Gundelik.az Dünya Hörmüz böhranı: Körfəz ölkələri minlərlə yük maşını ilə quru yolla daşımaya keçdi
Dünya Xəbərlər

Hörmüz böhranı: Körfəz ölkələri minlərlə yük maşını ilə quru yolla daşımaya keçdi

Hörmüz boğazındakı böhran səbəbindən dəniz daşımalarının pozulması Körfəz ölkələrini quru logistikasına yönəldib. Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliklərinə qədər uzanan avtomobil yollarında minlərlə yük maşını işə salınıb və qlobal ticarət üçün alternativ təchizat marşrutları formalaşdırılıb.

Hörmüz boğazında gəmi hərəkətinin demək olar ki, dayanması Körfəz ölkələrində quru nəqliyyat yollarını strateji əhəmiyyətli hala gətirib. Wall Street Journalın analizinə görə, Səudiyyə Ərəbistanı, BƏƏ və Omanda avtomobil yolları “təcili logistik xətt” rolunu oynamağa başlayıb.

Səudiyyə Ərəbistanının dövlətə bağlı mədən şirkəti Maaden şirkətinin CEO-su Bob Wilt bildirib ki, Körfəz bölgəsindən Qırmızı dənizə daşımada ciddi artım var və bu marşrutda çalışan yük maşınlarının sayı 3500-ə çatıb.

Riyad hökumətinin istehsalı artırmaq göstərişi verdiyi Maaden şirkətinin yaxın 10 ildə 110 milyard dollarlıq investisiya alacağı gözlənilir. Şirkətin nadir torpaq metalları sahəsində ABŞ-ın MP Materials və Pentaqonla əməkdaşlıq etdiyi bildirilir.

Qırmızı dəniz limanlarının fosfat ticarətinə uyğun olmaması səbəbindən bölgədə müvəqqəti anbarlar qurulub, aşındırıcı kimyəvi maddələrin daşınması üçün xüsusi boru sistemləri və paslanmayan polad tanker həlləri hazırlanıb.

Səudiyyə Ərəbistanının Yanbu limanından çıxan fosfatların Cibuti, Tayland və Argentina kimi ölkələrə çatdırıldığı qeyd olunur. Ekspertlər bu sistemi “Səudiyyə Ərəbistanının logistika möcüzəsi” kimi qiymətləndirirlər.

MSC və Maersk kimi böyük beynəlxalq daşımacılıq şirkətlərinin də artıq Yaxın Şərqdə quru marşrutlardan istifadə etdiyi bildirilir. Mütəxəssislər bu sistemin dəniz daşımalarını tam əvəz etməsə də, qlobal ticarətin davamlılığı üçün kritik rol oynadığını deyirlər.

BƏƏ-də yerləşən Spinneys supermarket şəbəkəsinin Britaniyadan gələn ərzaqları Avropa, Misir və Səudiyyə üzərindən 16 günə Dubaya çatdırdığı, həmçinin Etihad Rail sisteminin Füceyrə limanından Əbu-Dabiyə avtomobil daşımalarını həyata keçirdiyi bildirilir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version