Türkiyədə gündəlik duz istehlakının tövsiyə olunan miqdardan təxminən iki dəfə çox olduğu bildirilir. Yeni araşdırmalar isə həddindən artıq natrium qəbulunun damar sağlamlığına mənfi təsirini yenidən gündəmə gətirib.
204 ölkəni əhatə edən genişmiqyaslı araşdırmada yüksək duz istehlakının insultdan ölüm riskinə təsir edən əsas qidalanma amillərindən biri olduğu müəyyənləşdirilib.
Həddindən artıq duz damarları sərtləşdirir
Yüksək natrium qəbulu qan təzyiqini yüksəltməklə yanaşı, damarların elastikliyini azaldır və ürək-damar xəstəlikləri üçün zəmin yaradır. Mütəxəssislərin sözlərinə görə, gündəlik natrium qəbulunun cəmi 1-2 qram azaldılması belə insultdan ölüm hallarının azalmasına əhəmiyyətli töhfə verir.
2017-ci ildə aparılan TBSA araşdırmasına əsasən, Türkiyədə gündəlik orta duz istehlakı 10,2 qram olub. Bu göstəricinin sağlamlıq üçün tövsiyə edilən miqdarın təxminən iki qatına bərabər olduğu bildirilir.
Həddindən artıq duz istehlakının hipertoniya, böyrək xəstəlikləri, osteoporoz, insulin müqaviməti, piylənmə və mədə xərçəngi kimi problemlərlə əlaqəli olduğu qeyd edilir.
Duzun növü fərq etmir
Araşdırmada vurğulanır ki, rafinə edilmiş, qaya, dəniz və ya Himalay duzu olmasından asılı olmayaraq, bütün duzlar natrium ehtiva edir. Buna görə də duzun “təbii” və ya “orqanik” olması onun həddindən artıq istifadəsini təhlükəsiz etmir.
Natrium orqanizm üçün vacib mineraldır. Sinir sisteminin fəaliyyəti, maye balansı və qan təzyiqinin tənzimlənməsində rol oynayır. Lakin gündəlik qida və su vasitəsilə kifayət qədər natrium qəbul edildiyindən əlavə duz istehlakına ehtiyac yaranmır.
Süfrədə duzu azaldın
Mütəxəssislər duz qəbulunu azaltmaqla yanaşı, təzə meyvə-tərəvəz, qoz-fındıq, paxlalılar və tam taxılların daha çox istehlak edilməsini tövsiyə edirlər. Bu qidaların tərkibindəki faydalı maddələrin damarların daxili səthinin — endotelin fəaliyyətini dəstəkləyə biləcəyi bildirilir.
Mütəxəssislərin əsas tövsiyəsi isə sadədir: süfrədə duzu azaldın, duzlu su içmək vərdişindən uzaq durun və istifadə etdiyiniz duzun yodlaşdırılmış olmasına diqqət edin.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

