Fransa Milli Assambleyası İsrail ilə Avropa İttifaqı arasında qüvvədə olan Tərəfdaşlıq Sazişinin dayandırılması ilə bağlı qərar layihəsini rədd edib.
Fransa mediasının yaydığı məlumata görə, sənəd Milli Assambleyanın Avropa İşləri Komissiyasında müzakirəyə çıxarılıb. Gərgin keçən iclasdan sonra keçirilən səsvermədə solçu deputatların dəstəklədiyi layihə ifrat sağ və mərkəz sağ partiyaların səsləri ilə qəbul olunmayıb.
Yaşıllar Partiyasının deputatı Sabrina Sebaihi səsvermədən sonra qərarı sərt tənqid edib. O bildirib ki, layihənin əleyhinə səs vermək üçün komissiyanın üzvü olmayan deputatlar da iclasa qatılıblar.
Sebaihi Fransanın beynəlxalq və humanitar hüquqa hörmət etməli olduğunu vurğulayaraq, İsrailin Qəzza və Livandakı hərbi əməliyyatlarına diqqət çəkib. O, “Siz burada sakit oturduğunuz halda uşaqlar ölür, qadınlar ölür, xəstəxanalar fəaliyyət göstərə bilmir” deyə bildirib.
Fransız deputat İsrailin hərəkətlərinə baxmayaraq sazişin dayandırılmaması barədə qərarı “iyrənc” adlandırıb.
Bundan əvvəl Avropa İttifaqına üzv bəzi ölkələr İsrailin insan hüquqları və beynəlxalq hüquq pozuntularına görə Tərəfdaşlıq Sazişinin tam və ya qismən dayandırılmasını təklif etmişdi. Lakin belə bir qərarın qəbul edilməsi üçün Aİ-yə üzv bütün ölkələrin yekdil razılığı tələb olunur.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

