Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqların dördüncü raundu davam edərkən, ABŞ tərəfindən hazırlandığı iddia edilən bir plana görə, Amerika hərbi qüvvələri Livan ordusunu Hizbullaha qarşı təlimləndirəcək.
İsrail dövlət televiziyası KAN-ın adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ hərbi qüvvələri Hizbullahın tərksilah edilməsini təmin etmək üçün Livan ordusuna təlim keçəcək.
Mənbələr İsrailin Livan ordusuna Hizbullahla döyüşmək üçün təlim keçmək planını dəstəklədiyini bildirib. Mənbələr Vaşinqtonda İsrail və Livan nümayəndə heyətləri arasında danışıqların müsbət atmosferdə keçdiyini və bəzi məsələlərdə razılığa gəlindiyini bildiriblər. İsrail mənbələri ABŞ-ın təzyiqi altında İsrailin Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hücum etməyəcəyini, lakin Vaşinqton administrasiyasının İsrail ordusunun Livanın cənubunu işğal etməyə davam etməsini təsdiqlədiyini iddia etdi.
Digər tərəfdən, i24 televiziyası İsrail və Livan arasında Vaşinqtonda davam edən danışıqlarda bu gün hər hansı bir böyük açıqlamanın gözlənilmədiyini bildirib. ABŞ-ın vasitəçiliyi ilə danışıqlara hazırlıq məqsədilə Vaşinqtondakı İsrail və Livan səfirləri 14 aprel, 23 aprel və 14 mayda görüşdülər.
ABŞ Dövlət Departamentində keçirilən ilk görüş “1993-cü ildən bəri ən yüksək səviyyəli birbaşa görüş” kimi qeydə alınıb.
Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Livan və İsrailin Vaşinqtondakı səfirləri iştirak ediblər.
Aprelin 24-də ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu və Livan prezidenti Cozef Aunu yaxın gələcəkdə Ağ Evdə qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib.
Livanda İsrail ilə birbaşa danışıqlar məsələsi daxili siyasətdə və ictimai rəydə ən çox müzakirə olunan mövzulardan biridir.
Prezident Aun və Baş nazir Nəvaf Salam danışıqları “qan tökülməsinin dayandırılması və davamlı həll yoluna nail olmaq” üçün zəruri və yeganə variant hesab etsələr də, Hizbullah və ona bağlı dairələr birbaşa əlaqələri “təslim olmaq” kimi xarakterizə edərək prosesə qarşı çıxırlar.
Mənbə:Anadolu Ajansı
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az
