İngiltərədə quraqlıq şəraitinin hökm sürdüyü ərazilər genişləndirilib. Nəticədə ölkə ərazisinin üçdə ikisi üçün rəsmi olaraq quraqlıq elan edilib.
İngiltərə Ətraf Mühit Agentliyi iyulun sonunda paytaxt Londonun bütün ərazisi də daxil olmaqla, İngiltərənin yarısı və Uelsdə quraqlıq elan etmişdi.
İngiltərə Ətraf Mühit Agentliyinin, digər hökumət qurumlarının, müxtəlif sektorların və fermerlərin nümayəndələrindən ibarət İngiltərə Milli Quraqlıq Qrupu bu gün iclas keçirib.
İclasın nəticəsinə əsasən, İngiltərədə quraqlığın təsir etdiyi ərazilərə Şərqi Midlend, Linkolnşir və Northemptonşir, Kent və Şərqi Sasseks, həmçinin Solent və South Downs bölgələri də əlavə edilib.
Beləliklə, İngiltərə ərazisinin 71,3 faizi üçün rəsmi olaraq quraqlıq elan olunub. Ölkənin bütün bölgələrində su ehtiyatlarının ciddi təzyiq altında olduğu barədə xəbərdarlıq edilib.
İngiltərədə şiddətli quraqlığın hökm sürdüyü ərazilərdə təxminən 45 milyon insan yaşayır. Su istifadəsinə məhdudiyyətlərin tətbiq olunduğu bölgələrdə isə 27 milyon nəfər məskunlaşıb.
Milli Quraqlıq Qrupunun rəhbəri Toni Qreyliq bildirib ki, quraqlıq şəraiti daha da şiddətlənir. Onun sözlərinə görə, əhəmiyyətli miqdarda və davamlı yağış yağmayacağı təqdirdə, mövcud vəziyyət davam edəcək.
İnsan fəaliyyətinin səbəb olduğu qlobal istiləşmə İngiltərənin iqlimində genişmiqyaslı dəyişikliklərə səbəb olur. Yağıntılı iqlimi ilə tanınan ölkənin bəzi bölgələrində təxminən iki aydır əhəmiyyətli miqdarda yağış yağmayıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

