Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası daha cazibədar, təlatümlü, coşğun üfüqləri isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı, ulduzları, öz güllü-çiçəkli yazları, vaxtlı-vaxtsız saralıb solan payızlıarı, əsrarəngiz qışları var. İnsan dünyasını dəyişdikdən sonra ömrünü həyatda qalanların xatirəsində davam etdirir. Bunun üçün ölməzdən əvvəl insana ölməzlik gətirən işlər, əməllər, ad-san qazanmalısan. Ən azı səni sevənlərin xatirəsinə layiq olmalısan. Xatirəni yaratmaq da, yaşatmaq da çətindir. Xatirəni şəxsiyyətlər yaradır və yaşadır. Dəqiq desək xatirəni yaratmaq və yaşatmaq üçün Şəxsiyyət olmaq lazımdır. Filologiya elmlər doktoru, professor Qəzənfər Paşayev ədəbi-içtimai mühitdə sayılb-seçilən, nüfuzu və yeri olan, həm müasirlərinə, həm də dünyasını dəyişmiş unudulmazlara yüksək qədirşünaslıq bildirən belə şəxsiyyətlərdən biridir. O, elmi maraq dairəsi çox geniş olan tanınmış Azərbaycan alimidir. Qəzənfər Paşayev dilçilər mühitində dilşünas, ədəbiyyatşünaslar arasında ədəbiyyatçı, xarici dil və ədəbi əlaqələr mütəxəssisləri arasında rus, ingilis və ərəb dillərinin mötəbər bilicisi, tərcüməçi kimi nüfuz sahibidir. Yaşı səksəni adladığına baxmayaraq, Qəzənfər müəllim yorulmaq nə olduğunu bilmədən aktual mövzularda səmərəli araşdırılmalar aparan, əldə etdiyi maraqlı nəticələri ilə fərqlənən bir tədqiqatçı, öhdəsinə götürdüyü işə həmişə böyük məsuliyyət duyğusu ilə yanaşan, fəal vətəndaşlıq mövqeyində ardıcıl olan Azərbaycan ziyalısıdır. Qəzənfər Paşayev təkcə özü üçün yox, başqaları üçün də yaşamağı bacaran açıq ürəkli, səmimi və səxavətli bir şəxsiyyətdir. Qəzənfər Paşayev həm sağlında, həm də yoxluğunda insanlara qiymət verməyi bacaran xeyirxah Tanrı bəndəsidir. Onda şamanlara məxsus bir tizfəhmlik, sufilərə xas bir dünya tamahsızlığı var. Adı keçən bu insan övladlara, nəsillərə, tükənməz örnəkdir. İllər keçəcək, Qəzənfər Paşayevin kitabları öz qəhrəmanları ilə birlikdə yeni nəsillər üçün mənalı bir dərsliyə, şəxsiyyətlər haqqında ensiklopediyaya çevriləcək, üzərindəki imzanı nəsillərin yaddaşına həkk edəcək.
Yaradıcılığı
Qəzənfər Məhəmməd oğlu Paşayev 1937-ci ilin avqustun 27-də Tovuz bölgəsinin Düzqırıxlı kəndində doğulub.1962-ci ildə Bakıda Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. “Kərkük bayatıları” (1968), “Arzu-Qənbər dastanı” (1972), “İraq kərkük atalar sözləri” (1978), “İraq kərkük bayatıları” (1984), “Kərkük tapmacaları” (1984), “Kərkük folklor antologiyası” (1987), “Nəsiminin İraq divanı” (1987), “İraq Türkmən folkloru” (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın “Qafqaz səfəri”, “Necə yaşayasan yüzü haqlayasan” və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevin “Altı il Dəclə və Fərat sahillərində” kitabı da oxucular arasında ona böyük uğur qazandırdı. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu. İraqda tərcüməçi işləmiş Qəzənfər Paşayev (1962-1966;1972-1975), burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur. “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ ) fəaliyyət göstərmiş, institututun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005), eyni zamanda 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçisi işləmişdir. Ədəbi-elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların-İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliği xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun “İraq-türkman folkloru” adlı monumental əsəridir. Ə.Bəndəroğlunun “Şah əsər”, professor M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Q.Paşayev “Ədəbiyyat” qəzetinin (1995-ci ildən), “Vəfa” (2004-cü ildən), “Folklor və etnoqrafiya” (2004-cü ildən), “Xəmsə” (2002-ci ildən), “Qopuz” (2005-ci ildən) jurnallarının, Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi-nəzəri məcmuə” sinin redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində müdafiə Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri olub. Pedaqoji və elmi kadrların hazırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur. Uzun müddət Azərbaycan-İraq Dostluq Cəmiyyətinin sədr müavini (1990-2003) olmuşdur. 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini şuranın üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir.
Qəzənfər Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir. 2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda “İraq-türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır. İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və türkman cəbhəsinin (2003) diplom və yüksək mükafatlarına layiq görülmüşdür. Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq deyil” (2002) və s. kitablar nəşr edilmiş, şair H.Kürdoğlunun “Tovuzum mənim, Oğuzum mənim” poeması (1998) Paşayevə həsr olunmuşdur.
Türkiyə xaricindəki türk xalqlarına mənsub elm və fikir adamlarının Türk dünyası ilə bağlı çalışmalarının həcmi və səviyyəsi danılmazdır. Hətta bəzi sahələrdə aparılan tədqi-qatların dərinliyinə nəzər salındıqda, onların Türkiyənin özündə belə bənzəri çətin tapılar. Ancaq 1990-cı ilə qədər siyasi azadlıqların olmamasını göz önünə gətirsək görərik ki, bu ölkələrdəki tədqiqatçıların çoxu əsərlərini içində yaşadığı siyasi rejimin ideologiyasına uyğun yaratmaq məcburiyyəti altında qalmışlar. Çünki burada Türk dünyasının mədəniyyət baxımından eyniliyini isbatlamaq belə suç hesab olunurdu. Ancaq bunun az istisnaları da olmuşdur. Bu istisnalardan biri, bəlkə də, ən önəmlisi dəyərli elm adamı Qəzənfər Paşayevin göstərdiyi xidmətlərdir. Q.Paşayev XX əsrin 60-70-ci illərində altı il İraqda bir rus firmasında ingilis dili üzrə mütərcim işlədiyi vaxt, gecəsini gündüzünə qataraq İraq türkləri barədə folklor materialları toplamış, İraq türklərinin şair, ədəbiyyatçı və araşdırmaçıları ilə tanış olmuş, yazılı və şifahi qaynaqlara nüfuz etmiş, çox zəngin bir kolleksiya ilə məmləkəti Azərbaycana dönmüşdü. Həmin tarixdən sonra bir ipliyə inci dənələri düzən kimi, qiymətli kitablarını sıralamağa başlamışdır. Qəzənfər Paşayevin yüzlərlə məqaləsi, səksəndən çox kitabı, kərpic-kərpic yeddicildliyə sığmayan yeddi cilddən ibarət “Seçilmiş əsərləri” mövcuddur. Onun qələmə aldığı bütün əsərlər həmişə ədəbi, elmi sferanın diqqətini cəlb etmiş, maraqla qarşılanmışdır. Bu da təbiidir… Çünki Qəzənfər müəllimin müraciət etdiyi mövzular əsasən “xam torpaqlar” aləmindən alınır, təkrarsız bir hadisəyə çevrilir. Lakin bütün bunlara rəğmən, onun yaradıcılığının Everest zirvəsi “Altı il Dəclə-Fərat sahillərində” (1985) bədii-publisist, elmi-memuar üslubunda qələmə aldığı, qızların cehizinə, oğlanların qüdrət daşına çevrilmiş əsəridir… Tayı-bərabəri olmayan bu əsəri milyonlar oxudu. Bu əsər Qəzənfər Paşayev yaradıcılığının rəmzinə, pasportuna döndü. Hələ sağlığında qəlblərdə Qəzənfər Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası, Bülbülün “Sənsiz” i, Səməd Vurğunun “Azərbaycan” ı, Tahir Salahovun “Qara Qarayev” portreti, Səttar Bəhlulzadənin “Təbiət mənzərələri”, Məmməd Arazın “Dünya sənin, dünya mənim” i, Sabir Rustəmxanlının “Ömür kitabı” əsərləri kimi.”
Professor Qəzənfər Paşayevin dilçi-alim dialektoloq, ədəbiyyatşünas, folklorşünas, etnoqraf, salnaməçi, publisist, tərcüməçi, pedoqoq kimi zəngin yaradıcılığı ilə çoxşaxəli fəaliyyətindən xaricdə və ölkəmizdə görkəmli elm xadimləri dərin ehtiramla bəhs ediblər. Məlumdur ki, hər hansı bir xalqın tarixini, dilini, ədəbiyyatını, bütövlükdə mədəniyyətini “unikal sistem”, tarixin yaddaşı və informasiya daşıyıcısı olan mətnlər vasitəsilə öyrənmək mümkündür… Q.Paşayev elmə “öz mətnləri”- özünün topladığı mətnlərlə gəlib və tədqiqat obyektini böyük zəhmətlə özü əldə edib. Mətnlərin toplanması və nəşrə hazırlanması professorun elmi fəaliyyətinin təməlində dayanır. Və çoxşaxəli yaradıcılığının böyük bir hissəsini təşkil edir: o hər biri ədəbiyyatşünaslığımızda hadisəyə çevrilən 15 elmi əsərin müəllifi olmaqla yanaşı, 21 çox dəyərli kitabın da tərtibçisidir… “Altı il Dəclə-Fərat sahillərində” kitabı filologiya elmləri namizədi Qəzənfər Paşayevin altı illik müşahidə və tədqiqatının nəticəsi olan bu kitab qədim mədəniyyətin beşiyi İraq və iraqlıların dünəni, bu günü, adət-ənənəsi, içtimai həyatı, inkişafı haqqında geniş məlumat verir. Bir vaxtlar gözəl nəfəsli müğənnimiz Nərminə Məmmədovanın iraqlı Sinan Səidlə birgə oxuduğu
Evlərinin önü yonca,
Yonca qalxıb dam boyunca…
misralı məşhur Kərkük bayatısı varlığımıza süzülərək bizə çox mətləbləri açıqlayırdı. Bu həzin və məlahətli səsin qəlbimizdə yaratdığı ilk təlatüm sonralar görkəmli tədqiqatçı-alim Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabı ilə bir daha ruhumuzu dara çəkərək bizi silkələdi. Ötən əsrin 80-ci illərində Qəzənfər Paşayevin ən böyük tirajla (130 min) çap olunmuş “Altı il Dəclə-Fərat sahillərində” adlı sanballı, elmi publisistik daha dəqiqi, bir səyahət salnaməsi olan kitabı əllərdə gəzdi, dillər əzbərinə çevrildi. Hamı bu əsərdən danışırdı. Qapalı bir mühitdə-sovet quruluşunun ağır diktələri və rejimi altında yaşadığımız bir zamanda biz əslində böyük dünyadan xəbərsiz idik. Məhz Qəzənfər Paşayevin bu kitabının vasitəsilə bizə bəlli oldu ki, o qədər də iraq olmayan ölkədə, İraqda dilimizdə danışan İraq türkmanları yaşayır. Biz ilk dəfə məhz professor Qəzənfər Paşayevin bu kitabının vasitəsilə İraq ellərindən, Kərkükdən xəbər tutduq. Bizi təccübləndirən təkcə bu xəbər deyildi, bizi heyrətləndirən bütün buxovları, sədd və sərhədləri sözün böyük qüdrəti ilə vurub dağıtmağı bacaran Qəzənfər Paşayevin yazıçılıq məharəti, vətəndaşlıq yanğısı, milli təəssübkeşliyi və cəsarəti idi. O zaman Qəzənfər Paşayev bizim üçün bir əfsanəvi insana çevrilmişdi. Qəzənfər Paşayev İraq-Azərbaycan ədəbi əlaqələrində bir elmi institutunun görəcəyi işi təkbaşına yerinə yetirir. “Altı il Dəclə-Fərat sahillərində” 1996-cı ildə Bağdadda ərəbcə nəşr olunmuş və bu ölkədə böyük ədəbi hadisəyə çevrilmişdi.
Müəllifin “İraq-türkmən folklorunun janrları” kitabı da həm Bakıda, həm Bağdadda, həm də İstanbulda nəşr edilib. “İraq-Türkmən ləhcəsi” araşdırmasıda böyük rəğbətlə qarşılanıb. Kərkükdə yaşayıb-yaradan söz adamları haqqında professor Qəzənfər Paşayevin müxtəlif yazılarını oxumuşuq. Görkəmli alimimizin çap etdirdiyi “İraq-Kərkük bayatıları”, “Kərkük mahnıları”, “İraq-Kərkük atalar sözləri”, “Kərkük tapmacaları”, “Kərkük folklor antologiyası”, “Nəsiminin İraq divanı” və s. kitabları ədəbiyyatımızın zənginləşməsinin bu yöndə böyük fədakarlıq, vətəndaşlıq mövqeyinin göstəricisidir. Müəllif kitabın bir fəslin belə adlandırmışdır: “İraq bizə iraq deyil”. Burada onu qeyd edə bilərik ki, ümumən uzaqların yaxın olmasını, o cümlədən İraqın bizə iraq yox, daha da yaxın olmasını arzulayan hər kəs dost xalqlarımız arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına qüvvəsi çatdığı qədər kömək göstərməlidir. “Altı il Dəclə-Fərat sahillərində” əsəri də məhz belə nəcib bir niyyətlə oxuculara təqdim olunur.
Professor Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar” adlı kitabı 2010-cu ildə işıq üzü görmüşdür. Altı əsrdir ki, qismətinə bol-bol kədər və sevinc payı düşən Nəsiminin poeziyası ürəkləri fəth edir. Bununla belə, şairin həyat və yaradıçılığı ilə bağlı bir çox məqamlar, xüsusən də onun qətli və “dönüklüyü” ilə bağlı məsələlər üzərində qara bir pərdə mövcud idi. Son vaxtlarda aparılmış təqdiqatlarda Nəsiminin poetik irsi və müdhiş taleyi üzərinə yeni işıq salınmış, bu sahədə bəzi irəliləyişə nail olunmuşdur. Professor Qəzənfər Paşayevin kitabında bu deyilənlərdən və elm aləmi üçün maraqlı olan başqa məsələlərdən söz açılır. Kitabda alimin müxtəlif illərdə Nəsiminin həyat və yaradıcılığına həsr etdiyi məqalələri toplanmışdır. Əminik ki, əsər kitabsevərlər və ədəbiyyatşünaslar tərəfindən maraqla qarşılanacaq.
Professor Qəzənfər Paşayevin “Borcumuzdur bu ehtiram” kitabı 2010-cu ildə nəşr olunmuşdur. Kitabda filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi dünyasını dəyişmiş dəyərli insanlar haqqında fikirləri, düşüncələri yer alır. O insanlar ki, örnək olan əməlləri və müdrik kəlamları ilə bizimlədir. “Borcumuzdur bu ehtiram” xalq tərəfindən sevilən unudulmaz insanların xatirəsinə bir töhfədir. Qəzənfər Paşayevin kitabı ömrünü xalq, millət, elm, mədəniyyət və dövlət yolunda fədakarlıqla həsr edib, bu dünyadan ləyaqətlə köçənlərə həsr olunub. Bu dəyərli kitabın bir məziyyəti də ondadır ki, kitabın müəllifi bu dünyada qalib gedənlər haqqında yazmağa mənəvi haqqı olan insandır.
Sözlərimizə Cabir Novruzun fikri ilə aydınlıq gətirə bilərik.
Sağlığnda qiymət verin insanlara,
Sağlığnda yaxşılara yaxşı deyin.
Sağlığnda yaman deyin yamanlara.
Qəzənfər Paşayev hər bir insanın həm sağlığında, həm də yoxluğunda insanlara qiymət verməyi bacaran biridir.
İstedadlı şəxsiyyət Qəzənfər Paşayevin “Ədəbi məktublar” kitabında yer alan məktublar XX əsrin 80-ci illərindən başlamış günümüzədək 35 illik dövrü əhatə edir.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin I cildinə müəllifin “İraq-Türkman folkloru “(Bakı, “Yazıçı”, 1992, Bağdad, 1995) və “Altı il Dəclə-Fərat sahillərində” (Bakı, 1985, təkrar nəşr) 1987; Bağdad, 1996-ərəbcə) əsərləri daxil edilmişdir. Xalqın ən böyük milli sərvəti onun folklorudur. Monoqrafiyası bayatıda, nağıl və dastanda əbədiləşən, canlı yaddaşa çevrilən, hər kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən folklordur. Bu baxımdan, müəyyən içtimai-siyasi səbəblər üzündən soykökündən ayrı düşmüş, iraqın şimalında, əsasən, Kərkük vilayətində toplu halda yaşayan, Azərbaycanca danışan elatın folkloru xüsusi əhəmiyyət kəsb edir. Canlı bir dildə, elmi-kütləvi şəkildə yazılmış bu əsərdə İraq-Türkman folkloru, ilk dəfə olaraq sistemli monoqrafik təhlildən keçirilir, onun epik, lirik, arxaik janr və növləri ətraflı tədqiq olunur, əhəmiyyətli, səciyyəvi xüsusiyyətlər üzə çıxarılır.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin II cildinə “Dilimiz-varlığımız” (Bakı, 2011), “Kərkük dialektlərinin fonetikası” (Bakı, 2003) monoqrafiyaları, mətnlər İraq-türkman ləhcəsi üçün səciyyəvi olan sözlərin lüğəti və ədəbi əlaqələrimizdən bəhs edən “Könüldən könülə yollar görünür” başlıqlı məqalələr toplusu daxil edilmişdir. Folklorçu, ədəbiyyatşünas, tərcüməçi və publisist kimi tanınan professor Qəzənfər Paşayev eyni zamanda dəyərli dilçi alimdir. Tədqiqatçının bu əsərində yer alan “Kitabi Dədə Qorqud”, “İraq-türkman tarixinə və dialektinə bir baxış”, “Qürur duyduğum tarixi şəxsiyyətlər” bölməsini və ayrı-ayrı məqalələri həyacansız oxumaq olmur. Şirin və axıcı dildə yazılan, intelekt məhsulu olan “Türkologiya elmimizin iftixarı”, “Çoxşaxəli yaradıcılıq yolu” “Gələcək nəsillərə yadigar” kimi səmimi yazılar oxucular tərəfindən daima maraqla qarşılanmışdır.
Professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin III cildinə alimin “İraq-türkman folklorunun janrları (İstanbul, 1998; Bakı, 2003; Tehran 2008) monoqrafiyası və “Borcumuzdur bu ehtiram” ( Bakı 2010) əsəri daxil edilmişdir. 1-ci əsərdə İraq-türkman folkloru ilk dəfə olaraq elmi-nəzəri cəhətdən araşdırılaraq elm aləminə təqdim edilmişdir. “Borcumuzdur bu ehtiram” əsərində isə dünyasını dəyişmiş, lakin qəlblərdə yaşayan tanınmış və xalq qarşısında əlahiddə xidmətləri olan görkəmli şəxsiyyətlərdən bəhs edilir.
Professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin IV cildinə “Nəsimi haqqında araşdırmalar” monoqrafiyası və “Ədəbiyyatşünaslıq elmimizin patriarxı” əsəri, eləcə də nümunə məktəbinə çevrilən görkəmli şəxsiyyətlərə, ədəbi əlaqələrə, mədəniyyətimiz yolunda əzmlə çalışan insanlara, ədəbiyyatımızı yaradan və yaşadan qələm sahiblərinə İraqda yaşayan və azərbaycanca danışan kərküklülərə və s. həsr olunmuş məqalələr daxil edilmişdir. Müəllifin “Sevərək yaşayanlar” başlığı altında təqdim etdiyi bölmdə elm, sənət, ədəbiyyat fədailərindən, başqa bölmələrdə isə ədəbi-elmi əlaqələrdən, Kərkük dünyasından, ürəkdən gələni deməsən olmur, sazlı-sözlü dünyamızdan və s. bəhs edilir. Sözlərimi elə dəyərli şəxsiyyət Qəzənfər Paşayevin sözləri ilə davam etmək istərdim: “Elm əvvəli görünən, sonu görünməyən bir aləmdir. Bu aləmdə hərə bir yolla gedir. Hərə bir nəticəyə gəlir. Yenilik görülmüş işlərin sayəsində yaranır”. Gəlin ən gözəl yolla gedən, elm, maarif yoluyla gedən professor Qəzənfər Paşayevin ömür yoluna, yaradıcılıq yoluna nəzər salaq. Bu vüsətli işlər əsas verir deyək ki, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev öz alim ömrünün bu ahıl çağında da xalqımız, ədəbiyyatımız və elmimiz üçün gənclik həvəsi ilə çalışmaqda, bir-birindən maraqlı olan yeni əsərlər yazıb yaratmaqdadır. Hər bir xalqın folkloru o xalqın güzgüsüdür. O güzgüdə xalqın tarixi, dili, inancı, inanışı, adət və ənənələri görünür. Bir xalqı çox yaxından anlamaq üçün o xalqın hər şeydən əvvəl folklorunu öyrənmək gərəkdir. Professor Qəzənfər Paşayev İraqda yaşadığı uzun illər boyunca həm İraq xalqını yaxından tanıdı, həm də İraqda yaşayan-danışdıqları dilin Azərbaycan dilindən fərqli olmayan İraq türkmanlarının ədəbiyyat və folkloru üzrə tədqiqatını davam etdirdi. İraq türkmanlarının folklorunu azərbaycanlı qardaşlarımıza çatdırmaq üçün tədqiqatçı alim, folklorşünas Qəzənfər Paşayev böyük çətinliklərə qatlandı. Yorğunluq bilmədən yaradıcılığını sürdürdü. Gözəl və unudulmayan əsərlər ortaya atdı. Qəzənfər Paşayevin İraq türkmanları ilə əlaqəli çap etdirdiyi qiymətli folklor kitabları, Oğuz kökündən və soyundan olan azərbaycanlılara İraq türkmanlarının nə qədər bir-birilərinə dil və folklor baxımından bağlı olduqlarını-yüzillər boyunca zamanın qopartdığı qanlı və dumanlı qasırğalara baxmayaraq, yenə də dədə misrasına, Dədə Qorquda, əzabkeş Nəsimiyə Kərbalanın müqəddəs torpağında uyuyan böyük Füzuliyə olan bağlılığlarını göstərmək üçün ölümsüz bir tarixdir. Kərküklü İrmağın doğru olaraq qeyd etdiyi kimi, “Vətən torpağı kiçilib-genişlənə bilər, sərhədləri tükənə bilər, hətta şan və şərəfi tapdalana bilər. Dini dəyişdirilə bilər, tarixi təhrif edilə bilər”. Lakin dil folklor adlandırılan iki varlıq vardır ki, həyat yaşadıqca yaşayır, xalqın keçmişi haqqında təkzibolunmaz tarixi sənədə çevrilir. İraq-Türkman folklorunun tarixi qiyməti, bizcə hər şeydən əvvəl bundadır. Bu gerçək tarixi bizdən sonra gələn nəsillər oxuduqca öz xalqlarına, dillərinə, tarixlərinə, adət-ənənələrinə, milli miraslarına, doğma torpağın müqəddəsliyinə sayğılrını artıracaqlar. Qəzənfər Paşayevin “İraq-türkman folkloru” kitabına bənzər bir kitab indiyə qədər nə İraq-türkmanlarının folkloru ilə məşğul olan xarici alim və tədqiqatçılar tərəfindən yazılmışdır. Qəzənfər Paşayevin yazdığı bu əsər hər kəs üçün sevgi və sevinc doğuran, könüllərdə yaşayıb-unudulmayan, işıqlarla dolu bir hadisə kimi qalacaqdır. Qəzənfər Paşayevin Azərbaycan aşıq sənəti və aşıq yaradıcılığına həsr etdiyi məqalələri və tərtib etdiyi kitabları içtimaiyyətin rəğbətini qazanmışdır. Xüsusən də “Qoca Azaflıyam” kitabı nəinki təkcə ölkəmizdə, eləcə də İranda və Türkiyədə geniş şöhrət qazanmışdır. Q. Paşayev ayrıca olaraq maddi-mədəniyyət abidələrini yaşadan bir adamdır. O, sadəcə Kərkük folklorunu tədqiq etməklə kifayətlənməmiş, silinməyə üz tutan bu abidələri toplayaraq yaşatmağa və əzmli və qərarlı davranmışdır. Bakının folklor qoxuyan İçərişəhərində əski bir ev təmir etdirərək onu “İraq-Türkman ocağı” adı altında muzeyə çevirmişdir. İçinə də bu qədər İraq türkləri haqqında İraqda, Türkiyədə və Azərbaycanda yayınlanmış bütün kitab və dərgiləri şüşəli vitrinlərdə sərgiləmişdir. Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev elmi maraq dairəsi çox geniş olan tanınmış Azərbaycan alimlərindən biridir. Onun yaradıcılığına işıq salan mütəxəsislərin yazısından görərik ki, Qəzənfər müəllimin 40-a yaxın kitabı (monoqrafiyaları, tərtibləri tərcümə əsrələri), çoxsaylı elmi və publisistik məqalələri, rəyləri vardır. Onu xarici ölkələrdə ingilis, rus, türk və ərəb dillərində də xeyli kitab və məqaləsi nəşr olunmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, professor Qəzənfər Paşayev öz alim ömrünün bu ahıl çağında da xalqımız, ədəbiyyatımız və elmimiz üçün gənclik həvəsi ilə çalışmaqda, bir-birindən maraqlı olan yeni əsərlər yazıb yaratmaqdadır.Qəzənfər Paşayev zamanın ağır ruzigarlarının, tufan və qasırğalarının yaddaşlardan qoparıb apara bilmədiyi, əsrlərin və nəsillərin əmanət kimi yaşatdığı, sirli-soraqlı folklor xəzinəsinə baş vurduqca qəlbində bir ilham çağlayır. O, yeni güc və qüdrətlə qanadlanır… Professor Qəzənfər Paşayevin çoxşaxəli fəaliyyətində xeyriyyəçilik, mesenatlıq həmişə razılıq və minnətdarlıqla qarşılanır, təqdir olunur. Çətinə-dara düşənin yanında olmaq, yıxılanı qaldırmaq istəyi onun təbiətində, fitrətindədir. O, əsl xalq adamı, xalqın ürəyindən qopan, xalqla nəfəs alan ziyalıdır. Qəzənfər Paşayevin çoxlarına örnək olan mənalı həyatı, elmi, bədii yaradıcılığı ayrı-ayrı publisistik və bədii əsərlərin mövzusuna çevrilmişdir. Oxucular tərəfindən maraqla qarşılanan “Bu sevda ölüncədir”, “İraq bizə iraq deyil” kitabları və görkəmli şair H.Kürdoğlunun ona həsr etdiyi “Tovuzum mənim, Oğuzum mənim” poeması bu qəbildəndir. Professor Qəzənfər Paşayev fenomeni elmi və ədəbi içtimaiyyət, eləcə də oxucular arasında mötəbər nüfuz rəmzinə çevrilmişdir.O, klassik və müasir ədəbiyyatımızı, incəsənətimizi geniş arenada-dünyada təmsil edən söz-sənət adamları haqqında həmişə qürur duyğusu ilə söz açır. Müxtəlif dillərdə çap olunan məqalələrində Azərbaycan elmini ləyaqətlə təmsil edir. “Qəzənfər müəllimi tanıyanlar, dostları deyəcəklər ki, biz onun bu adda əsərini görməmişik, oxumamışıq. Elə Qəzənfər müəllim özü də bu adda kitab yazmadığını söyləyəcək.
Düşünürük ki, hər gün gördüyümüz, oxuduğumuz bu “İNSAN” əsəri elə Qəzənfər müəllimin özüdür. Bəli, bu kitabı oxuduqca, onunla tanış olduqca, ünsiyyət bağladıqca gözlərimiz önündə özü bütöv, sözü bütöv, amalı yalnız yaxşılıq, xeyirxahlıq olan, kimsənin qəlbini qırmayan, “əl tutmaq Əlidən qalıb” ideyasını kredosuna çevirən, ödədiyindən ödənc gözləməyən, istəməyən, əməlpərvər, ürəyiaçıq, mehriban, səmimi bir insan yüksəlir, heykəlləşir: Qəzənfər Paşayev!” (Vüqar Əhməd). Məncə Qəzənfər Paşayevin insanlığına, iç dünyasına, özü də sağlığında bundan böyük qiymət ola bilməz. Ömrünün bir müdriklik zirvəsi də keçildi, 80 yaş arxada qaldı. Qarşıda isə yeni zirvələr, yeni yaradıcılıq üfüqləri… Bu zirvələr də, üfüqlər də ona “gəl-gəl” deyir. Gəlin, bu dəyərli şəxsiyyət, elm adamı Qəzənfər Paşayevi 80-illik yubileyi münasıbəti ilə təbrik edək, ona həyatda və yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edək. Allah amanında, tanrı sevgisində, uğurlar qanadında!
- Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti Aynurə Əliyeva.
Azərbaycan mədəniyyəti tarixinə doğulan günəş-Sultanməcid Qənizadə
Azərbaycan maarifçilik cərəyanı XIX əsrin sonları, XX əsrin əvvəllərində özünün ən ilk çağlarını yaşadı. Təsadüfi deyil ki, 1875-ci il “Əkinçi” qəzetinin çapı ilə start götürən Milli Azadlıq Hərəkatı 1918-ci ilin 28 mayına, yəni Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu günə qədər davam \etdi. Sonra da istiqlal bəyannaməsi kimi şanlı bir tarixlə nəticələndi. Bu, təbii ki, öz-özünə meydana gəlmədi. O dövrün ziyalılarının gərgin əməyinin məhsulu idi. Hansı ki, onlar çox böyük çətinliklərə baxmayaraq, xaricdə təhsil alıblar və Avropanın Demokratik, intelektual dəyərlərini Şərq ölkəsi olan Azərbaycana da gətiriblər. XIX əsrdə Azərbaycan maarifçilik cərəyanını inkişaf etdirən şəxslərdən biri də Sultanməcid Qənizadə olub. Sultanməcid əfəndi XIX əsrin sonu XX əsrin əvvəlindəki ziyalıların bəzilərindən fərqli olaraq, çoxşaxəli fəaliyyəti ilə seçilib. Dahi şəxsiyyət, sözün həqiqi mənasında elm fədaisi, vətənin dəyərli, ziyalı övladı Sultan Məcid Qənizadə.
Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi Sultanməcid Qənizadə1866-cı ilin aprel ayında Şamaxı şəhərində tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultanməcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində “Məsihzadə” imzası ilə yazması da bu varisliyə işarədir. Sultanməcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub.
Rus dilini mükəmməl bildiyindən Sultanməcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. Bu institut 50 ilə yaxın bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə “Rus-Azərbaycan məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail oldular. Bu maarif işığının şöləsi tezliklə yurdumuzun bir sıra bölgələrinə də yayıldı. Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan verdi. Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. “Lüğəti-rusi və türki” (1902), “Samouçitel tatarskoqo yazıka” və başqa kitablar S. Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və canyanğısından xəbər verir. Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultanməcid Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində isə respublikanın Xalq Maarif Komissarlığında çalışmış, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü olmuşdur. Azərbaycan müəllimləri arasında böyük hörmətə və nüfuza malik olan bu qocaman maarif xadiminə hamı ehtiramla “Mirzə Məcid” deyə müraciət ediblərmiş. Sultanməcid Qənizadə mədəniyyət xadimi idi. Azərbaycan teatrının inkişafı sahəsində böyük xidmətləri olmuşdur.
Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultanməcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub. Məlumdur ki, Hüseyn Ərəblinski ilk dəfə məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə hazırlanmış “Vəziri xani-Lənkəran” komediyasının tamaşasındakı (1898) Mehtər Kərim rolunu oynamışdır. Araşdırmalar göstərir ki, Sultan Məcid həm rejissorluğu gözəl bacarırmış, həm də dramaturqluğu. Təəssüf ki, onun bu sahədəki fəaliyyəti yetərincə tədqiq edilməmişdir. Sultanməcid Qənizadə tərcüməçi idi. 1894-cü ildə o, Lev Tolstoyun “Əvvəlinci şərabçı” pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur”. O da məlumdur ki, Sultanməcid Qənizadə öz müasiri Lev Tolstoyla sıx əlaqədə olmuş, məktublaşmışlar.
Sultan Məcid Qənizadə böyük yazıçı və dramaturq idi. Deyilənə görə, ilk qələmə aldığı pyes “Qönçə xanım” adlanıb. Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultanməcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr də yazmışdır. Ən sanballı bədii əsəri isə “Məktubati-Şeyda bəy Şirvani” adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Roman “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı iki hissədən ibarətdir. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.
Sultanməcid Qənizadə eyni zamanda böyük jurnalist idi. Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə yazıları ən çox “Dəbistan” jurnalında çap olunardı. Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultanməcid Qənizadə Nəriman Nərimanovla yaxından dostluq etmiş və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir mətbuat orqanı açmaq haqqında düşünürmüş. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri məhz S. Qənizadə olub. Amma təəssüf ki, tədqiqatçıların heç biri “Molla Nəsrəddin”in yazarları haqqında araşdırmalar apararkən Sultanməcid Qənizadənin üstündən sükutla keçiblər. Heç ola bilməz ki, belə bir jurnalın yaranışına sevinən, Sabirlə dost olan, o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir ədib “Molla Nəsrəddin” jurnalına nəsə yazmamış olsun. Görünür, naməlum qalan imzalardan Sultanməcid Qənizadəyə də məxsus olanlar var. Yəqin ki, yeni tədqiqatçılar tərəfindən bu qaranlıq məsələlərə də bir aydınlıq gətiriləcək.
Sultanməcid Qənizadə böyük Azərbaycanlı idi. Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli yazırdı: “Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik”. Bir çox həmkarından fərqli olaraq S.Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi. O dövr yazıçılarının bir çoxunu məşğul edən problemlərdən biri də qadın azadlığı məsələsi olub. Sultanməcid Qənizadə müsəlman aləmində əsrlər boyu davam edən qadın geriliyinə son qoymaq üçün “Gəlinlər həmayili” ndə öz fikirlərini oxucuların mühakiməsinə vermişdi. Sultanməcid Qənizadə bütün bunlardan sonra o dövrün tələbi ilə “xalq düşməni” adlandırıldı. Onun tərcümeyi-halında oxuyuruq: “S.Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir”. Görünür, tədqiqatçılar dövrün ab-havasından çəkinərək ölüm tarixini sadəcə belə yazmağı məsləhət bilmişlər. Sultanməcid Qənizadə öz əcəli ilə vəfat etməmişdi. 1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaşının ahıl çağında Sultanməcid Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək “xalq düşməni” kimi güllələdilər.
Yazarın Əli İskəndər Cabbarovla birlikdə yazdığı “Kəlili ədəbiyyat” (müntəxabat), “İstilahi Azərbaycan”, “Lüğəti rusi və Azərbaycan (müsəlman)” və s. əsərləri məktəblərdəki boşluğu qismən doldurmağa xidmət etmişdir. O, “Axşam səbri xeyir olar” əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən orjinal əsəri “Məktubati Şeyda bəy Şirvani” ümumi başlığı altında yazdığı “Müəllimlər iftixarı” hekayəsi və “Gəlinlər həmayli” romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Yaradıcılığında 1906-cı ildə “Dəbistan” jurnalında çap edilmiş “Allah xofu” hekayəsi xüsusi yer tutur. S.Qənizadə tərcümə sahəsində də özünü sınamışdır. İlk tərcümə əsəri L.Tostoyun “Əvvəlinci şərabçı” əsəridir.
O, Azərbaycan ədəbiyyatı tarixində ilk tarixi dramın “Qönçə xanım” ilk romanın “Gəlinlər həmayili”, ilk publisist hekayənin “Müəllimlər iftixarı”, ilk yumoristik mənzum uşaq hekayəsinin “Tülkü və Çaqcaqbəy” yaradıcılarındandır. Sultanməcid Qənizadə XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin müstəsna zəka və əməl sahiblərindən olub, milli maarif tanıma, milli azadlıq və dövlətçilik ideyalarının gerçəkləşməsi yolunda misilsiz xidmətlər göstərmişdir. Sultanməcid Qənizadənin adı milli mədəniyyət və dövlətçilik tariximizə böyük maarifçi, bənzərsiz pedaqoq, əsl xalq müəllimi, məktəb və ədəbiyyat fədaisi, görkəmli maarif xadimi və təşkilatçısı, dilçi-metodist alim, tanınmış ədib, yazıçı, mühərrir, mütərcim, nəhayət, milli istiqlal mücahidi, ictimaisiyasi və dövlət xadimi kimi daxil olmuşdur. Sultanməcid Qənizadənin öz yaradıcılıq taleyi, içtimai-pedaqoji fəaliyyəti ilə müasiri olan yazıçıların bir çoxundan fərqlənir. S.Qənizadənin yaradıcılığında, içtimai-pedaqoji görüşlərində mürəkkəb ziddiyyətlər vardır.Yaradıcılığında və pedaqoji fəaliyyətində dünyəvi elmləri yorulmadan təbliğetməsinə baxmayaraq, o, bəzən elmlə şəriəti eyniləşdirməyə meyl göstərir, çağırır. Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan mütəfəkkirlərimizdən olan S.Qənizadə (1866-1937) Türklüyə və İslama münasibətdə də özünəməxsus yer tutmuşdur. Hələ, 1880-ci illərin sonlarından başlayaraq Azərbaycan türklərinin maariflənməsi uğrunda mübarizəyə başlayan Sultan bəy bu dövrdə digər Azərbaycan türk mütəfəkkiri Həbib bəy Mahmudbəyovla birlikdə, 1887-ci ildə Bakıda «Rus-Tatar məktəbi» adlı ilk yeni tipli ibtidai məktəbin əsasını qoymuşdur. Çünki bu dövrdə əsasən dini elmləri öyrədən mədrəsələr mövcud idi və orada da dərslər yalnız fars və ərəb dillərində həyata keçirilirdi. Ancaq yeni tipli məktəbdə isə Azərbaycan türkcəsi əsas dil kimi tədris olunur, eyni zamanda burada dünyəvi elmlər (coğrafiya, riyaziyyat, tarix və s.) də keçirilirdi. Bu məktəbin yaradılması Azərbaycan milli ideyasının inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, həmin məktəbin məzunları arasında Azərbaycan türklərinin ideoloqu Məhəmməd Əmin Rəsulzadə də olmuşdur. Sultanməcid bəy Azərbaycan türk dilinin inkişafına da böyük diqqət yetirmiş, 20-ci əsrin əvvəllərində onun «Lüğəti-rusi və türki», «İstilahi-Türki» və başqa kitabları nəşr olunmuşdur. S.M.Qənizadə ilk dövrlərdə bir maarifçi kimi, daha çox cəmiyyətin savadlanmasına, elm və bilik sahibi olmasına çalışmışdır. Onun fikrincə, müəllimin əsil övladları öz uşaqları deyil, məhz şagirdləri olmalıdır. Eyni zamanda, müəllimin mal və dövləti dərs və təlimdir, müəllimin kəsb və icrəti isə millətinin rəğbətidir. Sultanməcid Qənizadə düşünürdü ki, artıq mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat yolu ilə getmək, zülf və şövqlə mədhiyyələr oxumaq hünər deyildir. Artıq dünyəvi elmlərə meyil etmək, cəmiyyəti maarifləndirəcək əsərlər yazmaq lazımdır. Bu yolda Qənizadə bir sıra əsərlər “Məktubati-Şeyda bəy Şirvani”, “Allah xofu” və s. yazmışdır. O, həmin əsərlərində də ilk növbədə yeni tipli məktəblərdən və həmin məktəblərdə dərs deyən müəllimlərin milli ruhlarından bəhs etmişdir. Azərbaycan mütəfəkkiri hesab edirdi ki, dini xurafat və mövhumatdan, cahillik və nadanlıqdan qurtulmağın ilk yolu məktəblərin yaranmasından və həmin məktəbdə millətin övladlarına bilik vermək istəyən müəllimlərin olmasından başlayır. Onun fikrincə, müəllim millətini cəhalətindən qurtarmaq üçün hər şeyi gözə almalıdır: “Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər”.
Hətta, Qənizadə müəllimliyi həccə getmək istəyən müsəlmanın vəzifəsindən də ağır vəzifə hesab etmişdir. Onun fikrincə, xüsusilə dövründə müəllim çox məsuliyyətli bir vəzifə daşıyır: “Müəllimliyə təklif olan şəxs həcc və zəkatə müstəti olmadıqda “kimləri öyrətdin və nə öyrətdin?” sorulub bazxast (tələb) olacaqdır. İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə daha ağırraqdır! Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət müəllimlər üçün din borcudur”.
S.Qənizadə 1918-ci ildə Azərbaycan Milli Şurasının üzvü, 1919-cu ildə ADR-də Parlamentin sədr müavini seçilmişdir. 1920-1925-ci illərdə Sovet hakimiyyəti dövründə respublikanın Xalq Maarif Komissarlığında şöbə müdiri vəzifəsində çalışmışdır. 1925-1929-cu illərdə Bakı şəhər Xalq maarifi idarəsində inspektor işləmiş, hərbi məktəbdə və sənaye İnstitutunda dərs demişdir. 1937-ci ildə Xalq düşməni kimi həbs edilərək güllələnmişdir. Sultanməcid Qənizadə XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan xalqının yetirdiyi böyük maarifçi, söz, fikir və əməl adamı, dilçi, metodist alim, tanınmış ədib və ictimai siyasi xadim idi. Onun haqq dünyasına qovuşmağından uzun illər keçsə də o, əsərlərində, əməllərində və parlaq ideyalarında bu gün də yaşayır. Necə ki, Azərbaycanın zəngin məktəb və pedaqoji fikir tarixi, qədim ədəbiyyatı var, deməli, Azərbaycanda müasir məktəb hərəkatının bansi və misilsiz carçısı, böyük maarifçi Sultanməcid Qənizadənin də adı və əməlləri hər zaman yaşayacaqdır.
Aynur Turan
Gundelik.az
