Fizioterapiya kabinetlərində istifadə olunan müxtəlif cihazlar artıq bir çox insan üçün tanış mənzərədir. Dəriyə elektrodların yerləşdirilməsi, xüsusi aparat vasitəsilə ultrasəs tətbiqi və ya problemli nahiyəyə lazer yönəldilməsi reabilitasiya prosesinin bir hissəsinə çevrilib. Lakin pasiyentlərin bir çoxu bu prosedurların orqanizmə necə təsir etdiyini və hansı hallarda faydalı ola biləcəyini tam bilmir. Əsas sual isə budur: bu cihazlar həqiqətən necə işləyir və onların tətbiqi nə zaman məqsədəuyğundur?
Elektroterapiya elektrik cərəyanından istifadə etməklə həyata keçirilən müxtəlif fizioterapevtik üsulları əhatə edir. Bu metodlardan bəziləri ağrı hissinin azalmasına, digərləri isə əzələlərin stimulyasiyasına və hərəkət funksiyasının bərpasına yönəlib. Məsələn, TENS kimi üsullarda dəri üzərindən verilən elektrik impulsları ağrı siqnallarının ötürülməsinə təsir göstərə bilər. Lakin tətbiqin nəticəsi istifadə olunan metoddan, cərəyanın parametrlərindən və müalicə edilən problemdən asılıdır.
Ultrasəs terapiyasında isə yüksək tezlikli səs dalğalarından istifadə olunur. Xüsusi başlıq vasitəsilə toxumalara ötürülən bu dalğaların mexaniki və istilik təsirləri ola bilər. Məqsəd toxumalarda müəyyən fizioloji proseslərə təsir göstərmək və reabilitasiya prosesinə dəstək olmaqdır. Bununla belə, ultrasəs terapiyasının effektivliyi bütün xəstəlik və ağrı növlərində eyni deyil. Bu səbəbdən onun tətbiqi konkret diaqnoz və pasiyentin vəziyyəti nəzərə alınaraq müəyyənləşdirilməlidir.
Lazer terapiyası isə işıq enerjisindən istifadə edir. Aşağı intensivlikli lazer və fotobiomodulyasiya zamanı müəyyən dalğa uzunluğunda işıq toxumalar tərəfindən udulur və hüceyrə səviyyəsində bioloji reaksiyalara təsir göstərə bilər. Bu üsul bəzi hallarda ağrı və iltihabın azalmasına, eləcə də toxumaların bərpasına dəstək məqsədilə tətbiq olunur. Lakin burada da nəticə lazerin növündən, tətbiq olunan dozadan və müalicə edilən problemdən asılıdır.
Mövzu ilə bağlı tanınmış reabilitoloq və fizioterapevt Afaq Azad Gundelik.az-a açıqlama verib.
Onun sözlərinə görə, fizioterapiya cihazlarına “möcüzəvi müalicə vasitəsi” kimi yanaşmaq düzgün deyil.
Mütəxəssisin fikrincə, elektroterapiya, ultrasəs və lazerin hər birinin fərqli təsir mexanizmi var və cihaz seçimi pasiyentin diaqnozuna, ağrının səbəbinə, toxumanın vəziyyətinə və müalicənin məqsədinə əsaslanmalıdır.
“Cihazın tətbiq olunması öz-özlüyündə müalicənin düzgün aparılması demək deyil. Əsas məsələ hansı pasiyentə, hansı mərhələdə, hansı parametr və dozada tətbiq edilməsidir. Bəzi hallarda cihazlar ağrının azalmasına və reabilitasiya prosesinə dəstək ola bilər. Lakin onları hər problemin əsas müalicəsi kimi təqdim etmək doğru deyil. Fizioterapiyada cihazla yanaşı terapevtik məşqlər, hərəkət terapiyası və digər reabilitasiya üsulları da nəzərə alınmalıdır”, – deyə Afaq Azad bildirib.
Həmsöhbətim qeyd edir ki, eyni cihaz müxtəlif pasiyentlərdə eyni nəticəni verməyə bilər. Buna görə də sosial şəbəkələrdə və ya tanışlar arasında müəyyən prosedurun faydalı olması barədə yayılan məlumatlara əsaslanaraq müalicəyə başlamaq düzgün yanaşma deyil. Əvvəlcə problemin səbəbi müəyyənləşdirilməli, daha sonra uyğun fizioterapiya metodu və prosedurun parametrləri seçilməlidir.
Fizioterapiyada əsas məqsəd yalnız ağrını müvəqqəti azaltmaq deyil, pasiyentin funksional vəziyyətini yaxşılaşdırmaq və gündəlik həyata daha sağlam şəkildə qayıtmasına kömək etməkdir. Bu baxımdan elektroterapiya, ultrasəs və lazer kimi cihazlar düzgün seçildikdə və digər reabilitasiya üsulları ilə birlikdə tətbiq edildikdə müalicə prosesinin bir hissəsinə çevrilə bilər.
Nəticə etibarilə, fizioterapiya cihazlarının effektivliyi yalnız aparatın özündən asılı deyil. Düzgün diaqnoz, fərdi müalicə planı, uyğun cihaz və parametrlərin seçilməsi, eləcə də pasiyentin aktiv reabilitasiya prosesində iştirakı müalicənin nəticəsində əsas rol oynayır.
Nurəddin Abdullayev
Gundelik.az

