Cənub-Şərqi Anadoluda, bozqırın ortasında yerləşməsinə baxmayaraq, Birecik Su Anbarı gölü sayəsində sahil şəhərini xatırladan görüntüyə malik olan Türkiyənin Halfeti rayonuna bu il 1 milyondan çox turistin gələcəyi gözlənilir.
Tarixi daş evləri və təbii gözəllikləri ilə Cənub-Şərqi Anadolunun “gizli cənnəti” adlandırılan rayonda turistlər xüsusilə bir hissəsi su altında qalmış “batıq şəhəri” qayıq turları ilə gəzirlər.
Su altında qalmış məscid minarəsi və tərk edilmiş qədim tikililərin yerləşdiyi, həmçinin Savaşan kəndi kimi tanınan ərazi ən çox maraq göstərilən məkanlardan biridir.
Ziyarətçilər qismən su altında qalmış Ulu Məscidi də ziyarət edir, eyni zamanda dünyada yalnız bu rayonda yetişən “Qaragül”ü görmək imkanı əldə edirlər.
Su altında qalan yaşayış məntəqələri turistlərin diqqət mərkəzindədir
Halfetinin kaymakamı və bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Sinan Korkmaz bildirib ki, rayon tarix boyu bir çox qədim sivilizasiyalara ev sahibliyi edib.
Onun sözlərinə görə, su altında qalmış yaşayış məntəqələri Halfetiyə gələn turistlərin ən çox üz tutduğu yerlərdən biridir.
Korkmaz deyib:
“Halfeti həm Qaziantepin, həm də Şanlıurfanın mədəniyyətini daşıyan bir rayondur və sanki bu iki şəhərin ortasında yerləşir. Yeməklərimizdə həm Urfanın, həm də Antepin təsirini görmək mümkündür. Badımcan kababı, pomidor kababı, soğan kababı ilə yanaşı, Halfetiyə məxsus meyvə kabablarımız da var. Hazırda həmin yeməklərin mövsümüdür. May və iyun ayları Halfetinin ən gözəl görünən dövrləridir.
Qayıq turları isə burada mütləq görülməli fəaliyyətlərdəndir. Turlar Halfeti Marinadan başlayır. Qonaqlar Qız Mağarasını, Rumkalanı, Savaşan kəndini, bəzi hallarda isə Çekem kəndini görmək imkanı əldə edirlər.”
TEKNOFEST-in təsiri gözlənilir
Korkmaz qeyd edib ki, bu il TEKNOFEST festivalının Şanlıurfada keçirilməsi ziyarətçi sayının artmasına müsbət təsir göstərəcək.
O bildirib:
“Halfeti ötən il 950 mindən çox qonaq qəbul edib. Bu il isə 1 milyon 200-250 min nəfər arasında ziyarətçi gözləyirik. Buraya gələn qonaqları ilk növbədə Halfeti sakinlərinin səmimiyyəti və gülərüzlülüyü qarşılayacaq. Bura həqiqətən də Türkiyədə, hətta dünyada görülməsi vacib olan məkanlardan biridir. Halfeti ‘Cittaslow’ (Sakit Şəhər) statusuna malikdir.”
Almaniyadan Halfetini gəzməyə gələn Soner Astarlı bildirib ki, rayonu sosial şəbəkələrdə görüb və çox maraqlandığı üçün buraya səfər edib.
O, bozqırın ortasında yerləşən Halfetini görməkdən böyük məmnunluq duyduğunu və hər kəsin bu yeri mütləq ziyarət etməli olduğunu deyib.
Halfetidə fəaliyyət göstərən sahibkar Zeki Özdilek isə ötən ilin turizm baxımından uğurlu keçdiyini bildirib.
Onun sözlərinə görə, turistlər artıq bu il də rayona gəlməyə başlayıblar:
“Halfetiyə gələn qonaqlar Fərat çayında qayıq turları ilə Rumkaleyə qədər gedə bilirlər. Daha sonra Savaşan kəndinə keçərək batıq məscidi və Qaragül istixanasını ziyarət edə bilərlər.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

