Fransa parlamenti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu qəbul edib. Qanun 2027-ci ilin yanvarından tam qüvvəyə minəcək və Fransa bu cür qadağanı tətbiq edən ilk Avropa ölkəsi olacaq.
Yeni qaydalara əsasən, Fransada sosial şəbəkələrdən istifadə etmək istəyən hər kəs yaşını təsdiqləməli olacaq. Qərar uşaqların psixi sağlamlığının qorunması məqsədilə qəbul edilib. Böyük Britaniya və Avropa İttifaqında da oxşar məhdudiyyətlər hazırlanır.
Fransa Prezidenti Emmanuel Makron qanunu alqışlayaraq bildirib ki, bu təşəbbüs onun prezidentliyi dövründə verdiyi əsas vədlərdən biri idi.
Qanun iki mərhələdə tətbiq olunacaq:
2026-cı ilin sentyabrından etibarən 15 yaşdan kiçik şəxslər yeni sosial media hesabı aça bilməyəcək və bütün yeni hesablar üçün yaşın təsdiqlənməsi məcburi olacaq.
2027-ci ilin yanvarından isə bu tələb mövcud bütün hesablara da şamil ediləcək. Beləliklə, Fransadakı bütün istifadəçilər sosial şəbəkələrə daxil olmaq üçün 15 yaşdan yuxarı olduqlarını təsdiqləməli olacaqlar.
Qanuna əsasən, sosial media platformaları Fransa məxfilik tənzimləyicisi tərəfindən təsdiqlənmiş yaş yoxlama sistemlərindən istifadə etməlidirlər.
Bununla belə, tənqidçilər yaş təsdiqləmə texnologiyalarının etibarlılığı, şəxsi məlumatların qorunması və uşaqların bu məhdudiyyətləri müxtəlif üsullarla keçə bilməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Fransa rəqəmsal məsələlər naziri Anne Le Hénanff isə yaş yoxlama texnologiyalarının artıq mövcud olduğunu və təhlükəsiz işlədiyini bildirib.
Fransa bu addımı atan ikinci ölkədir. İlk belə qadağanı Avstraliya tətbiq edib. Lakin Avstraliyanın Elektron Təhlükəsizlik Komissiyasının məlumatına görə, qadağaya baxmayaraq, 16 yaşdan kiçik uşaqların təxminən 70 faizi hələ də müəyyən formada sosial şəbəkələrə çıxış əldə edə bilir.
Mütəxəssislər hesab edirlər ki, Fransada bütün istifadəçilər üçün yaş təsdiqlənməsinin məcburi olması qanunun effektivliyini artıra bilər. Bununla yanaşı, bu yanaşmanın məxfilik risklərini yüksəldə və bəzi yeniyetmələri daha az tənzimlənən onlayn platformalara yönəldə biləcəyi də vurğulanır.
Avropada uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması istiqamətində təşəbbüslər son aylarda sürətlənib. Böyük Britaniya 2027-ci ilin yanvarından etibarən 16 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan etməyi planlaşdırır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də uşaqların sosial mediaya çıxışının gecikdirilməsini nəzərdə tutan yeni qanunvericilik təşəbbüslərinin hazırlanacağını açıqlayıb.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

