Apple-ın qatlanan iPhone-u ilə bağlı sızıntılar yenidən gündəmdədir və bu dəfə diqqət çəkən dizayn yox, guya “itən” bir xüsusiyyətdir. Bəli, söhbət MagSafe məsələsindən gedir.
MagSafe ilə bağlı panika yəqin ki, şişirdilmişdi
İlk iPhone Fold maketləri (dummy unit) ortaya çıxanda bir detal diqqət çəkdi: arxa hissədə MagSafe halqası görünmürdü. Bu da dərhal belə bir fərziyyəyə səbəb oldu ki, Apple bu funksiyanı tamamilə ləğv edə bilər. Amma bu iddia çox da məntiqli deyildi. Çünki maketlər sadəcə ölçü və forma göstərmək üçün hazırlanır, onların içində maqnitlər və ya şarj komponentləri olmur. Ona görə də orada MagSafe görməmək normaldır.
Üçüncü tərəf aksesuarlar MagSafe-in qalacağını göstərir
Son sızıntılar isə bu mövzuya daha çox aydınlıq gətirir. iPhone Fold üçün hazırlanan yeni qoruyucu qablar (case-lər) daxilində MagSafe maqnit halqaları var. Bu da göstərir ki, bu funksiya böyük ehtimalla son modeldə olacaq. Açığı, bu daha məntiqlidir. Çünki MagSafe artıq sadəcə şarj deyil, bütöv bir aksesuar ekosistemidir. Belə bahalı və premium cihazda bunu çıxarmaq geriyə addım olardı.
Əsas çətinlik – bu sistemi bu qədər nazik cihaza yerləşdirməkdir
Burada əsas məsələ texniki çətinliklərdir. Deyilənə görə iPhone Fold açıldıqda təxminən 4.5 mm qalınlığında olacaq. Yəni hər iki hissə çox nazikdir. Müqayisə üçün bu, bəzi modellərdən belə incədir. Bu isə daxilində yer problemi yaradır. Qatlanan telefonlarda onsuz da batareyaların bölünməsi, menteşə mexanizmi və ekranın yerləşdirilməsi kimi çətinliklər var. Üstünə bir də maqnit sistemi əlavə etmək asan deyil.
Üstəlik, bu ilk dəfə deyil ki, flaqman cihazlar maqnit sistemsiz çıxır. Bəzi modellərdə ümumiyyətlə bu xüsusiyyət olmayıb. Amma Apple görünür həm ultra nazik dizaynı qorumaq, həm də MagSafe-i saxlamaq istəyir.
Nəticə olaraq, məsələ MagSafe-in olub-olmaması deyil, Apple-ın bunu belə incə və mürəkkəb quruluşa necə yerləşdirəcəyidir.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

