Gundelik.az Elm və təhsil Ədəbiyyat Göytürk öladları
Ədəbiyyat

Göytürk öladları

“Milli mənliyini bilməyən millətlər başqa millətlərin şikarıdır”

  M.K. Atatürk

    Son zamanlar Azərbaycanda türk millətinin tarixi üzrə aparılan elmi araşdırmalar nəticəsində müəyyən nailiyyətlər əldə edilmişdir. Lakin qədim mənbələrin azlığı və onların bir tərəfli tədqiqi türk millətini tarixinin subyektiv izahına gətirib çıxarmışdır. Əlbəttə, yazılı mənbələrin kifayyət qədər olması türk millətinin tarixinin bütün sahələrini və dövrlərini eyni səviyyədə tədqiq etməyə, qaranlıq məsələri işıqlandırmağa imkan verməz.

      Türkün xarakteri və psixologiyasının xüsusiyyətlərindən başda gələnlər bunlardır: hər bir türk demokratiya prinsiplərinə bağlıdır, intizam sevəndir, ailə və namus anlayışı onda müqəddəslik dərəcəsinə yüksəklmişdir, qonaqsevərdir, mütəvazidir, sülhsevərdir, fəqət Vətən və millət xidmətində daima bir əsgərdir.

    Türklərin bu bu yüksək insani və mədəni xüsusiyyətləri onların milli hərəkatındakı və millətlərarası münasibətlərindəki rolunu müəyyən etmişdir. Təbii və tarixi şərtlərin dəyişməsi ilə özündə yeni vətəndə yenə dövlətlər yaratmaq qüdrətini göstərməsi, başqalarında gördüyü kəşfləri qəbul edib yeni mədəniyyət nümunələri meydana gətirməsi bu xüsusiyyətlər sayəsindədir və bu xüsusiyyətlər sayəsində türk dünyanın bir çox bölgəsini işıqlandırmış, idarə etmişdir.

       Tarix insan cəmiyyətlərinin zaman və məkan təsbiti ilə həyat və mədəniyyətlərini araşdıran, bizə xəbər verən bir elm sahəsidir. Ümumiyyətlə, insanın fəaliyyət və təsəvvürünün cəmi olan tarix elmi şəkildə dövlətlər silsiləsi içərisində əmələ gəlmiş cəmiyyətlər ola bilməzlər. Bugünkü millətlərin hamısı tarix içərisində əmələ gəlmiş və inkişaf etmişlər.  Bəzi millətlər isə tarixin cürbəcür təhlükələri içərisində yox olub getmişlər.

    Tarixin qayəsi insanlığın maddi və mənəvi həyatını bildirmək, insanları təkrar yaşatmaq, keçmişi yenidən qurmaqdır. Əsas məqsəd bu günü dünənə bağlamaq, bu gün baş verən hadisələri keçmiş hadisələrin işığı altında şəhr etməkdir. Bu günü keçmişin hadisələri işıqlandırmaq əmin addımlarla doğru yolda irəliləmənin və həqiqəti anlamanın əsasını təşkil edir.

   Tarix ən geniş mənası ilə baş verən hadisələr deməkdir. Hər şeyin, dünyada baş verən dəyişikliklərin bir tarixi vardır. Nəyin nə zaman və harada baş verdiyini tarix qeyd edər.

    Tarix gəlib-keçmiş cəmiyyətlərin yaşayış və mədəniyyətlərini zaman, məkan və mənbə göstərərək anlatmağa çalışan bir elmdir. Gəlib-keçmiş dövlət adamları şöhrətli komandanlar daima tarix oxuyar, ondan ibrət alaraq hərəkət edərdilər. Məsələn, məşhur türk hökmdarlarlarından olan Yavuz Sultan Səlim xan boş vaxtlarında İskəndərin və Teymurun tarixini oxuyardı. Buna görə də deyə bilərik ki, Yavuz Sultan Səlim xan o böyük səfərlərində bir dəfə də olsun səhvə yol verməmişdir. Qısacası, tarix hökmdarların, millətləri idarə edənlərin ağıl verən müəllimidir.  Bu ağıl verən müəllimə müraciət etmədən, yəni tarixi araşdırmadan hərəkət edən millətlərin daima uçuruma yuvarlandıqları bir həqiqətdir.

   Bütün millətlər, xüsusilə də türklər atalarımızın mədəniyyətlərini, qəhrəmanlıqlarını, buraxdıqları səhvləri tariximizdən öyrənməli, sinəmizi qabardan tariximizlə öyünməliyik.

     Bilindiyi kimi, “türk” kəlməsi yer üzündə yaşayan millətlərdən Çin səddindən Adriatikə qədər uzanan sahəyə yayılan və Böyük Qandinin dediyi kimi, “Bu gün  belə Asiyanın şah damarınını təşkil edən” böyük bir millətin adıdır. Bu adı türklərin nə vaxtdan istifadə etdiklərini bir az sonra nəzərdən keçirəcəyik. Bundan əvvəl “türk” kəlməsinin nə mənaya gəldiyi, nəyə görə türklərin bu adı özləri üçün almış olduqları məsələsi üzərində duraq. Bu mövzuda klassik Şərq mənbələrində keçən qeydlərlə bərabər, bir çox elm adamları tərəfindən irəli sürülmüş müxtəlif fikirlər vardır. Bu məsələni elmi yollarla araşdıran və elmi nöqteyi-nəzərdən bir açıqlama verən macar elm adamlarından Vamberidir.  Onun Hüseyn Namik Orxonun “Türk sözünün əsli” adlı əsərindən  əldə etdiyimiz bir izahata görə, “türk” sözü törümək (türümük)=törəmək felindən çıxmışdır.  Necə ki, “yürümək” sözündən (Yürük) adı çıxmışsa, türümək felindən də “türük= türk” sözü çıxa bilər.  Bu kəlmənin keçmiş tələffüzü də əslində türükdür. Beləcə,  “türk” kəlməsinin  əslinin  türüməkdən  gələn “türük= türk” olduğu, “törəmiş adam” mənasına gəldiyi qəbul edilmişdir.

   Tarixdə türk adı ilə VI əsrin ortalarında qurulan türk dövlətinə (Göy-türklərə) çinlilər tukiu deyirdilər. Tu-kiu (və ya tuyku) “türk” kəlməsinin çincə tələffüz şəklindən başqa bir şey deyildir.

     Ən son olaraq Von Le Coq tərəfindən irəli sürülən, Nemeth, Müller, və Thomson kimi alimlər tərəfindən də qəbul edilən daha qəti bir açıqlama yolu vardır. Bu alimlər keçmiş uyğur mətnlərində “türk” kəlməsinin  nüfuzlu, güclü və qüdrətli mənasına gəldiyini görərək bu mənaya gələn “türk” kəlməsi ilə millət adı olan “türk” kəlməsinin   eyni olduğu qəbul edilmişdir.  Bu son izah şəklinə görə, əslində nüfuz, güc və qüdrət mənasına gələn türk kəlməsi millətimizin özünə yaraşan ad olmuşdur. Müxtəlif İran mənbələrində və ədəbiyyatında da “türk” sözü gözəl mənalarında ifadə olunmuşdur.

    İndi də bu milli adımızın tarix içərisində nə zaman ortaya çıxdığını, nə zamandan istifadə edildiyini və yayıldığını qeyd edək. Ümumiyyətlə, türk tarixi nəzərə alınacaq olsa, müxtəlif türksoylu qövm, nəsil və qəbilələr cürbəcür adlar almışlar. Bunlardan başqalarının üzərində hakim olan nəslin adı da geniş ölçüdə yayılmış olurdu. Belə ki, “türk” kəlməsinin yayılmasından əvvəl hakim nəsil adı olaraq Hun (Kun) adının çox yayğın olduğunu görürük. Türk dünyasında “türk” kəlməsindən əvvəl bunun yerini tutan kəlmə “hun” adlanır. Böyük Hun adı Şərqi və Orta Asiyadan Şərqi və Orta Avropaya qədər yayılmışdı.  Hətta Avropada Böyük Hun hakimiyyəti sona çatdıqdan sonra da hunlara tabe olan bir çox nəsillərə hunlar deyilməkdə davam edildiyini görürük. Çox geniş ölçüdə yayğın olan hun adı da daha sonra yerini “türk” kəlməsinə vermişdir.

    İlk dəfə türk adı ilə meydana çıxan və ümumi olaraq türklüyə ad verən hakimiyyətin göytürklərin olduğu qəbul edilir. Göytürklər tarix səhnəsinə altıncı yüzilin ortalarında çıxmış olduqlarına görə türk adının o zamandan bu yana istifadə edilməkdə olduğunu qəbul etmək lazımdır. Fəqət türk adının başqa bir söyləniş şəklinin keçmiş dövrlərdə də mövcud olduğunu göstərən şahidlər və izlər vardır.

  Bəzi mənbələrdə qeyd edilir: “Şimali Çində bir çox türkün Jonq və Türk  adları altında hələ m.ə. 1328-ci ildən  başlayaraq  ciddi bir siyasi qüvvət sifətilə mövcud olduqları, bu türklərin bir dəfə də m.ə.588-ci ildə, ikinci dəfə də 433-cü ildə Şimal-qərbi Çindən Monqolustana və Çunqarya tərəflərinə çəkilmiş olduğu  keçmiş  Çin mənbələrindən öyrəndiyimiz hadisələrdir.” Və yenə də bir çox alim yazıçılar tık adını həqiqətən, “tik” sözünün köhnə bir yazılış şəkli olduğunu irəli sürürlər. Yuxarıdakı  araşdırmalarımızı əsas alaraq, “tık” və “türk” sözlərinin  eyni adda  olduqlarına görə türk adının aid edildiyi göytürklərdən çox-çox əvvəl bu adı daşıyan türk nəslinin həyatda olduğu müşahidə olunur. Beləliklə, öyünərək deyə bilərik ki, milli adımız göytürklərdən iyirmi, zamanımızdan otuz dörd yüz il əvvəldən bəri istifadə olunur. Türk adıyla hakim bir nəsil olaraq tarixin səhnəsinə çıxan göytürklər Şərqdə Qadırğan dağlarından, Qərbdə Azak dənizinə qədər uzanan sahədəki eyni soydan və eyni qandan gələn, eyni dildə danışan, lakin başqa-başqa adlarla anılan bir çox nəsilləri öz hakimiyyətləri  altına aldıqda  türk adını  bunların  da  üzərinə damğalamışlar. Beləcə, geniş ölçüdə yayılan, yerləşən bu adı bir çox türk nəsilləri, boyları getdikləri və ya köçdükləri yerlərə də özlərinin boy və nəsilləri ilə bərabər aparmışlar. Türk adı digər boy və nəsil adlarının üstündə eyni vəsflərə sahib olan insanların milli adı olaraq yerləşmiş və kökləşmişdir. Ancaq türklərdə toplu adlar, yəni soy, boy, qəbilə, və qövm adları, özbək, noqay, qırğız və başqa ad vermə üsulu qəbilə və millətlərə  də tətbiq edilmişdir.

     Bəzi alimlər türklərin mələz, qarma-qarışıq bir irq olduğuna inanırlar… İlk türklərin m.ə. 4000-ci illərdə az-çox toparlanan şümerlər olduğuna, Şimali Asiyanın bir ucundan digər ucuna qədər uzanan bu qövmün türkcə danışdığına inanmalıyıq. Sakaların və iskitlərin də əslində hunların bir qismi olduqları və Qərbdə bəzi Hind-Avropa ünsürlərini içinə alsa belə, çoxunun da iradəçi təbəqələrin türk olduqları şübhəsizdir.

    Tarixin ilk mədəniyyətlərində atalarımız böyük rol oynamışlar. Çinin ilk çağları da, Misirin quruluş illəri də buna şahidlik edirlər. Fəqət o mədəniyyətlər də türk mədəniyyəti deyildir, sadəcə onların quruluşlarında bir payı olmuşdur. Buna müqabil şümer mədəniyyəti tamamilə atalarımızın əsəridir.

    Göytürk imperatorluğu (m.552-745-ci illər)

   Orta Asiyada Türk adıyla əhəmiyyətli bir dövlət qurmuş olan göytürklərin kökü miladdan əvvəlki yüzillərdə Tiyan-Şanh dağları bölgəsində sakalara qonşu olaraq yaşayan və Bozqurd ənənəsinə bağlı olan uzunlara varmaqdadır. Bunlar sonradan Orta Asiya Böyük Hun imperatorluğuna tabe olmuşlar. Hun imperatorluğunun parçalanmasından sonra da Altay dağları arasında türk ənənəsinin Ergenekon adını verdiyi vadilərdə yaşayırdılar.  Bu türklər Vəsrin əvvəllərində Orta Asiyada bir dövlət qurmuş olan cucenlərin hakimiyyəti altına girmişlər. VI əsrin ortalarında başlarında dəyərli qəhrəman Tümen (Bumin) olmaqla, monqol soyundan olan cucenlərə qarşı üsyan edərək bunların hakimiyyətini ortadan qaldırmışlar, və paytaxtı Ötüken olmaqla güclü bir dövlət qurmuşlar. (552-ci il).

 Qısa bir zamanda genişlənən Göytürk dövləti müxtəlif türk qollarını öz cəmiyyəti içərisinə alaraq güclü bir türk birliyi meydana gətirdi. Bumindən sonra oğlu Muham xan da sərhədlərini daha çox genişləndirmiş, VI əsrdə Göytürk dövləti şərqdə Koradan, qərbdə Azak (Azov) dənizinə qədər uzanan böyük bir imperatorluq halına gəlmişdi.

     Hələ başlanğıcda Bumin xan qardaşı İstəmini yabqu ünvanı ilə qərbdə Onboy türklərin üzərinə göndərmiş bunların idarəsini ona buraxmışdı. Beləcə, idarə ikiyə bölünmüşdü. Bununla bərabər qərb yabqu yenə şərqə bağlı idi.  587-ci ildə bu bağ pozuldu. Göytürk imperatorluğu şərq və qərb olmaqla iki dövlət halına gəldi.

     Qərb Göytürk dövləti çinlilərin bəylər arasına fəsad qarışdırmalarıyla meydana gələn daxili davalar üzündən 659-cu ildə dağıldı. Bu sahədə hakimiyyət   Qərb Göytürk birliyini təşkil edən Onboy türklərinin bir qolu olan türkeşlərə keçdi. Bunların zamanında türk-ərəb döyüşləri başlamış, Türkeşlərdən Sulu xan bu mücadilələrdə böyük faydalar göstərmişdir. Daha sonra türkeşlər hakimiyyəti də yenə Göytürk birliyinə daxil olan digər bir türk qolu olan karlukların əlinə keçdi.

  Şərqi Göytürk dövlətinə gəlincə, 653-cü ildə bunların məmləkətinə bir ara çinlilər girmişdilər. Şərqi Göytürklərin başına keçən tanınmış qəhrəman Kutluq xan çinlilərə qarşı üsyan təşkil edərək istiqlal müharibəsində özlərinə qatılan qiymətli dövlət adamı Tonyukukun da yardımı ilə türkləri Çin boyundurluğundan qurtarmışdı (681-ci il). Beləcə, yenidən canlanan Göytürk hakimiyyəti qısa bir zamanda keçmiş böyüklüyünü və qüdrətini qazanmış, hətta öz böyüklüyünü və qüdrətini Çinə bildirəcək dərəcədə güclənmişdi. Kutluq xandan sonra iqtidara Kapaqan və Bilge xan kimi güclü və bacarıqlı hökmdarlar gəldilər.  Bilge xan zamanında ordu komandanı olan qardaşı Gültikin də böyük və faydalı qələbələrilə məşhur olmuş bir qəhrəmandır. Bütün bunlara baxmayaraq, o zamanlar baş verən daxili qarışıqlıqlar nəticəsində zəifləyən Şərqi Göytürk (Kutluq) dövləti 745-ci ildə yenə türk qollarından olan uyğurlar və karlukların hücumu ilə dağıldı.

     Monqolustanın şimalında Orxon çayı ətrafında göytürklərə aid bir çox qiymətli kitabələr (yazıtlar) tapılmışdır. Orxon kitabələri adıyla şöhrət qazanan bu əsərlər VIII əsrdə göytürklərin Kutluk sülasəsi zamanında meydana gətirilmişdir. Otuz səkkiz hərfdən ibarət əlifba ilə yazılmış bu əsərlərin ən əhəmiyyətlisi –Tonyukuki kitabəsi ilə 732-ci ildə Gültikin və 735-ci ildə Bilge xan adına tikilmiş monumentlərdir. Bunlardan başqa Orxon və Yenisey bölgəsində istər göytürklər, istərsə də, uyğurlar dövründə yazılmış daha bir çox yazılı əsərlər tapılmışdır. İlk dəfə XVIII əsrin əvvəllərində Poltova müharibəsində ruslara əsir düşüb bu tərəflərə sürgün edilən bir isveç zabiti tərəfindən kəşf edilmişdir.  Bu Orxon kitabələrini oxumaq üçün bir çox alimlər tədqiqat işləri aparmışlar. 1893-cü ildə danimarkalı alim Vilhelm Thomson bunları oxumağa müvəffəq olmuşdur. İşlək bir dil və ədəbi üslubda yazılmış olan bu əsərlər Türk dünyasının tarixi baxımından əhəmiyyətli olduğu qədər türk milliyyətinin mədəniyyəti və dili baxımından da yüksək dəyər daşımaqdadır.

   Tarixi çağlarda türklər-Türklər müxtəlif adlarla müxtəlif qollara ayrılmışlar. Bu ayrılmalar daha çox ilk köçəri həyatına uyğun olan bir haldır. Müxtəlif sahələrdə ayrı-ayrı rəhbərlər ətrafında toplanan qruplar başqa-başqa adlar altında  ayrı-ayrı tayfalar təşkil etmişlər. Bunlar öz iqtisadi və əsgəri qüdrətləri ilə böyük türk aləmi içərisində başlı-başına siyasi bir mənzumə təşkil etmişlər. Böyük xalqlar da müxtəlif boylara və tayfalara ayrılmışlar. Tarix boyunca çox əhəmiyyətli siyasi varlıqlar yaratmış bir çox türk xalqları müşahidə olunmaqdadır. Bunların çoxu bacarıqlı komandalar idarəsində digər bir çox xalqları və boyları da hakimiyyəti altına alaraq ayrı dövlətlər və imperatorluqlar qurmuşlar. Güclü bir quruluş olaraq ortaya çıxan dövlətlər ya hakim xalqın adını daşımış, ya da qurucu sülaləyə nisbət edilmişlər. Türklərin bugünkü vəziyyətlərinə və yayılmalarına gəldikdə isə deyə bilərik ki, onlar tarixi dövrlər içərisində bir çox ölkələrə yayılaraq onlarda hakimiyyətlər qurduqlarına görə bu gün müxtəlif ölkələrə səpələnmiş haldadırlar. Onların böyük bir qismi tarixi yurdları olan Orta Asiyada, şərqi və qərbi türk bölgələrində, Şərqi Avropa və Urallar ətrafında yaşayırlar.  Bu gün türklüyün mühüm bir qolu, Anadolu və Şərqi Trakiya türk ana yurdunda, güclü siyasi varlığımız içərisində milli bir cəmiyyət halındadırsa da, bir çoxu tarixi və siyasi zərurətlərə görə başqa-başqa siyasi dairələr içərisində qalmışdır. Türklər bir çox sahələrdə və bölgələrdə bir-birilə qarışmış, qaynaşmış olduqları kimi, bir çoxları da müxtəlif tayfa və boy adlarını yaşadaraq müxtəlif qollara ayrılmışlar. Bunların başlıcaları və yayılma sahələri ilə türklərin ümumi balansını bu şəkildə nəticələndirə bilərik:

1-Türkiyə türkləri: oğuz və türkmən kimi qollar başda olmaqla, müxtəlif qolların və tayfaların qaynaşmasından meydana gəlmiş bir cəmiyyətdir. Türkiyə sərhədləri içərisində əsaslı bir varlıq təşkil edir.

2- Azərbaycanlılar: Qafqazda, İranda və Türkiyədə topluluq halında tyaşayırlar.

3-Türkmənlər: Türkiyədə, Qərbi Türk vilayyətlərində, Hive və Buxara ətrafında, Şərqi Avropada, Qafqazda, İran və Əfqanıstanda yaşayırlar.

4- Qazax və qırğızlar: Rusiyada, Böyük Qıpçaq bozqıranlarında, Tiyan-Şan dağları bölgəsində və Çində yaşayırlar.

5- Özbəklər: Qərbi Türk vilayətlərində, Hive və Buxarada, Daşkənddə, Fəqanədə və Əfqanıstanda yaşayırlar.

6- Tatarlar: Anadoluda, Türküstanda, Astraxanda, İtil boyları və Qazan ətrafında, Krım və Polşada yaşayırlar.

7-Noqaylar: Şimali Qafqazda, Krım və Polşada yaşayırlar.

8- Başqırlar: Cənub və Orta Ural dağlarının Şərq və Qərbindəki sahələrdə yaşayırlar.

9- Çuvaşlar: Cənub və şərqi Rusiyada, İtil ətrafında və Başqırlar ölkəsində yaşayırlar.

10- Kumuklar: Şimali Qafqazda və Dağıstanda yaşayırlar.

11- Yakutlar və dolqanlar:  Sibirdə yaşayırlar.

12- Baraba və tobol türkləri: Sibirdə yaşayırlar.

13- Qaraçaylar: Şimali Qafqazda və Qurban çayı bölgələrində yaşayırlar.

14- Öz Altaylar, teleütlər və telengitlər: Altaylar bölgəsində yaşayırlar.

15-Turablar və şorlar (yaxud orman tatarları): Altay dağları ilə Yenisey arasında yaşayırlar.

16- Mişerlər və tipterlər: Qazan ətrafında və Başqırdıstandayaşayırlar.

17- Qaraqalpaqlar: qıbçaq və bozqırları ilə Sırdərya və Hive ətrafında yaşayırlar.

18: Soyutlar (Uranhanlar):  Monqolustanda yaşayırlar.

19- Saqaylar koybullar, belterlər, qaçlar (Kaş) və klızıllar: Abakanlarda yaşayırlar.

20- Uyqurlar və sar uyqurlar: Şərqi Türk vilayətində və Çinin Şimal-şərqində yaşayırlar.

21- Qaşqarlar, asfarlar və qacarlar: İranda yaşayırlar.

22- Qağauzlar: Basarabiyada (Ruminya, Rusiya) yaşayırlar.

23- Qarayimlər (Müsəvi Xəzrlər): Krımda və Rusiyanın digər bir çox yerləri ilə Polşada yaşayırlar.

Türkün xasiyyəti- Türklər insanlığın ən yaxşı xüsusiyyətlərini özlərində toplamış və dünyada özlərini tanıtmış bir millətdir. Onlar mərdlik və igidlik nümunəsidirlər. Hiylə və yalanı şərəfsizlik sayarlar. Doğruluqdan ayrılmaz, comərdliyi sevərlər. Gözləri, könülləri tox, ürəkləri təmiz, çox cəsur, fədakar və mülayimdirlər. Yaxşılıq qarşısında əngin bir dəniz, pislik qarşısına isə dalğalar kimi kükrər, dəhşət saçarlar. Könülləri şən, söhbətləri dadlıdır, özlərinə toxunulmadıqca başqalarına zərərli olmaz. Vətən türklər üçün ən müqəddəs bir varlıqdır. Türklərdə ailə müqəddəs bir varlıqdır. Türklə hər zaman hakim və müstəqil olaraq yaşamağa alışmışlar. Bunları onlardan ayırmağa çalışmaq ildırıma toxumaq qədər qorxunc, bir ananı övladından ayırmaq kimi acıdır. Türklərdə böyüklərə hörmət etmək ən təmiz bir tərbiyyə nümunəsidir. Bütün bunların üstündə türklərə xas bir ləyaqət daha vardır, o da əsgər olmaqdır. Türklər tarix boyunca ən cəsur əsgər və ən cəsur döyüşçü olaraq tanınmışlar və tarixə bu yüksək hürriyyətlərini həkk etmişlər. Bunu öyrənmək üçün tarixə nəzər salmaq yetərlidir. Türk gücü və türk qüdrəti hər zaman cahanı titrətmişdir.

     Türkün məziyyətləri saymaqla tükənən deyildir. Bütün bunların şahidi türklərin böyük tarixi və özləridir.

   1991-ci ilə kimi dünyada yalnız bir türk dövləti mövcud idisə, artıq sosializm sistemi dağıldıqdan sonra altı müstəqil ölkə Avropa və Asiya ölkələri arasında Türk Dünyasının yerləşdiyi məkanı-geopolitik türk qurşağını formalaşdırır. Gücünü tarixdən alan ortaq dini-mənəvi dəyərlərə malik Türk Dünyası siyasi-iqtisadi müstəvidə tam bütövləşməsə də, zəngin təbii sərvətləri, Böyük İpək Yolu üzərində yerləşməsi, yaxın qonşu ölkələrə nümunə olacaq müasir dövlət quruculuğu yolunu tutması baxımından dünyanın diqqət mərkəzindədir.   Müstəqilliyə qarşı yönəlmiş müxtəlif təhdidlərə baxmayaraq, türk dövlətləri dünyaya inteqrasiya oluna bildi və hazırda regional münasibətlərdə xüsusi çəkiyə malikdirlər.

Aynur Turan

Gundelik.az

                 

Exit mobile version