Fransa hökuməti bildirib ki, iyun ayında ölkəni təsiri altına alan güclü isti hava dalğası zamanı cəmi bir həftə ərzində əvvəlki illərin orta göstəricisi ilə müqayisədə 2025 nəfər daha çox həyatını itirib.
Fransanın səhiyyə naziri Stephanie Rist açıqlayıb ki, 22–28 iyun tarixlərində qeydə alınan ölüm sayı əvvəlki həftə ilə müqayisədə 30 faiz artıb. Nazirin sözlərinə görə, həmin dövrdə isti hava dalğası səbəbindən əlavə ölüm halları əhəmiyyətli dərəcədə yüksəlib.
Bundan əvvəl Fransa Səhiyyə Nazirliyi də 24–28 iyun tarixlərində isti hava ilə əlaqədar təxminən 1000 əlavə ölüm qeydə alındığını bildirmişdi.
İyun ayında təxminən iki həftə davam edən ekstremal istilər nəqliyyat, səhiyyə, təhsil və istehsal sahələrində ciddi çətinliklər yaradıb. Paytaxt Paris şəhərində isə 26 iyun tarixində təkcə bir gün ərzində 109 nəfər isti hava səbəbindən həyatını itirib.
Meteoroloqların proqnozuna görə, gələn həftədən etibarən Fransa ərazisində yeni isti hava dalğasının müşahidə olunacağı gözlənilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
