Hüquq yalnız qanun mətnləri və maddələr toplusu deyil, o, cəmiyyətin mənəvi dayaqlarını, ədalət duyğusunu və sosial münasibətlərin tarazlığını qoruyan canlı mexanizmdir. Müasir dövrdə isə hüquqi düşüncənin inkişafı, alternativ mübahisə həlli yollarının tətbiqi və mediasiya institutunun güclənməsi ictimai sabitliyin əsas amillərindən birinə çevrilib.
Gundelik.az xəbər portalının budəfəki müsahibi – hüquq üzrə fəlsəfə doktoru, peşəkar mediator Əlövsət Allahverdiyev hüquq və cəmiyyət münasibətlərinə yalnız nəzəri deyil, həm də praktik müstəvidə yanaşan mütəxəssislərdəndir. O, hüquqi mədəniyyətin formalaşması, mediasiyanın “yumşaq güc” kimi rolu, mübahisələrin sivil həll yolları və hüququn sosial barışa verdiyi töhfələr barədə fikirlərini bölüşür.
Müsahibədə hüququn fəlsəfi mahiyyəti, qanunların cəmiyyət tərəfindən qəbul mexanizmi, mediasiyanın insan münasibətlərində yaratdığı yeni etik platforma və gələcək perspektivlər geniş təhlil olunur. Oxuculara hüquqa fərqli prizmadan baxmaq imkanı verən bu söhbət həm nəzəri, həm də praktik baxımdan aktual suallara aydınlıq gətirir.
– Əmək mübahisələrində mediasiyanın tətbiqi tərəflər arasında yaranmış ixtilafın daha qısa müddətdə və məhkəmə mərhələsinə keçmədən həll olunmasına əlverişli şərait yaradır. Bu mexanizm işçi ilə işəgötürən arasında mövcud münasibətlərin qorunub saxlanmasına, qarşılıqlı etimadın bərpasına və sosial tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, mediasiya prosesi maddi və vaxt itkisinin minimuma endirilməsini təmin edir, daha çevik və tərəflərin ortaq razılaşmasına əsaslanan qərarların qəbuluna imkan verir. Prosesin məxfi xarakter daşıması isə tərəflərin işgüzar nüfuzunun qorunmasına zəmin yaradır. Nəticə etibarilə, tərəflər öz maraqlarını nəzərə alan kompromis həll variantı tapmaq imkanı əldə edirlər.
Müqavilə mədəniyyətinin zəif olması hansı hüquqi risklər yaradır?
– Müqavilə mədəniyyətinin yetərincə formalaşmaması tərəflər arasında öhdəliklərin dəqiq və hüquqi baxımdan əsaslandırılmış şəkildə müəyyən edilməməsinə səbəb olur. Bu isə gələcəkdə müxtəlif mübahisələrin yaranması riskini artırır.
Şifahi razılaşmalar sübutetmə baxımından ciddi çətinliklər yaradır, hüquqların müdafiəsini zəiflədir və nəticə etibarilə maddi zərərlərə gətirib çıxara bilər. Bundan əlavə, məsuliyyət bölgüsünün və müqavilə şərtlərinin qeyri-müəyyənliyi hüquqi boşluqlar formalaşdırır ki, bu da tərəflər arasında etimadsızlığın və uzunmüddətli mübahisələrin yaranmasına zəmin yaradır.
Daşınmaz əmlak və miras mübahisələrində ən çox rast gəlinən problemlər hansılardır?
– Daşınmaz əmlak və mirasla bağlı mübahisələrdə ən çox rast gəlinən problemlər sırasında sənədlərin düzgün və tam şəkildə rəsmiləşdirilməməsi, pay bölgüsü ilə əlaqədar fikir ayrılıqları, vərəsələrin hüquqlarının düzgün müəyyən edilməməsi və faktiki istifadə ilə hüquqi vəziyyət arasında uyğunsuzluq xüsusi yer tutur.
Bununla yanaşı, qeyri-rəsmi alqı-satqı əməliyyatları, vəsiyyətnamənin olmaması, yaxud onun mübahisələndirilməsi də ixtilafların yaranmasına səbəb olan əsas amillərdəndir. Bu kimi hallarda hüquqi savadlılığın artırılması və mübahisələrin ilkin mərhələdə mediasiya yolu ilə həll edilməsi tərəflər arasında daha ədalətli və davamlı nəticələrin əldə olunmasına imkan verə bilər.

