermənistana hər cür dəstək olurdu. Amma buna baxmayaraq, biz öz torpaqlarımızı işğaldan azad etməyi bacardıq. Biz çox parlaq qələbə qazandıq. Yəni, bütün bunları sadalamaqda məqsədim ondan ibarətdir ki, bizim üçün qonşumuzdakı vəziyyətlə bağlı bizim öz gücümüz həlledici faktordur. Yəni, bu gün biz qürur hissi ilə qeyd edirik ki, Azərbaycan dövləti çox güclü dövlətdir. Ona görə də hesab edirəm ki, biz məsələyə bu cür yanaşmalıyıq və yekun olaraq sualınızın cavabında bildirmək istəyirəm ki, bütün hallarda qonşu ölkələrdə indiki vəziyyətdə ayrıca olaraq İranı deyirəm, proqnozlaşdırıla bilən vəziyyətin olması bizim üçün məqbuldur.

İranın taleyi Cənubi Qafqazın taleyini dəyişə bilərmi?

-Sözsüz ki, regionda yerləşən ölkələrdəki vəziyyət və onların davranışları mütləq şəkildə bu və ya digər səviyyədə regionda vəziyyətə təsir edir. Bütövlükdə Cənubi Qafqazın taleyini İrandakı vəziyyət dəyişə bilərmi sualına cavabım ondan ibarətdir ki, dəyişə bilməz. Yəni, söhbət Cənubi Qafqazdan gedirsə, yeni geosiyasi reallıqları yaradan ölkə Azərbaycan oldu. Yəni, bu yeni geosiyasi reallıqları hər hansı bir amil dəyişə bilməz. İrandakı vəziyyətə gəldikdə, isə  hesab edirəm ki, bu və ya digər dərəcədə yenə vurğulayıram, Cənubi Qafqazdakı ümumi vəziyyətə təsir edə bilər. Yəni, tutaq ki, İran Cənubi Qafqaz ölkələri ilə sıx iqtisadi əməkdaşlıq etməkdədir. Məsələn, ayrıca olaraq Azərbaycanla İran arasında kifayət qədər sıx iqtisadi əlaqələr mövcuddur. Yanılmıramsa, təxminən 400 milyon dollar civarında Azərbaycan iqtisadiyyatında İran sərmayəsi mövcuddur. Azərbaycanla İran birgə nəqliyyat logistika layihələrinin, şimal, cənub layihəsinin gerçəkləşdirilməsində iştirak edib. Yəni, İranda çox ciddi gərgin vəziyyət yaranacağı təqdirdə sözsüz ki, İranın iqtisadi əməkdaşlığına da təsir göstərəcək. İranın iştirakçısı olduğu layihələrin vəziyyətinə də təsir göstərəcək. Bu da ümumi proseslər fonunda baş verə biləcək dəyişikliklər ola bilər. Amma bütövlükdə Cənubi Qafqazın taleyini dəyişdirəcək proseslərin baş verəcəyini mən düşünmürəm.

Sizcə, İranın gələcəyi küçələrdəmi, yoxsa qapalı kabinetlərdəmi həll olunur?

-Bir reallıq var. İranın gələcəyi küçələrdə həll olunacaqsa, hesab edirəm ki, bu çox ciddi fəsadlara gətirib çıxara bilər. Yəni, çox qanlı hadisələr baş verə bilər. Təkrar vurğulayım ki, İranın əhalisi çoxdur, etnik tərkibi çox zəngindir və ona görə də etnomilli zəmində qarşıdurmalar da baş verə bilər. Uzun müddət regionda nəzarətsiz bir vəziyyət yarana bilər. Bu da bütövlükdə region üçün məqbul sayıla bilməz. Düşünürəm ki, bütün hallarda məsələlər maksimum konstruktiv yollarla həll olunmalıdır. Hadisələrin gedişi də göstərir ki, məhz bu cür də olacaq. Hazırda etirazlar fonunda, iğtişaşlar fonunda İran hakimiyyətində ikili yanaşma mövcuddur. Məsələn, ali dini lider etirazçılara qarşı ən sərt şəkildə davranmağın tərəfdarı olduğu halda ölkə prezidenti Məsud Pezeşkian kifayət qədər normal liberal davranış sərgiləyir. Bu da hesab edirəm ki, İran cəmiyyəti tərəfindən dəyərləndirilir. Həqiqətən də indiki şəraitdə elə Pezeşkianın özünün də etiraf etdiyi kimi etirazçıların səsini eşitmək lazımdır. Reallıq ondan ibarətdir ki, İranda çox ciddi sosial-iqtisadi xarakterli böhran mövcud olmaqdadır. İran rialı 40 faizə qədər dəyər itiribdir. Sonra enerji daşıyıcılarının təchizatı sahəsində ciddi problemlər mövcuddur. Əhalinin sosial təminatında problemlər mövcuddur. Bütün bunlar sözsüz ki, narazı kütlə formalaşdırır. Yəni bu kütlənin daimi olaraq qalması hakimiyyət üçün elə daimi təhlükədir. Bunu hakimiyyət özü dərk etməlidir və görünən reallıq ondan ibarətdir ki, Məsud Pezeşkian bunu dərk edir və bilir ki, islahatlar həyata keçirmək lazımdır. Bu gələcəkdə sistem daxili islahatları da şərtləndirəcək. Mən hesab edirəm ki, İran hakimiyyəti dərk edir ki, status-kvo vəziyyətini sonsuzluğa qədər saxlamaq mümkün olmaz. Yəni, ümumiyyətlə, bu dünya təcrübəsində mövcud deyil. Bu baxımdan da sistem daxili müəyyən transformasiyaların olacağını düşünürəm. Yəni, prezidentin səlahiyyətləri genişlənə bilər, İran İslam İnqilabı Keşişçiləri Korpusunun mövqeləri güclənə bilər. Bunların fonunda ali dini rəhbərin təsir imkanları məhdudlaşa bilər və müvafiq olaraq da onun mövqeləri zəifləyə bilər. Yəni, bu hakimiyyət sistemində həyata keçiriləcək institusional islahatlar ola bilər. Əhalinin elə gözləntiləri həm də bununla bağlıdır. Ayrıca olaraq da elə Pezeşkian hələ prezidentliyə namizədliyi dövründə də vurğulayırdı ki, İran iqtisadi əməkdaşlığını genişləndirməlidir, dünya dövlətləri ilə sıx əlaqələr qurmalıdır, konstruktiv yanaşma tətbiq etməlidir. Əgər Pezeşkian bu səsləndirdiyi mövqeyə uyğun davranışlar sərgiləyəcəksə, hesab edirəm ki, İranın iqtisadi əlaqələri də daha geniş olacaq. Amma burada xarici faktorları da diqqətdən kənarda qoymaq olmaz. Yəni, iqtisadi böhran həm idarəetmənin uğursuzluğundan qaynaqlanırsa, bir o qədər də İrana tətbiq edilən xarici məhdudiyyətlər, embarqolar, sanksiyalar da İran iqtisadiyyatına olduqca mənfi təsir göstərir. Bütün bu amillərin aradan qaldırılması istiqamətində hesab edirəm ki, kompleks addımlar atmaq lazımdır. Və İranla ABŞ arasında bir dialoq baş tutacaqsa və hansısa bir razılaşmanın ortaq nöqtəsi tapılacaqsa, hesab edirəm ki, bu ümumilikdə İranın vəziyyətinə müsbət təsir göstərə bilər. Amma bunun özü də kifayət qədər qəliz, ağrılı bir prosesdir, çünki İran tərəfi deyir ki, biz danışıqlara hazırıq, amma Amerika Birləşmiş Ştatlarının diktəsi və qoyduğu qəbul olunmaz şərtlər fonunda deyil. Yəni, bunlar bərabərhüquqlu danışıqlara hazırdır və bütün hallarda hesab edirəm ki, İran da, Amerika Birləşmiş Ştatları da kompromisə getməli olacaqlar. Əks təqdirdə düşünürəm ki, proseslər nəzarətdən tam çıxa bilər. Yəni, bu qeyd etdiklərimin fonunda düşünürəm ki,məsələlər qarşılıqlı razılıq əsasında, anlaşma əsasında, yəni, həm İran hakimiyyəti ilə etirazçı kütlə arasında, həm də İranla tutaq ki, xarici faktorlar arasında bir dialoq mühiti olmalıdır. Ortaq məxrəcə gəlinməlidir.

Aktual mövzu üçün  dəyərli müsahibimiz Elşad Mirbəşiroğluna təşəkkürümüzü bildiririk.

Ziyalə Əhmədli

Gundelik.az