Yaşamaq istəsən, vuruş həmişə!
Azadlıq layiqdir o adama ki,
Atıla bu yolda hər an döyüşə!..
Alman ədəbiyyatının zəngin tarixi var. Böyük ənənələrə malik olan bu ədəbiyyat ayrı-ayrı vaxtlarda bəşər mədəni fikri xəzinəsinə neçə-neçə düha bəxş etmiş, bədii-fəlsəfi təfəkkürün parlaq nümunələrini vermişdir. Alman ədəbiyyatının dövrümüzə qədər gəlib çatmış ən qədim yazılı abidəsi IX əsrin əvvəllərinə aid olunan “Hildebrant nəğməsi” qəhrəmanlıq eposu hesab edilir. XVIII əsrdə alman ədəbiyyatı maarifçilik ideyalarının təsiri ilə inkişaf edirdi. Bir sıra tənqidçilər, habelə “Fırtına və təzyiq” ədəbi cərəyanının nümayəndələri Almaniyada maarifçiliyin əsas nümayəndələri olmuşlar.
Alman ədəbiyyatının “qızıl dövrü” Lessinq, Höte və Şillerin adı ilə bağlıdır. Dünya söz sənətinin karifeyləri olan məşhur alman yazıçılarından bir çoxunun – Hötenin və Lessinqin, Şillerin və Haynenin, Nitsşenin və Hessenin, Hauptmanın, Remarkın, Böllün və başqalarının əsərləri və parlaq ədəbi irsindən nümunələr artıq dünyanın müxtəlif xalqlarının dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur.
Höte, əlbəttə ki, ilk olaraq dünya ədəbiyyatının ən gözəl lirik şairlərindən biridir. Onun poeziyası təxminən, otuz beş min misradan ibarətdir. Poeziyanın elə bir növü yoxdur ki, Höte həmin növdə nümunəvi əsərlər yaratmasın.
Həyat və yaradıcılığı
Yohann Volfqanq Höte qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı bürger Yohann Kaspar Hötenin (1710-1782) ailəsində dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Höte evdə yaxşı təhsil alıb. 1765-ci ildə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək Hüquq elmləri doktoru elmi dərəcəsi alıb. Yaratdığı iki hissədən ibarət ölməz “Faust” dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır. Hötenin digər məşhur əsərlərinə çoxsaylı şeir-poemaları – “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” adlı məktub-romanı, “Seçmə oxşarlıq” adlı qismən avtobioqrafik romanlarını misal göstərmək olar.
Alman şair-dramaturqu, mütəfəkkir və naturalisti Höte alman ədəbiyyatının və XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının ən önəmli simalarından biri idi. Veymar hərəkatı o dövr Avropa və Almaniyada İntibah, Sentimentallıq, “Tufan və Həmlə” və Romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə baş vermişdir.
“Faust” və “Rənglərin Nəzəriyyəsi” əsərlərində Höte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərmişdir. Höte yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir.
Hötenin “Gənc Verterin iztirabları” adlı romanı, Romantizmin erkən mərhələsində ona yazıçı kimi böyük bir şöhrət qazandırdı. Həqiqətən də, “Gənc Verterin iztirabları” romantik hərəkata təkan verən “qığılcım” hesab olunur və hətta dünyanın ilk “bestseller” i adlandırıla bilər.Yohann Volfqanq Höte 22 mart 1832-ci il (82 yaşında) infarkt (deyilənlərə görə) nəticəsində həyatını itirmişdir.
Dünya ədəbiyyatşünaslığının qənaətincə, alman ədəbiyyatına ilk və füsunkar müasir şeiri gətirmiş Hötenin yaradıcılığı XVIII əsrin sonu – XIX əsrin əvvəlində milli alman mədəniyyətində hakim mövqe tutur. Dünya ədəbiyyatının “ən mükəmməl əsərlər və ən seçkin obrazlar qalereyası” xəyalatına dursaq, gümanımızca, “Faust” la Faust ilk onluqda görünərdi. Eləcə də, büsbütün öz həyat-amal kredosunu, daim bəşəriliyə cəzbdə olan fərdi düşüncə, dünyabaxış, aləmidərk kimi tərz-təmrinlərini güzgüləyən bu əsərin müəllifi…
Ölümündən bir il əvvəl tamamladığı (mənaca “xoşbəxtlik” ehtiva edən) “Faust” da daim axtardığı xoşbəxtliyə, daxili ehtiras və sevgilərinə nail olmaqçün müxtəlif yollara (hətta şeytanla ortaqlığa) əl atan Faust obrazı ilə bəşəri insan xarakterini və davranışını ədəbi-bədiiliyin ecazkar bir nümunəsində təsvir edən Höte, insanın öz nəfsi yolunda nələr edə biləcəyi “istedad” ını bütün gizlinlərinədək faş edə bilmişdir. İnsan münasibətlərinin, elmin, ən ümumbəşəri “fənn” olan fəlsəfənin bütün sirlərinə yiyələnmiş bu obrazın qarşısında durası yeni bir maneə, konkret desək, heç nə yoxdur. Onunçün hər “bugünkü” dünənki, hər “sabahkı” bugünküdür. Bir bu qalır ki, rastlaşdığı, yaxud, çalışıb əldə etdiyi hər yeni məlumatı xırım-xırdalığınadək, qarşılaşdığı insanları “gözünün içinədək” öyrənsin. Puşkin “Faust” haqqında demişdir: “İlliada” qədim incəsənətin nümunəsi olduğu kimi, “Faust” da yeni dövr ədəbiyyatının nümunəsidir. “Faust” həm də dərin milli, həm də bəşəri hissləri ifadə edən bir əsərdir. Şair burada mövcud alman gerçəkliyinə qarşı, fikir azadlığı uğrunda mübarizə edən qəhrəmanının zəngin daxili aləmini açıb göstərmişdir.
“Gənc Verterin iztirabları” isə, bu humanist ədibi, hələ dünyanın “iç üzünə” nabələd oxucuya, əsl “sadist” kimi də təqdim edir.
Bütün ömrü uzunu gördüyü, duyduğu həyat-yaşam nüanslarını “Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın, təbiətin əsl möcüzəsi anadır. Heç kim, qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı bir ana qədər hörmətli deyil”, “Musiqi sevməyənə insan demək olmaz: onu sevən insan ancaq yarımdır; musiqi yaradansa tam insan”, “Hiss və ağıl toqquşumunda birinci (hiss) həmişə qalibdir”, “Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti üstündədir”, “Dünyada ən gülünc istək – hamının xoşuna gəlmək…” kimi postulatlarla ifadə edib, bəşər oxucusu gözündə göylərə qalxmış bu dahi filosof-ədib “İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdur” qənaəti ilə yerə – reallığa da enir…
Hötenin ədəbi-bədii aləmində məktublar da, obrazlı desək, “baş qəhrəman” lar mərtəbəsindədir. Onun öz dost-yaxınlarına yazdığı məktubların sayı ömrünün 22-ci ilindən mütaliəyə başladığı müqəddəs Quranla tanışlıqdan sonra daha da artır və üstəgəl, Hafizin “Divan”ının təsirilə yazdığı “Qərb-Şərq Divanı” adlı silsilə şeirlər! Bu əsər üzərində işləyərkən böyük şərqşünas professorların köməyilə ərəb dilini öyrənən Höte 70 yaşının tamamında yazacaqdı: “Peyğəmbərə Quranın nazil edildiyi gecəni-Qədr gecəsini lazımınca qeyd etmək fikrindəyəm”…
Həmin vaxtdan yaranan bu təbəddülat hətta onun müasirlərində “Höte müsəlmanmı?..” şübhəsi oyatmışdı.
Bu sualların yaranmasına real əsaslar vardı ki, onlardan biri də, Tək Allaha təslimiyyət və ibadətin üstünlüklərini şövqlə bəyan etməkdən doymayan bu məşhur xristianın öz “Qərb-Şərq Divanı” barədə qeyd və oçerklər” ində yazdıqları: “Vahid Allaha inam həmişə insanın ruhunu dirçəldir. Allahın 99 sifətini əhatə edən adlarını zikr etmək özü də ən gözəl dua növlərindəndir. Yaradana məxsus olan sifətlərin eyni an və məqamda yad edilməsi Onun mahiyyətinin dərk olunmamasından xəbər verir. Dua edən şəxs heyran və valeh halda Onun iradəsinə tabe olur və aramlıq tapır…”
Yaxud onun Reymerə yazdığı məktub: “İnsanlar dərk edə bilmədikləri və xoşbəxtlik anında tam mənası ilə təzahür edən bütün naməlum qüvvələri təsadüf adlandırırlar. Lakin bu, ən xırda şeydə belə öz böyüklüyünü göstərən, gözə görünmədən hər yerdə mövcud olan Allahın əlamətləridir”.
Bu adam bütün bunları necə çatdırırmış? Bu sualın qaranlığında görünən yeganə işartı kimi deyək ki, Höte sutkada 5-cə saat (dünya “yuxusuzları” arasında yalnız Edissondan 2-cə saat çox) yatarmış. Günün 5-də 4-nü (hətta qida öynələrində belə!) eşidər, danışar, yazarmış…
Qurani-Kərimin latın, alman, ingilis və fransız dillərinə edilmiş tərcümələrinin yetərsiz, bir çox halda naqis olduğunu daim vurğulayıb, həmişə yeni tərcümələr axtaran, ərəbdilli dərslikləri, səyahətnamələri, böyük Şərq klassiklərini, Quran təfsirlərini, Məhəmməd peyğəmbər (s.ə.s.) barədə kitabları oxumaqdan yorulmayan Höte ölüm yatağındaykən belə, əllərilə səmada “Allah” kəlməsini (ətrafındakılar bunu onun öz adındakı “Wolfqanq”ın ilk hərfi – “W” kimi imitasiya etsələr də) çizməklə, məhz Qurandakı Tək Tanrını zikr edirmiş…
Onun həyat və fəaliyyətinin Veymar dövrü ayrıca mərhələ təşkil edir. 1775-ci ildə Saksoniya-Veymar Hersoqu Karl Avqustun çağırışı ilə o, Veymara köçüb, nazir və gizli şuranın üzvü təyin edilir. Höte gərgin fəaliyyətə qoşulur.
1786-cı ildə, nəhayət, Veymar sarayından qaçıb İtaliyaya gedir. Bunu o həm həyatı, həm də ədəbi-bədii fəaliyyəti sahəsində özünü “hicri” adlandırır. Höte şərq dilində işlətdiyi bu kəlməni həyatının yeni səhifələri ilə bağlı olan bir söz kimi işlətməyi çox sevərdi. O, bu sözü bir də qoca yaşlarında, Şərq poeziyası aləminə köçüb “Şairlər şahı” adlandırdığı Nizami, Firdovsi, Ənvəri, Rumi, Hafiz, Cami, Sədi yaradıcılığı ilə məşğul olduğu zaman işlətmişdi.
“Dünyada ən çox öyrənilən 100 tarixi şəxsiyyət”i müəyyənləşdirib, xüsusi kataloq tərtib etmiş Amerikanın Konqres Kitabxanasının araşdırma nəticələrində Höte (L.Tolstoydan sonra) ikincidir. Kataloq hazırlanarkən həmin şəxslər haqqında yazılan nüfuzlu monoqrafiyalar əsas götürülüb.
Bu il dahi alman yazarı və filosofu İohann Volfqanq Hötenin anadan olmasının 270 illiyidir. İki əsrdən artıqdır ki, insanlıq bu böyük şairin, dramaturqun və alimin sözünün sehrindədir.
O, dünya ədəbiyyatına yön verən, əsərləri ilə bəşəriyyətin yaddaşında iz açmış nəhəng qələm sahiblərindən, ölməz fikir adamlarından biridir. O, dostu Şillerlə birlikdə klassik alman ədəbiyyatının ən parlaq nümunələrini yaratmışdır. Onun bir çox əsərləri Avropa romantizmini ən uca zirvəyə yüksəltmişdi.
Höte Azərbaycanda da tanınır və sevilir. Dünyaca məşhur olan “Faust” faciəsi dilimizə tanınmış şair Əhməd Cəmil tərəfindən uğurla tərcümə edilmişdir. Şairin “Şərq-Qərb” nəşriyyatında 2010-cu ildə “Dünya ədəbiyyatı klassikləri” silsiləsindən buraxılmış iri həcmli bircildliyinə “Faust” dan əlavə, Çərkəz Qurbanlının tərcüməsində “Gənc Verterin iztirabları” romanı və şeirləri salınmışdır. Şeirləri dilimizə Əlamdar İsa və Həmid Arzulu çevirmişlər. Romantik sevgi ədəbiyyatının bu parlaq nümunəsi nəşr olunandan sonra Almaniyada və bütün Avropada gəncləri öz təsiri altına alıb. O, bu əsərini 1774-cü ildə yazmışdı. Cəmi üç ay ərzində yazılan bu məktub-romanda əslində müəllif yaşantılarını, 22 yaşındaykən, 1772-ci ilin 9 aprelində bir məclisdə tanış olduğu Şarlotta Buffa duyduğu heyranlığı qələmə almışdır.
“Şərq-Qərb divanı” nı isə İohann Volfqan Höte 65 yaşında yazmışdır. Ölən gününədək, yəni 1832-ci ilədək ara vermədən çalışan, axtaran, öyrənən, yazan böyük şair, həm də sevgi dahisi idi; ixtiyar yaşında da gənclik ruhunu qoruyurdu.
Gənc yaşlarından Şərqlə, İslam aləmi ilə, Doğunun böyük şairlərinin əsərləri, Quran-i Kərimi ilə maraqlanan, Avropa üçün sirli və romantik bir aləm olan Osmanlı dövlətinin mədəni sərvətlərinə xüsusi bir sevgi ilə yanaşan Höte Hafiz lirikasından da Mariannenin gözəlliyindən odlandığı kimi duyğulanmışdı. Höteyə qədər Şərqlə Qərbin dioloqu çox mərhələlərdən keçmişdir. Özəlliklə Osmanlı həyat tərzindən gələn mövzular türk ruhu Avropada uzun müddət bütün böyük sənət adamlarının rəsm, musiqi, səhnə əsərlərinə, ədəbi əsərlərə hakim olmuşdur.
Yalançı mollalar! Cavabım kəsə!
Mənim qüdrətimə şübhəniz vardı.
Tanrının hökmüdür! Əgər istəsə
Mən də bir soxulcan yaradılardım…
“Şərq-Qərb divanı” adı əsərin ruhunu gözəl ifadə edir. Şərq müdrikliyi, mifalogiyası, İslam dəyərləri alman dühası ilə dəyərləndirilərkən insanlığın ümumi dünya görüşü, ortaq estetik dəyərləri, bəşəriyyətin əbədi qayğıları, mükəmməl bir şəkildə ortaya çıxır, savaşır, didişmələr, ayrı-seçkiliklər, mənasızlaşır.
Dünya ədəbiyyatında önəmli mövqe sahibi olan məşhur alman yazarı İohann Volfqan Höteyə bəslənən məhəbbət nədən irəli gəlir? Bunun səbəblərini heç şübhəsiz, böyük şairin şəxsiyyət və varlığının xüsusiyyətində, dühasının mahiyyətində aramaq lazımdır. Qısaca ifadə etsək: Höte böyük mütəfəkkir, bacarıqlı dövlət adamı, görkəmli rəssam anatomiya və botanika sahəsində kəşflər sahibi olan bir alimdir. Təmiz əxlaq, çalışqanlıq, mədəni cəsarət və ədalət hüquqçusu, Universitet təhsili almış, hüquq doktoru olmaqla bərabər, o, özünün fəaliyyətini geniş bir sahədə çalışqanlığı ilə təbii elmlər və ədəbiyyata sərf etmişdir.
Bu böyük istedad sahibi hərtərəfli həyat təcrübəsini, elmini, tarixdən, əfsanələrdən və digər mənbələrdən əxz etdiyi ilhamı, duyğu və düşüncələrini təkmilləşdirərək insanlığın istifadəsinə təqdim etdiyi əsərlərində bəşəri dəyərləri tərənnüm etmişdir. Əsərlərində ən çox və israrla dilə gətirdiyi dəyərlər sevgi və barış, hürriyyət, qardaşlıq, sakitlik, gözəllik, yaxşılıqdır.
Alman dili və ədəbiyyatına damğasını vurmuş məşhur şair İohann Volfqan Hötenin ən önəmli əsəri “Faust” dan sonra ikinci sırada isə, heç şübhəsiz, bütün alman dili və ədəbiyyatçılarının yekdilliklə qəbul etdiyi kimi “Şərq-Qərb divanı” adlı divanıdır.
Şair öz şeirinin layihəsini,
İnamı olmasa yarada bilməz.
Musiqi qatmasa könül səsini
Kaman tək yanğılı ürəyə gəlməz…
AYNUR TURAN
Gundelik.az

