Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya Gürcüstan polisi ilə birgə keçirilən əməliyyat nəticəsində “qırmızı bülleten”lə beynəlxalq axtarışda olan 12, milli axtarışda olan isə 2 nəfərin yaxalandığını açıqlayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Yerlikaya bildirib ki, əməliyyat Gürcüstanda aparılan araşdırmalar və axtarış nəticəsində müəyyən edilən şəxslərin yerləri əsasında həyata keçirilib. Tutulan şəxslərin Türkiyəyə ekstradisiyası prosesi başlanıb.
Onun məlumatına görə, saxlanılan şəxslər müxtəlif ağır cinayətlərdə, o cümlədən qəsdən adam öldürmə, ixtisaslı quldurluq, fırıldaqçılıq, narkotiklə əlaqəli cinayətlər və uşaq cinsi istismarı ilə əlaqədar beynəlxalq və milli axtarışda idilər.
Yerlikaya əməliyyatın illərdir davam edən əməkdaşlığın konkret nümunəsi olduğunu vurğulayaraq qeyd edib: “Hansı bülletenlə axtarılırlarsa axtarsınlar, hansı ölkəyə qaçıblarsa qaçsınlar, türk polisindən qaça bilməyəcəklər”.
Gundelik.az
