İordaniya Xarici İşlər naziri Ayman əs-Səfədi və Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Feysəl bin Fərhan ölkələri Fələstin dövlətini tanımağa çağırıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, onlar Birləşmiş Millətlər Təşkilatının (BMT) yüksək səviyyəli Beynəlxalq Konfransında Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həll yolunun həyata keçirilməsi mövzusunda çıxış ediblər.
Səfadi ədalətli sülhün regional təhlükəsizliyi təmin edəcək strateji hədəf olduğunu bildirib və dünyanı Fələstin dövlətini tanımağa çağırıb.
Safadi sülh və işğalın bir yerdə mövcud ola bilməyən iki əks anlayış olduğuna diqqət çəkərək, Fransanın Fələstin dövlətini tanıması qərarını təqdir etdiyini bildirib və daha çox ölkəni bu addımı atmağa çağırıb.
Safadi bildirib: “İki dövlətli həllin həyata keçirilməməsinin səbəb olduğu fəlakət Fələstin torpaqlarında hər gün ölüm, dağıntı və aclıqla özünü büruzə verir. Qəzza qəbiristanlığa çevrilib, fələstinlilər dünyanın gözü qarşısında öldürülür və aclıq çəkir”.
Səudiyyə Ərəbistanı Xarici İşlər naziri bin Fərhan da konfransdakı çıxışında bildirib ki, Qəzzada dinc əhali aclıq, bombardman, köçkünlük və beynəlxalq humanitar yardım səylərinin sistematik şəkildə zəiflədilməsi daxil olmaqla ən dəhşətli pozuntulara məruz qalır.
Bin Fərhan əmin-amanlıq və sülhün bərqərar olması və haqların qəsb edilməsi ilə əldə edilə bilməyəcəyini bildirib və bütün ölkələri Fələstin dövlətini tanımağa çağırıb.
Gundelik.az

