Yəməndəki husilər Qırmızı dənizdə İsrailə məxsus “Scarlet Ray” adlı neft tankerinə raket zərbəsi endirdiklərini bildiriblər.
Gundelik.az xəbər verir ki, Husilərin sözçüsü Yəhya Sari bazar ertəsi “X” sosial şəbəkəsində paylaşım edərək, “Husi donanması Qırmızı dənizin şimalında İsrailin neft tankeri Scarlet Ray-a qarşı əməliyyat keçirib” – deyə açıqlama verib. Onun sözlərinə görə, raket gəmiyə dəyib.
Lakin Böyük Britaniya Dəniz Ticarət Ofisi (UKMTO) bazar günü bölgədə bir gəmiyə hücum olduğunu təsdiqləsə də, raketin hədəfə çatmadığını açıqlayıb. Məlumata görə, ekipaj üzvlərindən heç biri xəsarət almayıb və gəmi marşrutunu davam etdirib.
Təhlükəsizlik şirkəti Ambrey isə bildirib ki, Scarlet Ray Liberiya bayrağı altında üzsə də, İsrailə məxsusdur.
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra bölgədə gərginlik artıb. İsrailin Qəzzada hərbi əməliyyatlara başlaması ilə yanaşı, husilər də Qırmızı dənizdə İsrail gəmilərinə qarşı pilotsuz uçuş aparatları və raketlərlə hücumlarını intensivləşdiriblər. İsrail ordusu isə cavab olaraq husilərin nəzarətində olan Yəməndəki mövqelərə zərbələr endirir.
Gundelik.az

