Yay aylarında havanın isti və rütubətli olması tərəvəz və meyvələrin düzgün yuyulmaması, eləcə də uyğun şəraitdə saxlanmaması halında onları infeksiya mənbəyinə çevirir. Mütəxəssislər əl gigiyenasına, qidaların düzgün saxlanmasına və çarpaz çirklənmənin qarşısının alınmasına xüsusi diqqət yetirilməsini tövsiyə edirlər.
Artan temperatur və rütubət səbəbindən tərəvəz və meyvələr düzgün təmizlənmədikdə ciddi sağlamlıq problemlərinə yol açır. Tarladan süfrəyə qədər istehsal, daşınma, saxlanma və satış mərhələlərindən keçən bu məhsullar çoxsaylı səthlərlə təmasda olduğundan qida mənşəli infeksiyalara səbəb olur.
Mütəxəssislərin sözlərinə görə, məhsulları sadəcə sudan keçirmək kifayət etmir. Üzərindəki torpaq, kir və çürümüş hissələr diqqətlə təmizlənməli, tərəvəz və meyvələr axar su altında ovuşdurularaq yuyulmalıdır. Mümkün olduqda tərəvəz təmizləmə fırçasından istifadə edilməsi tövsiyə olunur. Mexaniki təmizləmədən sonra karbonatlı və sirkəli sudan ayrı-ayrılıqda istifadə etmək pestisid qalıqları və mikroorqanizmlərin azalmasına kömək edir.
Yuyulmadan yeyilən məhsullar infeksiyaların yayılmasına səbəb olur
Klinik mikrobiologiya mütəxəssisi Dos. Dr. Aslı Haykır Solay bildirib ki, isti və rütubətli hava tərəvəz və meyvələri mikroorqanizmlər üçün əlverişli çoxalma mühitinə çevirir.
Onun sözlərinə görə, salmonella və norovirus kimi mikroorqanizmlər düzgün saxlanılmayan və hazırlanma qaydalarına əməl olunmayan qidalarda sürətlə çoxalır. Bu isə təkcə fərdi zəhərlənmələrə deyil, kütləvi infeksiya hallarına da səbəb olur.
Təmizlənmiş tərəvəz və meyvələr mümkün qədər tez istehlak edilməlidir. Dərhal istifadə olunmayacaq məhsullar tam qurudulmalı, nəmdən təmizlənərək soyuducuda qapalı qabda saxlanmalıdır.
Qovun və qarpızı kəsməzdən əvvəl mütləq yuyun
Qabığı yeyilməyən qovun və qarpızın yuyulmasına ehtiyac olmadığı düşünülür. Halbuki bu, ciddi risk yaradır. Meyvənin qabığında olan mikroorqanizmlər kəsilən zaman bıçaq vasitəsilə iç hissəyə keçir.
Buna görə də qovun və qarpız kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalıdır. Həmçinin istifadə olunan bıçaq və doğrama taxtasının təmiz olması da böyük əhəmiyyət daşıyır.
Çiy ət kəsilən bıçaqla tərəvəz doğramayın
Mətbəxdə ən vacib qaydalardan biri də çarpaz çirklənmənin qarşısını almaqdır. Çiy ət və ya toyuq kəsilən bıçaq və doğrama taxtası tərəvəz və meyvələr üçün istifadə edilməməlidir.
Çiy heyvan mənşəli məhsullardakı mikroorqanizmlər mətbəx ləvazimatları vasitəsilə tərəvəz və meyvələrə keçir. Bu məhsullar əksər hallarda bişirilmədən yeyildiyi üçün infeksiya riski daha da artır.
Mütəxəssislər çiy ət və tərəvəz üçün ayrı doğrama taxtalarından istifadə etməyi, hər istifadədən sonra bıçaqları isti su və yuyucu vasitə ilə yaxşıca yumağı tövsiyə edirlər.
Açıq bufetdə salatlara diqqət edin
Kənarda yemək yeyərkən də qidaların hazırlanma və təqdim edilmə şəraitinə diqqət yetirmək lazımdır. Ən təhlükəsiz seçim yaxşı bişirilmiş və isti şəkildə təqdim olunan yeməklərdir.
Xüsusilə açıq bufetlərdə uzun müddət otaq temperaturunda saxlanılan salatlar risk yaradır. Salatlar buz üzərində və ya soyudulan bölmədə təqdim edilmirsə, ilıqdırsa və ya üzərində milçəklər varsa, onları istehlak etməmək tövsiyə olunur.
Uzun müddət açıq havada saxlanılan doğranmış meyvələrdə də mikroorqanizmlər sürətlə çoxalır.
Ən vacib mərhələ – əl yumaq
Tərəvəz və meyvələr nə qədər yaxşı yuyulsa da, şəxsi gigiyenaya əməl edilmədikdə infeksiya riski aradan qalxmır.
Yemək hazırlamazdan və yeməyə başlamazdan əvvəl əllər ən azı 20 saniyə ərzində su və sabunla yuyulmalıdır. Əllər mikroorqanizmlərin qidalara keçməsində əsas vasitələrdən biri hesab olunur. Buna görə də çiy məhsullara toxunduqdan sonra əlləri yenidən yumaq vacibdir.
Bu əlamətlər varsa, həkimə müraciət edin
Qida mənşəli infeksiyalar zamanı ishal, ürəkbulanma, qusma və qarın ağrısı kimi əlamətlər müşahidə olunur. Mikroorqanizmlərin miqdarı çox olduqda şikayətlər qidanın qəbulundan bir neçə saat sonra başlayır.
Yüngül hallarda əlamətlər qısa müddətdə keçir. Lakin güclü maye itkisi, su içə bilməmə, davamlı qusma və tez-tez təkrarlanan ishal hallarında mütləq tibb müəssisəsinə müraciət edilməlidir.
Xüsusilə azyaşlı uşaqlar, yaşlı insanlar, şəkərli diabet və böyrək çatışmazlığı olan şəxslər, eləcə də xroniki xəstəliklərdən əziyyət çəkənlər daha yüksək risk qrupuna daxildir. Bu kateqoriyadan olan insanlarda əlamətlərə laqeyd yanaşmaq olmaz və vaxt itirmədən tibbi yardım alınmalıdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
