Greenwich Kral Rəsədxanası xəbərdarlıq edib ki, suallara və mürəkkəb problemlərə ani cavab verən süni intellekt alətləri insanları düşünmək, sorğulamaq və qiymətləndirmək vərdişlərindən uzaqlaşdıraraq onları tənbəlləşdirə bilər.
İngiltərənin ən qədim elmi qurumlarından biri olan Greenwich Kral Rəsədxanası süni intellektin sürətlə yayılmasına dair diqqətçəkən risk ssenarisini gündəmə gətirib.
Qurumun daxil olduğu muzey qrupunun direktoru Paddy Rodgers bildirib ki, texnoloji vasitələrin təqdim etdiyi hazır cavablara tamamilə asılı olmaq insan zəkasını və innovasiya qabiliyyətini zəiflədə bilər.
Rodgers vurğulayıb ki, bilik və peşəkarlığın əsasını təşkil edən sorğulama, araşdırma aparma və nəticələri dəyərləndirmə vərdişləri süni intellektin hər suala saniyələr içində cavab verdiyi bu yeni dövrdə yoxa çıxmaq riski ilə üz-üzədir.
“Maşınların etməyəcəyi ‘lazımsız’ kəşflər insanlığı irəli aparıb”
Astronomiya tarixindən misal gətirən mütəxəssislər bildirirlər ki, keçmiş alimlər səmanı araşdırarkən çox böyük həcmdə məlumat toplasalar da, o dövrdə “lazımsız” hesab edilə biləcək detallarla da məşğul olublar.
Bir süni intellekt alqoritminin və ya maşının heç vaxt etməyəcəyi bu əlavə araşdırmalar, qeydə alındıqdan 150 il sonra belə dünya dəniz naviqasiya sistemlərini yoxlamaq üçün kritik mənbəyə çevrilə bilib.
Süni intellektin təqdim etdiyi süzülmüş və sürətli nəticələrdən fərqli olaraq, insanın öz marağının ardınca gedərkən qarşılaşdığı gözlənilməz məlumatlar və təsadüfi kəşflər tarixdə ən böyük dönüş nöqtələrini yaradıb.
“Asan yol seçmək bilik mənbəyindən uzaqlaşdırır”
Süni intellektin elm dünyasındakı potensialı inkar edilmir. Zülal strukturlarını həll edərək Nobel mükafatı qazandıran AlphaFold2 kimi nailiyyətlər buna nümunədir. Təhsil sahəsində mütəxəssislər də süni intellektin ideyaları yoxlamaq və ya birgə həllər yaratmaq üçün əməkdaş alət kimi istifadəsini dəstəkləyir.
Lakin düşünmə prosesini tamamilə texnologiyaya həvalə etmək bu alətlərin sərhədlərini təhlükəli nöqtəyə gətirir.
Rəqəmsal mənbələrdə istifadəçilər əsas mənbəyə enib doğruluğu yoxlaya bildiyi halda, axtarış sistemlərinin və sosial media platformalarının zirvəsində yerləşən süni intellekt xülasələri insanları getdikcə daha çox təsdiqlənə bilən və yoxlanıla bilən məlumat mənbələrindən uzaqlaşdırır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

