Filippinli bir qadın jurnalist terrorçuluğun maliyyələşdirilməsində təqsirli bilinərək azı 12 il həbs cəzasına məhkum edilib. Mətbuat azadlığı müdafiəçiləri bu qərarı “ədalətin təhqiri” adlandırıblar.
26 yaşlı Frenchie Mae Cumpio 2020-ci ilin fevralında hərbçilər gecə yarısı onun kirayə qaldığı evə reyd keçirəndən sonra həbs olunub. İddialara görə, onun yatağında əl qumbarası, odlu silah və kommunist bayrağı tapılıb.
Hüquq müdafiə təşkilatları isə bu ittihamların uydurma olduğunu və Cumpionun polis və ordunu tənqid edən reportajlarına görə “qırmızı damğalanmağa” (yəni, təxribatçı kimi təqdim edilməyə) məruz qaldığını bildiriblər.
Müşahidəçilər deyirlər ki, jurnalistlərin və fəalların “qırmızı damğalanması” 2016–2022-ci illərdə narkotiklərə qarşı qanlı mübarizə aparmış keçmiş prezident Rodriqo Duterte dövründə daha da güclənib.
Cümə axşamı, altı il məhkəməsiz həbsdə saxlanıldıqdan sonra Cumpio qanunsuz silah və partlayıcı maddə saxlama ittihamlarından bəraət alıb, lakin terrorçuluğun maliyyələşdirilməsi maddəsi ilə təqsirli bilinib.
Onu azı 12 il həbs cəzası gözləyir. Onun keçmiş otaq yoldaşı Marielle Domequil də eyni ittihamla məhkum edilib. AFP xəbər agentliyinin məlumatına görə, hökm oxunarkən hər iki qadın göz yaşlarına boğulub və bir-birini qucaqlayıb.
Cumpionun vəkillərindən biri, vəkil Josa Deinla BBC-yə deyib: “Bu hökmün nəticələri bizi dərindən narahat edir. Çünki ölkə üzrə hələ də baxılan və mənim fikrimcə, uydurma olan terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı çoxlu iş var.”
O əlavə edib: “Bu qərarın acı həqiqəti odur ki, icma jurnalistikası üçün çox ağır nəticələr doğurur. Çünki məhz böyük media qurumlarına aid olmayan, ucqar bölgələrdə çalışan jurnalistlər kənd yerlərində yaşayan ən yoxsul insanların vəziyyətini üzə çıxarırlar.”
Həbsindən əvvəl Cumpio Filippinin Şərqi Visayas bölgəsində ordu və polis tərəfindən törədilən sui-istifadələr barədə mütəmadi reportajlar hazırlayırdı. O, keçmiş direktoru olduğu Eastern Vista xəbər saytında yazılar dərc edir və Aksyon Radyo-Tacloban DYVL radiosunda aparıcılıq edirdi.
Onun işi mətbuat azadlığı təşkilatları və QHT-lərin diqqətini cəlb edib. Onlar ittihamların “uydurma”, saxlanma şəraitinin isə “qeyri-insani” olduğunu bildiriblər.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Asiya–Sakit okean üzrə direktoru Beh Lih Yi cümə axşamı verilən qərarı pisləyib: “Bu absurda hökm prezident Ferdinand Markos Juniorun mətbuat azadlığını qorumaqla bağlı verdiyi vədlərin boş sözlərdən ibarət olduğunu göstərir.”
O əlavə edib: “Bu qərar Filippin hakimiyyətinin tənqidi jurnalistikanı susdurmaq üçün nə qədər irəli getməyə hazır olduğunu nümayiş etdirir.”
Müstəqil media qurumu Altermidya da qərarı “ədalətsizliyin bariz nümunəsi” adlandırıb.
Bəyanatda deyilir: “Frenchie Mae, Marielle Domequil və Tacloban Beşliyi adlanan qrupun digər üzvlərinə qarşı irəli sürülən ittihamların uydurma olduğunu göstərən açıq dəlillərə baxmayaraq, bu qərar bizi qəzəbləndirir.”
“Tacloban beşliyi” termini Cumpio, Domequil və Tacloban şəhərində onlarla birlikdə ittiham olunan daha üç nəfərə aiddir. Digər üç nəfərin işi hələ də davam edir.
Bəyanatda həmçinin vurğulanır: “Bu qərar ədalətin ciddi şəkildə tapdalanmasıdır və Filippində artıq acınacaqlı vəziyyətdə olan mətbuat azadlığı və söz azadlığı üçün böyük təhlükə yaradır.”
Filippinin Qadınlar üçün Radio və Televiziya üzrə Beynəlxalq Assosiasiyası da hökmü “dövlət tərəfindən dəstəklənən susdurma aktı” kimi qiymətləndirib.
Bəyanatda deyilir: “Frenchie Mae-in terrorçuluğun maliyyələşdirilməsində ittiham olunaraq məhkum edilməsi, həqiqəti hakimiyyətə deməyə cəsarət edən qadınları susdurmaq cəhdidir. Media sahəsində çalışan bacılarımız onun tam bəraət alması və adının bu əsassız ittihamlardan təmizlənməsi üçün mübarizəni dayandırmayacaq.”
“Bu, qorxuducu bir mesaj verir: kasıbların problemlərini sənədləşdirmək artıq cəzalandırılan bir əmələ çevrilib.”
Sərhədsiz Reportyorlar (RSF) təşkilatının məlumatına görə, Filippin jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir.
Xüsusilə icma jurnalistləri daha həssas vəziyyətdədirlər, çünki onlar köklü siyasi sülalələrin və silahlı yerli liderlərin hədəfinə çevrilirlər.
2009-cu ildə Filippinin cənubundakı Maguindanao vilayətində bir siyasi klan, rəqiblərinin seçki etirazı etməsinin qarşısını almaq üçün 58 nəfəri — əksəriyyəti jurnalist olmaqla — qətlə yetirmişdi.
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

