Gundelik.az Dünya Hörmüz boğazı: İran hansı ölkələrin gəmilərinin təhlükəsiz keçidinə icazə verdi?
Dünya Xəbərlər

Hörmüz boğazı: İran hansı ölkələrin gəmilərinin təhlükəsiz keçidinə icazə verdi?

Tehran rəhbərliyi, Amerika Birləşmiş Ştatları və İsrail ilə davam edən müharibə fonunda Hörmüz boğazının ABŞ və müttəfiqləri istisna olmaqla bütün ölkələr üçün açıq olduğunu açıqladı.

Dünyadakı neft daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi bu strateji su yolunda, İranın İnqilab Keşikçiləri Korpusu tərəfindən 2 martda başlanan blokada qismən yumşaldılıb.

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, bir çox ölkə təhlükəsiz keçid üçün müraciət edib və hərbi qurumların qiymətləndirməsindən sonra “müxtəlif ölkələrdən” bəzi gəmilərin keçidinə icazə verilib.

Keçid icazəsi alan və danışıqlar aparan ölkələr

Hörmüz boğazından keçidinə icazə verilən və ya bu mövzuda Tehranla əlaqədə olan ölkələr üzrə vəziyyət belədir:

Türkiyə: Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, İran yaxınlığında gözləyən gəmi üçün icazə alınıb və gəmi boğazdan təhlükəsiz şəkildə keçib.

Pakistan: Pakistan bayraqlı “Karachi” adlı tanker bazar günü boğazdan keçərək Körfəzdən çıxıb.

Hindistan: İranın Hindistandakı səfiri bəzi Hindistan gəmilərinə istisna olaraq keçid icazəsi verildiyini təsdiqləyib. Hindistan tərəfi mayeləşdirilmiş qaz daşıyan iki tankerin təhlükəsiz şəkildə yoluna davam etdiyini açıqlayıb.

Çin: Enerji ehtiyacının 45%-ni bu marşrutdan təmin edən Çin, neft və Qətər mənşəli LNG daşıyan gəmilər üçün İranla danışıqları davam etdirir.

Fransa və İtaliya: Bu iki Avropa ölkəsinin də gəmilərinin keçidi üçün Tehranla əlaqə yaratdığı bildirilir.

Trampın hərbi koalisiya çağırışı cavabsız qaldı

ABŞ prezidenti Donald Tramp, Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyaya bölgəyə hərbi gəmilər göndərmə çağırışı edib.

Lakin bu ölkələrdən belə bir əməliyyata qatılmaq barədə razılıq verilməyib.

Almaniya və Yunanıstan hərbi müdaxiləni qəti şəkildə rədd edib. Böyük Britaniyanın baş naziri Keir Starmer isə ölkəsinin bu müharibəyə qoşulmayacağını bildirib.

Analitiklər qeyd edir ki, ABŞ müttəfiqlərinin əksəriyyəti əvvəldən bu müharibəyə qarşı olduqları üçün hərbi koalisiyaya dəstək vermək istəmirlər.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version