Gundelik.az Dünya Maraqlı Fen, düzləşdirici və saç boyası saçları nə qədər zədələyir? – Trixoloq Səma Məmmədlidən açıqlama
Maraqlı Sağlamlıq Xəbərlər

Fen, düzləşdirici və saç boyası saçları nə qədər zədələyir? – Trixoloq Səma Məmmədlidən açıqlama

Fen, saç düzləşdiricisi və kimyəvi boyalar gündəlik gözəllik rutininin ayrılmaz hissəsinə çevrilsə də, onların düzgün istifadə edilməməsi saçların sağlamlığına mənfi təsir göstərə bilər. Bəs bu vasitələr saç tellərini nə dərəcədə zədələyir və saçların parlaqlığını, elastikliyini qorumaq üçün nələrə diqqət etmək lazımdır?

Estetik cərrah, dermatoloq və trixoloq Səma Məmmədli Gundelik.az-a açıqlamasında istilik və kimyəvi prosedurların saçlara təsirindən danışıb.

Onun sözlərinə görə, tez-tez istifadə saç tellərində nəm itkisinə, quruluğa, kövrəkliyə və qırılmalara səbəb ola bilər:

“Saç telləri gündəlik xarici təsirlərə məruz qalır. Yüksək temperatur, kimyəvi maddələr və yanlış qulluq vərdişləri saçın qoruyucu təbəqəsini zədələyə, onun elastikliyini və möhkəmliyini azalda bilər. Zədələnmə dərəcəsi isə saçın ilkin vəziyyətindən, istifadə olunan vasitələrdən, temperaturdan və prosedurların tezliyindən asılıdır. Fen və düzləşdiricilərdən yüksək temperaturda və tez-tez istifadə saç tellərində nəm itkisinə, quruluğa, kövrəkliyə və qırılmalara səbəb ola bilər. Xüsusilə yaş saçın yüksək temperaturla birbaşa təması daha ciddi zədələnmə riski yaradır. Düzləşdiricidən istifadə etməzdən əvvəl saçların qurudulması və istilikdən qoruyucu vasitələrin tətbiqi vacibdir. Fen istifadə edərkən cihazı saçlara həddindən artıq yaxın tutmamaq, mümkün qədər orta temperatur seçmək və eyni nahiyəyə uzun müddət isti hava yönəltməmək tövsiyə olunur. Saç boyalarının təsiri onların tərkibindən və tətbiq üsulundan asılıdır. Xüsusilə saçın rəngini açan, tərkibində oksidləşdirici maddələr olan məhsullar saçın strukturuna daha çox təsir göstərə bilər. Təkrar rəng açma, kimyəvi düzləşdirmə və digər aqressiv prosedurlar saç tellərinin zəifləməsinə, ucların haçalanmasına və qırılmasına gətirib çıxara bilər. Eyni zamanda, saç dərisində qıcıqlanma və allergik reaksiyalar da yarana bilər. Buna görə məhsulların təlimatlarına əməl etmək, tövsiyə olunan müddəti aşmamaq və allergiya riskinə qarşı istehsalçının göstərişlərinə uyğun tədbirlər görmək lazımdır”.

Mütəxəssis bildirir ki, saç tökülməsi ilə saç qırılmasını qarışdırmaq olmaz.

İstilik və kimyəvi təsirlər çox vaxt saç telinin özünü zədələyərək qırılmasına səbəb olur. Lakin köklərdən saç tökülməsi fərqli mexanizmlərlə əlaqəli ola bilər. Hormonal dəyişikliklər, dəmir çatışmazlığı, qalxanabənzər vəz xəstəlikləri, stress və baş dərisinin bəzi xəstəlikləri də saç tökülməsinə təsir göstərə bilər. Əgər saç tökülməsi nəzərəçarpacaq dərəcədə artıbsa, saç sıxlığı azalıbsa və ya baş dərisində qaşınma, qızartı yaranıbsa, səbəbi müəyyənləşdirmək üçün dermatoloqa müraciət etmək vacibdir. Saçların sağlamlığını qorumaq üçün istilik cihazlarından istifadə tezliyini azaltmaq, aşağı və ya orta temperatur seçmək, istilikdən qoruyucu vasitələrdən yararlanmaq və kimyəvi prosedurlar arasında kifayət qədər fasilə saxlamaq tövsiyə olunur. Saçın vəziyyətinə uyğun şampun və kondisioner seçilməsi, ucların müntəzəm kəsilməsi də qırılmaların görünüşünü azaltmağa kömək edə bilər. Əsas məqam odur ki, saç telləri zədələndikdən sonra onların əvvəlki strukturunu tam bərpa etmək mümkün olmur. Düzgün qulluq saçın görünüşünü yaxşılaşdıra, qırılmaları azalda və yeni zədələnmələrin qarşısını almağa kömək edə bilər. Saçların sağlamlığı yalnız istifadə etdiyimiz kosmetik vasitələrdən deyil, onlarla necə davrandığımızdan da asılıdır. Parlaq və baxımlı saçlara sahib olmaq üçün bütün istilik və kimyəvi prosedurlardan imtina etmək şərt deyil, əsas məsələ onların düzgün, ölçülü və saçın fərdi xüsusiyyətlərinə uyğun tətbiqidir”, – deyə o vurğulayıb.

Nuri
Gundelik.az

Exit mobile version