“European Heart Journal” jurnalında dərc olunan yeni araşdırmaya görə, gecə yuxu zamanı işığa məruz qalmaq ürəyin quruluşunda və fəaliyyətində potensial zərərli dəyişikliklərə səbəb olur.
Əvvəlki tədqiqatlar gecə işıqlı mühitdə yatmağın koronar arteriya xəstəliyi, infarkt, ürək çatışmazlığı və insult riskinin artması ilə əlaqəli olduğunu göstərib. Yeni araşdırma isə gecə işığının ürəyin quruluşuna və fəaliyyətinə necə təsir etdiyini araşdıran ilk tədqiqatlardan biridir.
Tulane Universitetinin tədqiqatçısı doktor Lu Qi bildirib ki, ürəkdə müşahidə olunan struktur dəyişiklikləri gecə vaxtı həddindən artıq işığa məruz qalma ilə əlaqələndirilən ürək-damar problemlərinin artmasına dair mümkün izah verir.
Tədqiqatda ürək-damar xəstəliyi olmayan 11 071 nəfərin məlumatları araşdırılıb. İştirakçılar biləklərində işıq və hərəkət sensorları daşıyıb, bir neçə il sonra isə ürəyin maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçirilib.
Gecə demək olar ki, heç bir işığa məruz qalmayan şəxslərlə daha güclü işıq təsirinə məruz qalan iştirakçılar müqayisə edilib. Pəncərədən daxil olan küçə işıqları, elektron saatların göstəriciləri və elektron cihazların LED işıqları mümkün işıq mənbələri kimi göstərilib.
Nəticələrə görə, ən çox işığa məruz qalan şəxslərdə qaranlıq otaqda yatanlarla müqayisədə ürəyin sol mədəciyinin ölçüsü orta hesabla 2,4 faiz daha böyük, ürək divarı 1,5 faiz daha qalın olub. Həmçinin ürəyin yığılma qabiliyyətində 1,9 faiz azalma müşahidə edilib.
Araşdırmada ən yüksək işıq məruz qalması qrupunda ürək çatışmazlığı riski 29 faiz, infarkt riski 24 faiz, insult riski 33 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 26 faiz daha yüksək olub.
Mütəxəssislər gecə işığının təsirini azaltmaq üçün qalın və işıq keçirməyən pərdələrdən istifadə etməyi, yataq otağında isti tonlu zəif işıqlandırmaya üstünlük verməyi və elektron cihazların kiçik LED göstəricilərini söndürməyi tövsiyə edirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

