Dünyanın ən yaxşı çimərliklərini müəyyənləşdirmək üçün peyk məlumatları, iqlim şəraiti və 93 mindən çox istifadəçi rəyi araşdırılıb. Aparılan genişmiqyaslı araşdırmada ABŞ Virgin adalarındakı Trunk Bay dünyanın ən yaxşı çimərliyi seçilib. Yunanıstan, Xorvatiya və Portuqaliyadan olan üç çimərlik də ilk 10-luğa daxil olub.
Firuzəyi rəngli suları, ağ qumları və unikal mənzərələri ilə seçilən dünyanın ən yaxşı çimərlikləri ekspert rəyləri və elmi məlumatlar əsasında yenidən sıralanıb.
Dünyanın ən gözəl çimərliyini seçmək əksər insanlar üçün olduqca şəxsi məsələdir. Kimiləri üçün şəffaf sular və ağappaq qumlar önəmli olduğu halda, kimiləri üçün həmin çimərlikdə yaşanan xüsusi bir an hər şeydən üstün ola bilər.
Beach.com komandası isə şəxsi seçimləri kənara qoyaraq, tamamilə məlumatlara əsaslanan araşdırma aparıb.
Dünyanın ən yaxşı 25 çimərliyini müəyyənləşdirmək məqsədilə 58 səyahət eksperti, kontent yaradıcısı və yerli nümayəndə ilə müsahibələr keçirilib. Bu görüşlərin nəticəsində 226 çimərlikdən ibarət geniş siyahı hazırlanıb.
Araşdırma zamanı NASA-nın MODIS-Aqua peyk məlumatlarından istifadə edilərək çimərliklərdə suyun rəngi və şəffaflığı araşdırılıb. Bundan əlavə, əraziyə nəqliyyat imkanları, ətraf mühitin vəziyyəti, təqdim olunan xidmətlər və ümumi atmosfer barədə məlumat əldə etmək üçün 93 mindən çox Google Maps rəyi təhlil edilib.
Çimərliklərin ən yaxın böyük hava limanına məsafəsi və ilin hansı dövrlərində ziyarət üçün əlverişli olduğu da nəzərə alınıb.
Bütün məlumatların təhlilindən sonra dünyanın ən yaxşı çimərliyi ABŞ Virgin adalarının Sent-Con adasında yerləşən Trunk Bay seçilib.
Trunk Bay ekspertlər tərəfindən ən çox tövsiyə edilən çimərliklərdən biri olmaqla yanaşı, parlaq mavi və şəffaf suları ilə diqqət çəkir. Ərazidə ilin təxminən 10 ayı ərzində istirahət üçün əlverişli hava şəraiti hökm sürür.
Səyahət üzrə kontent yaradıcısı Savanna Crowell Trunk Bayın milli park ərazisində yerləşdiyini və çimərliyin arxasındakı dağ mənzərəsinin olduqca unikal olduğunu bildirib.
Crovell çimərliyin yumşaq ağ qumları və firuzəyi rəngli suları ilə sanki reallıqdan kənar mənzərə yaratdığını qeyd edib.
Avropanın ən yaxşı çimərlikləri
Siyahının ikinci pilləsində Yunanıstanın Krit adasında, Hanya yaxınlığında yerləşən Elafonissi çimərliyi qərarlaşıb.
Piyada keçilə bilən dayaz laqunu ilə xüsusilə uşaqlı ailələr üçün ideal seçim hesab olunan Elafonissi çəhrayı çalarlı qumları və firuzəyi rəngli dənizi ilə də seçilir.
Xorvatiyanın Braç adasında yerləşən və Zlatni Rat adı ilə də tanınan Golden Horn çimərliyi isə dünya sıralamasında beşinci olub.
Çimərliyə getmək istəyən turistlər Split şəhərindən Bol qəsəbəsinə hərəkət edən katamaranlardan istifadə edirlər. Bol qəsəbəsindən qısa piyada yürüşdən sonra Zlatni Rat çimərliyinə çatmaq mümkündür.
Şəffaf dənizi ilə seçilən çimərlik Split səyahətlərinin ən populyar dayanacaqlarından biri hesab olunur.
İlk 10-luğa daxil olan digər Avropa çimərliyi isə Portuqaliyanın Alqarve bölgəsində yerləşən Praia da Falesia olub.
Doqquzuncu sırada qərarlaşan çimərlik təbii görünüşünü qoruması və möhtəşəm sahil mənzərələri ilə ekspertlərdən yüksək qiymət alıb.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

