Rəcəb Tayyib Ərdoğan Qurban bayramı namazını İstanbuldakı Büyük Çamlıca Camii məscidində qılıb.
Namazdan sonra jurnalistlərə açıqlama verən Ərdoğan bayramın mənəvi əhəmiyyətindən danışıb, həmçinin Fələstin və Qəzzadakı vəziyyətə diqqət çəkib.
Qurban bayramının sevgi, hörmət və həmrəylik günü olduğunu bildirən Türkiyə prezidenti bütün İslam aləminin bayramını təbrik edib. O qeyd edib ki, qurban ibadəti “təslimiyyət” və “Allaha yaxınlaşmaq” mənası daşıyır.
Ərdoğan deyib:
“Qurban bayramı eyni zamanda bir təslimiyyət bayramıdır. Bu təslimiyyətdə ata ilə övladın tam şəkildə Allaha bağlılığını, qurban vasitəsilə isə Allaha yaxınlaşmağı görürük.”
O, müqəddəs torpaqlarda həcc ibadətini yerinə yetirən müsəlmanlardan da bəhs edib və Ərəfatda nümayiş olunan birlik və həmrəylik mənzərəsinin əhəmiyyətini vurğulayıb.
Həccdən qayıdışların başladığını xatırladan Ərdoğan bildirib:
“Allah həccə gedən bütün qardaşlarımızın həccini qəbul etsin. Rəbbim oradakı birlik və bərabərliyi bütün müsəlmanlara nəsib etsin.”
Prezident əlavə edib ki, bu bayramın kədərli tərəfi Fələstin və Qəzzada yaşanan hadisələrdir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

