Müasir dövrdə dövlətlərin davamlı inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, insan kapitalının keyfiyyəti, gənclərin cəmiyyətə inteqrasiyası, sahibkarlıq mühitinin sağlamlığı və elmi-texnoloji tərəqqiyə uyğunlaşma səviyyəsi ilə ölçülür. Qlobal dəyişikliklər fonunda Azərbaycan da bu çağırışlara adekvat cavab verməyə çalışır. Gənclərin təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi, rəqəmsallaşma və süni intellektin tətbiqi dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer alır.
Bu mövzular ətrafında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Gundelik.az-a müsahibə verib.
– Gənclərin təhsil və iş imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirləri necə dəyərləndirirsiniz?
— Gənclərin inkişaf etdirilməsi və dövlət idarəetmə sistemində yaxından iştirakının təmin olunması istiqamətində ardıcıl dövlət proqramları icra olunur, mühüm addımlar atılır. Son illərdə ölkədə təyin olunan kadrların yaş göstəricilərinə diqqət yetirdikdə, əsasən gənclərin üstünlük təşkil etdiyini müşahidə edirik.
Gənclərin işlə təmin olunmasının əsas şərti onların ixtisaslı mütəxəssis kimi formalaşdırılması, bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsidir. Bu məqsədlə xüsusi proqramlar həyata keçirilir. Xaricdə təhsil proqramı çərçivəsində minlərlə gəncimiz dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır və əldə etdikləri bilikləri ölkəmizin inkişafına yönəldirlər.
Eyni zamanda gənclərin müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişdirilməsi üçün onların fərdi bacarıqlarının üzə çıxarılması istiqamətində layihələr icra olunur. Dövlət dəstəyi ilə startapların maliyyələşdirilməsi gənclərin innovativ ideyalarının istehsalatda tətbiqinə şərait yaradır.
Bununla yanaşı, peşə təhsilinin inkişaf etdirilməsi və ixtisasartırma kurslarının genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Dövlətin bu sahəyə verdiyi dəstək gənclərin iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmasında həlledici rol oynayır. Ümumilikdə, gənclərin inkişafı ilə bağlı həyata keçirilən proqramlar müasir mütəxəssislərin formalaşmasına və məşğulluğun təmin olunmasına ciddi töhfə verir.
– Sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün hansı dəyişikliklər vacibdir?
— Sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə mühüm islahatlar aparılıb və əlçatanlıq xeyli asanlaşdırılıb. Bu islahatları hüquqi və inzibati mexanizmlərin təkmilləşdirilməsi, maliyyə resurslarına çıxışın genişləndirilməsi, vergi və gömrük siyasətinin liberallaşdırılması, rəqabət mühitinin gücləndirilməsi, insan kapitalının və innovasiyanın təşviqi kimi istiqamətlərdə qruplaşdırmaq olar.
Xüsusilə qeyd etmək istərdim ki, 1 yanvar 2026-cı ildən Vergi Məcəlləsinin 45 maddəsində edilmiş 145 dəyişiklik qüvvəyə minir. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin daha bir il uzadılması, sənaye parkları, sənaye məhəllələri və aqroparklarda fəaliyyət göstərən sahibkarlara infrastruktur təminatı və güzəştlərin verilməsi, işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında vergi güzəştləri biznesin inkişafına mühüm dəstəkdir.
Bununla belə, qanunvericilikdə yumşalmaların davam etdirilməsinə, güzəştli kreditlərə çıxışın daha da artırılmasına ehtiyac var. Çünki neft resurslarının tükənməsi fonunda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioriteti olaraq qalmalıdır. Hədəfimiz yaxın illərdə iqtisadiyyatın neftdən asılılığını minimuma endirməkdir və bu prosesdə sahibkarlığın rolu həlledicidir.
– Deputat kimi fəaliyyətinizdə sizi ən çox ruhlandıran məqam hansıdır?
— Sahibkarlığın inkişafına yönəlmiş vergi və gömrük qanunvericiliyində edilən dəyişikliklər, yoxlamaların dayandırılması müddətinin uzadılması bizi xüsusilə ruhlandırır. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini kimi bu sahədə qəbul olunan hər bir qanun və atılan hər bir addım bizim üçün böyük stimul mənbəyidir.
Əgər biz öz əməyimizlə ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artmasına az da olsa töhfə verə biliriksə, bu bizim üçün böyük qürurdur. Çünki hər bir dövlətin əsas dayaqlarından biri vergi sistemidir və inkişaf etmiş sahibkarlıq dayanıqlı iqtisadiyyatın təminatıdır.
– Son vaxtlar üzərində çalışdığınız qanunvericilik təşəbbüsləri barədə nə deyə bilərsiniz?
— Sahibkarlara demək istəyirəm ki, ölkəmizin qanunvericilik bazası yüksək beynəlxalq standartlara cavab verir. Lakin bəzi sahibkarların qanunları kifayət qədər bilməməsi korrupsiya və kölgə iqtisadiyyatına meyli artırır.
Bu baxımdan əsas tövsiyəm ondan ibarətdir ki, hər bir sahibkar fəaliyyət göstərdiyi sahənin hüquqi bazasını dərindən öyrənsin. Qanunlara uyğun və şəffaf fəaliyyət göstərən sahibkarın nə dövlətdən, nə də gələcəkdən qorxusu olur. Şəffaflıq ilk baxışdan çətin görünsə də, ən düzgün və dayanıqlı inkişaf yoludur.
– Rəqəmsallaşma və süni intellekt elmi inkişaf üçün hansı yeni imkanlar yaradır?
— Rəqəmsallaşma və süni intellekt artıq dövrün zəruri tələbinə çevrilib. Bu sahələrin inkişafı elmi tədqiqat proseslərini sürətləndirir, yeni kəşflərin yaranmasına, qlobal əməkdaşlıqların qurulmasına və resurslara qənaət edilməsinə şərait yaradır.
Rəqəmsallaşmış sahələrdə rentabellik və icra sürəti artır, insan əməyinin istiqamətləri dəyişir və yeni peşələr formalaşır. Bu baxımdan süni intellekt və rəqəmsal texnologiyalar elmi fəaliyyətin səmərəliliyini yüksəldir, innovativ inkişaf üçün möhkəm zəmin yaradır.
Müsahib: Milli Məclisin deputatı Azər Badamov
Hazırladı: Gundelik.az xəbər portalının təsisçi-baş redaktoru Aynur Turan
Gundelik.az

