Dünyada elə şəxsiyyətlər var ki, onlar ömürlərini millətin yolunda şam kimi əridir, hələ sağ ikən əbədilik qazanır. Tarixdə belə şəxsiyyətlər hələ sağlıqlarında ikən özlərinə abidə ucalda bilirlər. Qədim və şərəfli tarixi olan Azərbaycan xalqının bütün əsrlərdə fəxr ediləsi, ləyaqətli və qeyrətli oğulları olmuşdur. Tariximiz, mədəniyyətimiz, elmimiz, mənəviyyatımız, dilimiz, bu oğulların səyi, zəhməti, cəsarəti, sayəsində daim şöhrətlənmiş, sayılıb-seçilmişdir. Belə qeyrətli və əvəzsiz azərbaycanlı müdriklərdən biri də həmişə qürur duyduğumuz, iftixarımız, xalqımızın görkəmli oğlu akademik Teymur Bünyadovdur. Akademik Teymur Bünyadovun ömür yoluna və çoxşaxəli elmi-ictimai fəaliyyətinə nəzər saldıqda bu böyük insanla fəxr etməmək mümkün deyil. Nəcib, xeyirxah, elmli və işıqlı insanların həyatı çətin və əziyyətli olsa da, bu həyat yolu qürur və iftixarla dolu olur. Həyatın mənasını yaşanan illərin sayında deyil, onun necə yaşanmasındadır. Gözəl, mənalı olduğu qədər dolu-dolu yaradıcılıq uğurları ilə zəngin həyat sürən görkəmli akademik Teymur Bünyadovun bu il 94 yaş tamamında dünyasını dəyişdi.
Yaradıcılığı
1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində anadan olan Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafına sanballı töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, böyük alim və ictimai xadim, görkəmli ziyalı Teymur Əmiraslan oğlu Bünyadov orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, dünya şöhrətli Qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
1955-ci ilin may ayında T.Bünyadov Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin ildən onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlıdır.
T.Bünyadov 1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
1960-cı ildə Teymur Bünyadovun “Azərbaycan arxeologiyası oçerkləri” adlı kitabı nəşr edildi. Bu əsərdə Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu, onun məskunlaşdığı ərazinin isə zəngin və təbii muzey kimi formalaşdığı sübuta yetirilib. Əsərdə Azərbaycanın ən qədim dövrdən XV əsrə qədərki tarixi işıqlandırılır. 1975-ci ildə isə o, “Əsrlərdən gələn səslər” əsərində xalqımızın musiqi mədəniyyəti irsini ilk dəfə tarixi-etnoqrafik baxımdan qələmə almışdır.
Akademikin fəaliyyəti daha çox Azərbaycanın arxeologiya və etnoqrafiya elmi ilə bağlıdır. Teymur Bünyadov 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin, o cümlədən xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifidir. Onun rəhbərliyi altında 2007-ci ildə ilk dəfə böyük tirajla “Azərbaycan etnoqrafiyası” üçcildliyi nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.Onun rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Qəbələnin tarixi”, “Qəbələ folkloru” və “Qəbələnin etnoqrafiyası” adlı üçcildliyi çapa hazırlanmış, rus və ingilis dillərinə tərcümə edilmişdir.
Akademik Teymur Bünyadovun bir sıra beynəlxalq elmi konfranslarda,o cümlədən 1960-cı ildə Moskvada şərqşünasların XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə VII Beynəlxalq konqresdə, 1971-ci ildə Tiflisdə arxeoloq və etnoqrafların ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda birinci Millətlərarası Azərbaycan-türk dərnəkləri qurultayında, 2004-cü ildə Moskvada məşhur Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə “Azərbaycanın xalça sənəti” adlı beynəlxalq konfransdakı çıxışları böyük maraqla qarşılanmışdır.
T.Bünyadovun yaradıcılıq fəaliyyətinin digər bir istiqaməti də bədii yaradıcılıqdır. Keçən əsrin 70-ci illərinin sonlarından başlayaraq bir-birinin ardınca yazdığı “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala” və başqa əsərləri elmi yaradıcılığının bir növ davamı hesab oluna bilər. Həmin əsərlərdə müəllifin vətəndaşlıq mövqeyi, doğma vətəninə, onun qurub-yaratmaq eşqi ilə yaşayan zəhmətkeş insanlarına məhəbbəti qələmə alınmışdır.
Azərbaycan mətbuatında müəllifin çoxsaylı hekayələri çap olunmuş, 1991-ci ildə “Göz yaşları” romanı yüksək tirajla geniş oxucu auditoriyasına təqdim edilmişdir. Müəllifin “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatılar kitabı oxucuların böyük rəğbətini qazanmışdır. Bu kitablarda zorla cəlb olunduğumuz ədalətsiz müharibənin dəhşətlərindən söz açılır, xalqımızın qırılmaz iradəsi, mübarizə əzmi, qəhrəmanlığı, vətənpərvərliyi, eləcə də zəngin adət-ənənələri tərənnüm olunur.
Teymur Bünyadov elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də 50 ildən artıq fəaliyyət göstərmişdir. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində Azərbaycan tarixi, Qədim dünya tarixi və Arxeologiya fənlərindən dərs demişdir. Öz elmi məktəbini yaratmış xalqşünas alimin gənc kadrların hazırlanmasında da gərgin əməyi olmuşdur. Teymur Bünyadov öz elmi məktəbini yaratmış alimlərdəndir. Onun rəhbərliyi ilə 7 elmlər doktoru, 25-dən çox aspirant və dissertant alimlik zirvəsinə yüksəlmişlər.
Azərbaycan etnoqrafiya elminin və mənəvi dəyərlərimizin təbliğində və geniş yayılmasında Teymur Bünyadovun radio və televiziyada təşkil etdiyi verilişlər də təqdirəlayiqdir. T.Bünyadov iki ildən çox Azərbaycan Dövlət Televiziyasında böyük maraqla izlənən “Əsrlərdən gələn səslər” adlı verilişin təşkilatçısı və aparıcısı olmuşdur. “Kölgələr sürünü” bədii filminin ekran həyatı qazanmasında elmi məsləhətçi kimi T.Bünyadovun xidməti böyükdür. Dağlıq Qarabağda baş verən hadisələr zamanı görkəmli alim gənclərə vətənpərvərlik, döyüş ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və s. bu kimi elmi-populyar kitabçalar nəşr etdirmiş, məqalələr yazmış, radio və televiziyada çıxış etmiş, müxtəlif illərdə Goranboy, Ağstafa, Qazax, Bərdə, Ağdam rayonlarında düşmənlə üzbəüz mövqelərdə olmuşdur.
Teymur Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, həmin müddətdə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuş, eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri kimi də fəaliyyət göstərmişdir. Sonralar ictimai fəaliyyətini davam etdirən akademik T.Bünyadov ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin prezident seçkilərində vəkili olmuşdur. T.Bünyadov 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
T.Bünyadov AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının və Respublika Ziyalılar Cəmiyyətinin üzvü olmuşdur.
Hazırda akademik Teymur Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika komissiyasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, respublika elmi tədqiqatların tərkibi və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, Teymur Bünyadovjurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.
T.Bünyadovun səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Teymur Bünyadov Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir. Olduqca ədalətli insandır, onda müdriklik, yüksək ziyalılıq keyfiyyəti vardır. Teymur Bünyadov Azərbaycan etnoqrafiya elminin banilərindən biri, tələbkar elm təşkilatçısı, zəngin mənəviyyatlı, geniş dünyagörüşü ilə ad-san qazanan nurlu şəxsiyyətlərimizdəndir.
“Alimin qələminin mürəkkəbi şəhidin qanından üstündür”. Hər dəfə həzrəti Peyğəmbərimizin (s.) bu təsirli kəlamı yadıma düşəndə qeyri-ixtiyari olaraq şəxsiyyətinə və elminə böyük ehtiram bəslədiyimiz çox hörmətli akademik Teymur Bünyadovun o nurlu çöhrəsi gözlərimiz önünə gəlməyə bilməz. Bəli, Teymur müəllim, sözün həqiqi mənasında, ömrünü bütünlüklə elmə, yaradıcılığa həsr etmiş fədakar alimdir. Onun həyat və yaradıçılığı olduqca maraqlı və çoxşaxəlidir. Əsərləri isə öyrədicidir. Məhsuldar əməyin bəhrəsi olan “Azərbaycan etnoqrafiyası” III cildli kitabı də bu kitablardarındandır. “Azərbaycan etnoqrafiyası” nın birinci cildində “Azərbaycanın təbii coğrafi şəraiti, çoxəsirlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, onun əhalinin sosial-iqtisadi həyatında rolu, həmçinin xalqımızın qədim məşğuliyyət sahəsindən olan ovçuluq, balıqçılıq və arıçılığın keçdiyi inişaf mərhələləri öyrənilir. Kitabda Azərbaycan xalqının qədim sənət sahələrindən dulusçuluq, daşişləmə, ağacişləmə, misgərlik, dadbağlıq, xalçaçılıq və s. geniş tədqiq olunmuşdur.
Avropa ilə Asiyanın ayrıcında yerləşən Azərbaycan əlverişli təbii-coğrafi şəraitə, mülayim iqlimə, münbit torpağa, zəngin yealtı və yerüstü şəraitə malikdir. Dünyada mövcud olan bir iqlim şəraitinin doqquzunun Azərbaycanda olması bu torpağın bərəkətini artırıb şöhrətini ucaldıb. Bu ərazi həqiqi olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından biri kimi məşhurdur. Hələ iki milyon il bundan əvvəl burada ibtidai insanların məskən salması, güzərən keçirməsi, yaşayıb-yaratması, təkamül, tərəqqiyə çatması üçün hər cür şərait mövcud olmuşdur. Qafqazın qoynunda yaşayan Azərbaycan xalqı bu qədim və müqəddəs ərazidə bərqərar olmuş, özünün yüksək təsərrüfat həyatını, sənətkarlığı, sənəti, maddi və və mənəvi mədəniyyətini yaradaraq dünyanın ən qədim və mədəni xalqarından biri kimi tanınmışdır. Azərbaycan etnoqrafik baxımdan dünyanın ən zəngin, çoxcəhətli və maraqlı guşələrindən biridir. Xalqımız minilliklər boyu Qafqaz və Qədim Şərq xalqları ilə iqtisadi və mədəni əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan xalqımız çox şey əxz etmiş və faydalanmışdır. Xalqımız da öz növbəsində həmin xalqların tükənməz təsərrüffat həyatına, maddi və mənəvi mədəniyyətinə çox şeylər bəxş etmiş, onu daha da zənginləşdirmişdir. Etnoqrafiya yunan sözü olub, “etnos”-xalq, “qrafis”-öyrənmək, təsvir etmək mənasını daşıyır. Etnoqrafiya etnologiya kimi də ədəbiyyatda geniş işlənir. “etnos”-xalq, “loqos” elm. Deməli, etnologiya xalq haqqında elm deməkdir. Bu terminlərin hər ikisi eyni məzmun kəsb etsə də, etnologiya bu elmin mahiyyətini daha dəqiq və dürüst mənalandırır. Deməli, etnoqrafiya-etnologiya xalqı öyrənən, təsvir və tərənnüm edən elmdir. Bu mənada etnoqrafiya-etnologiya xalqa daha yaxın olan, onun arzu və istəklərini araşdıran elmdir. Bu mənada etnoqrafiya-etnologiya xalqa daha yaxın olan, onun arzu və istəklərini araşdıran elmdir.
Etnoqrafiya elminin əsas vəzifəsi xalqı öyrənməklə tarix yazmaq, onu daha da zənginləşdirmək, əhatəli etməkdir. Etnoqrafiya elmi arxelogiya elmi kimi, tarix elminin mühüm tərkib hissəsidir, onun bütövlüyünün, tamlığının təsdiqidir. Ona yardımçı olur, üfiq dairəsini genişləndirir. Etnoqrafik araşdırmalarda arxeoloji materiallar və tədqiqatlar əvəzsiz əhəmiyyətə malikdir. Bu elmlərin birliyi çoxəsirlik tariximizin bir sıra qaranlıq səhifəsinəişıq saçır. Minilliklərə milyon illərə qovuşduran tarix yazır, tarix yaradır. Əgər belə demək mümkünsə arxeologiya tarix elminin ixtiraçı, etnoqrafiya onun bərpası rolunu oynayır. Arxelogiya yerin qatlarındakı mədəni təbəqələrdə müxtəlif dövrlərə aid zəngin və qiymətli materallar aşkar edir, onun onun xronologiyasını verir. Etnoqrafiya isə bu maddi-mədəniyyət qalıqlarının bərpasına yardımçı olur, lazımı köməklik göstərir. Heç şübhəsiz bu birlik, müştəriklik dərin məna və məzmunu ilə seçilən tarixini yaranmasına öz töhfəsini verir. Azərbaycanda yaşayan ən qədim insanların tarixi 2 milyon ilə qədərdir. Ona görə də, bu cilddə hər hansı sahənin və məsələnin işıqlandırmasında zəngin arxeoloji materiallar və bu sahədə aparılan araşdırmaların mühüm nəticələri nəzərə alınmışdır. Azərbaycan xalqının mənşəyinin və təkamülə çatmasının öyrənilməsində antropologiya elminin rolu son dərəcə böyükdür. Ona görə də bu üçcildlikdə bu problemə yeri gəldikcə müraciət edilir. Əsərin birinci cildilə bağlı kənd təsərrüfat elmlərinin məlumat və müddəalarından daha geniş şəkildə istifadə edilmişdir. Sənətkarlıq sahələri ilə əlaqədar məsələlərin şəhrində incəsənət sahələrində də müraciət edilmişdir.
Azərbaycan xalqının etnoqrafiyası onun tarixi qədər zəngin və qədimdir. Bu çoxsahəli zəngin irsi hərtərəfli araşdırmadan, onun tarixini də yüksək elmi səviyyədə tədqiq etmək qeyri-mümkündür. Heç şübhəsiz, “Azərbaycan etnoqrafiyası” nın nəşr edilməsi çoxcildlik Azərbaycan tarixi, ədəbiyyatı, folkloru, memarlıq və incəsənət tarixi, dil tarixi, habelə xalq təsərrüfatı tarixinin yazılmasına xeyli kömək edəcək, həmin əsərin daha da dolğunlaşmasına və zənginləşməsinə imkan yaradacaqdır. Uzun illərin və gərgin əməyin məhsulu olan Azərbaycan etnoqrafiyası bu şəkildə etnoqraflarımızın tərəfindən ilk dəfə qələmə alınır. Üç cilddən ibarət olan bu cilddi araşdırmada demək olar ki, etnoqrafiya elminin əhatə etdiyi bütün məsələlərinin hamısı yetərincə öz əksini tapmışdır. Cildin müzakirəsilə əlaqədar öz mülahizə və təkliflərini verən alimlərə, informasiya-məlumat çatdıranlara dərin minnətdarlığımızı bildiririk. Əsərin nəşrə hazırlanmasında T.Kərimovun, T.Quluzadənin, N.Vahabovanın, T.Qasımovanın yaxından köməyini, illüstrativ materialların çəkilməsi və tərtibində rəssamlardan S.Hüseynovanın, B.Muradovanın və F.Cavadovanın əməyini xüsusi qeyd etmək istərdik.
“Azərbaycan etnoqrafiyası” kitabının ikinci cildi isə Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan maddi mədəniyyət və ailə məişəti məsələlərinə həsr edilmişdir. Cilddə xalqımızın çoxəsirlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliiyyat vasitələri və s. kimi maddi mədəniyyət sahələri geniş və əhatəli şəkildə öz əksini tapmışdır. Kitabda həmçinin ailə, nikah, toy, uşaqların tərbiyəsi və dəfn mərasimi məsələləri də işıqlandırılır. Qafqazın cənub-şərqində geniş ərazini əhatə edən Azərbaycan əlverişli təbiət-coğrafi və iqtisadi-strateji məkanda yerləşmişdir. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması, inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olmuşdur. Xalqımız bu zənginlikdən bəhrənələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu mədəniyyət sahələrini yaratmış və inkişaf etdirmişdir. “Azərbaycan etnoqrafiyası” nın ikinci cildinin əasasən bu problemə həsr edilməsi də təsadüfi olmayıb, tam qanunauyğunluq kimi qəbul edilməlidir. Heç şübhəsiz, maddi-mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsihər iki sahənin yüksək səviyyəyə çatışmasına zəmin yaratmışdır.
V Məruzəçi: Azərbaycan dövri-qədimdən məşəllənib, sinəsindən od paylayıb atəş saçıb. Ulularımız bu işığa, bu oda pənah gətiriblər, bu inanca sitayiş ediblər. Adını yanar odlardan alıb, odlar ölkəsi adlanıb. Bu müqəddəs adla fəxr edib, qürur duyublar. Adlarını uca tutublar… Alimlərimiz “Azərbaycan etnoqrafiyası” nın ikinci cildini qələmə alarkən bu ideologiyadan bəhrələnmiş, onu rəhbər tutmuşlar. Böyük əməyin və gərgin zəhmətin bəhrəsi olan bu kitabın ərsəyə gəlməsində zəngin çöl-etnoqrafik materialları və bu sahədə aparılan tədqiqatların nəticələri əsas yer tutur. Kitabının əyaniliyini artırmaq, onu daha da əhəmiyyətli, məzmunlu və oxumaqlı etmək məqsədilə bölmələr zəngin v ə nadir illüstrativ materiallarla təmin edilmişdir.
“Azərbaycan etnoqrafiyası” kitabının üçüncü cildi isə Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan maddi mədəniyyət və ailə məişəti məsələlərinə həsr edilmişdir. Cilddə xalqımızın çoxəsirlik tarixə malik xalq bayramları, qarşılıqlı yardım formaları, ağsaqqallıq və ağbirçəklik adətləri, qonaqpərvərlik məsələləri şəhr olunur. Eyni zamanda, əsərdə çoxsahəli musiqi dünyası, elm və təhsil, ədəbiyyat, xalq təqvimi və xalq təbabəti , oyun və əyləncələr, inamlar, dini görüşlər və digər sahələr işıqlanır.Dərinməzmunu, əhatəliyi, əhəmiyyətliliyi ilə seçilən “Azərbaycan etnoqrafiyası” kitabının üçüncü cildi ilk dəfədir ki, qələmə alınır. Əsərdə çoxsaylı dəyərli mənbələr, xarici və yerli səyyahların qeydlərindən, arxeologiya və tarix elminin qeydlərindən, muzey kolleksiyalarından, ədəbiyyat, folklor, musiqi, tətbiqi-sənət, sənət memarlıq və s. elm sahələrinə həsr olunmuş araşdırmalardan və bu sahəyə dair dövri mətbuatda çıxan yazılardan geniş istifadə olunmuşdur.
Tarixçi-etnoqraf alim, akademik Teymur Bünyadovun “… Qız var oğuldan qeyrətli” kitabı tarixi öyrənənlər üçün bir töhfədir. Alimin digər sanballı kitablarında olduğu kimi bu kitabında da tarixi dövrləri, tarixi şəxsiyyətləri əks etdirən maraqlı və yeni faktlarla zəngin məlumatlar var. Hər bir oxucu buradan özünə lazım olan məlumatları Hər bir azərbaycanlı oxucu buradan özünə lazım olan məlumatları əldə edə bilər. Tarixdə özünə qəhrəmanlıq səhifəsi yazmış Azərbaycan qadınlarının əksi bu kitabda təcəssüm edilmişdir. Teymur Bünyadovun fikincə “qadınlıq ilahi qüvvə, ulu varlıq, alilik, adilik, yaradan, yaşadan, qoruyan varlıqdır”. Qadın eyni zamanda “bəşərə zinnət, insanlığa şöhrətdir, ucalıq, ülvilik timsalıdır. Gözlərə işıq, qəlblərə yaraşıqdır”. Bu ideya baxımından çıxış edən akademik Azərbaycan tarixində özünə əbədi şöhrət məbədi ucalmış tarixi şəxsiyyətlər-qadınlar haqqında yığcam, ancaq kifayət qədər məlumatlı bir əsər kimi yaratmışdır. Onu istərsə yaşlı nəsil, istərsə də gənc nəsil, məktəblilər heç bir çətinlik çəkmədən bir nəfəsə oxuyub yaddaşlarına həkk edəcəkdir. Çünki əsər çətin ibarələrdən, qaranlıq mətləblərdən uzaq, anlaşıqlı bir dildə yazılıb. Lap Teymur müəllimə xas olan bayatı dilində, xalq dilində…
İnsan ruhunun müqəddəs yazısı olan kitab bir nəslin o biri nəslə mənəvi vəsiyyətidir. Bu kitabın qəhrəmanları müxtəlif həyat yollarına malik olsalar da onları bir amal, bir məqsəd birləşdirir. Doğma Azərbaycanımıza layiq bir ölad olmaq xalqımızın əsrlərdən bəri qoruyub saxladığı milli-mənəvi dəyərlərinə sadiq olmaq. İnanırıq ki, əsl vətəndaşlıq mövqeyi ilə seçilən, yaşayan və xalqına ləyaqətlə xidmət göstərən ziyalı şəxsiyyətlərin həyatından bəhs edən, gələcək nəsillərə mənəvi yadigar olan bu kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır. Geniş oxucu kütləsinin faydalanacağı bu kitab hər bir oxucunun rəğbətini qazanacaq.
Analarımız gözləri ilə od götürüblər, ayaqları ilə od ayaqlayıblar. Sinələrindən yara alan analarımızın qanı südlərinə qaqrışıb, torpağa tökülüb. Müqəddəslik onlarla daha da müqəddəsləşib. “Daş var qızıldan qiymətli, qız var oğuldan qeyrətli” hünərini yaradıblar. Tarixi səınaqdan çıxan “Aslanın erkəyi dişisi olmaz” hikmətini yaşayıblar… Qulağıma səslər gəlir ana səsi, ana səsi, vətən səsi gözəl köçər, gözəllik qalar bu dünyada. Ana ölər, analar yaşar bu dünyada. Ana vətənləşər, vətən analaşar. Bu dünyada…
Gəl, ana yurdumun, qızı, gəlini,
İndi hünər vaxtı, qeyrət dəmidir.
Sən gəl əsirgəmə kömək əlini,
Hər sözün, söhbətin can məlhəmidir.
Adın şərəflidir sənin, ey qadın!
Dahilər anası çağrılır adın.
Hər bir insan həm öz ölkəsinin vətəndaşı, həm də bütövlükdə yer planetinin sakinidir. Amma adi insanların çoxu ölkə və planet miqyasında deyil, öz şəxsi həyatı, ailəsi, işlədiyi müəssisə miqyasında düşünür və fəaliyyət göstərir. Elm adamını isə nəinki təkcə özü, ölkəsi ya da planet, bütövlükdə kainat və onun bütün onun problemləri-hamısı maraqlandırır.
Yer üzünə milyardla insan gəlib-gedib və dünyanın bu insan karvanı yenə öz gedişindədir. Hərəyə bir ömür bəxş edilib. Uzun, qısa və s. fərq həmin ömrü necə yaşamaqdadır. Ömür var ki, günü əsrə bərabər. Belə ömür cild-cild kitaba sığmaz. Mənalı ömür sürən insanlardan biri də elmimizin elimizin ağsaqqalı Teymur Bünyadov. O özünün dəst-xətti, yaradıcılıq üslubu, elmi istiqaməti, şəxsi mövqeyi, nüfuzu ilə seçilən alimdir. O, bütöv bir şəxsiyyətdir. Onun cildlərə sığmayan ömür kitabının hər səhifəsi ləyaqətlə, şərəflə yazılıb. ….Akademikin istedadı kimi maraqları da çoxcəhətlidir.
Tale Teymur Bünyadova gəncliyində acılar yaşatmışdır. Yeniyetmə yaşındaykən anası dünyasını dəyişmiş, bir il sonra atası Əmiraslan Bünyadov 1937-ci ilin qara repressiya küləyinin qurbanı olmuşdur. Həyatın yollarına tək-tənha düşən Teymur Bünyadovun yeniyetməlik və erkən gənclik illəri, ta orta məktəbi qızıl medalla bitirənə qədər inadkar bir yaşam mücadiləsində keçmişdir. “Göz yaşları” avtobioqrafik romanından oxuduğumuz kimi, doğmalarını itirməsi, məşəqqətlər, müharibənin özü ilə gətirdiyi məhrumiyyətlər onu sındıra bilməyib. Bu ağır mücadilə, xarakterindəki inadkarlıq, aydın məqsədyönlülük, əksinə, onun iradəsini daha da mətinləşdirmiş, ömür yolunda addımlarını daha inamla atmışdır.
Əlbəttə, dünya yaxşılardan xali deyil. Həyatda qarşısına çıxan işıqlı insanların orbitində uğurlu bir elm yolu tutmuşdur. Bu insanları, onların dəyərli məsləhətlərini Teymur müəllim kitablarında ehtiramla yad edir. Teymur Bünyadov 1955-2012-ci illərdə yazdığı mindən çox monoqrafiya, kitab, elmi-publisistik məqalə ilə milli etnoqrafiya elmində özünəməxsus elmi dəsti-xətt formalaşdırmışdır.
Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim, respublika pedoqoji içtimaiyyəti arasında dərin hörmət qazanmış, mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etməklə kifayətlənməmiş, gərgin əməyi və elmi fəaliyyəti ilə pedaqogika elminin inkişafına yeni töhfələr vermişdir. Öz həyat kredosunu insanlara yaxşılıq etməkdə görən akademik Teymur Bünyadov şüurlu həyatını millətimizin gələcəyi olan gənclərə həsr edərək Azərbaycan təhsilinin inkişafını ləyaqətlə yüksəklərdə qaldırmaq istiqamətində səmərəli fəaliyyətini davam etdirir.
Yazdığı əsərləri, həyata keçirdiyi ideyaları, həyatı boyunca dözdüyü əzab-əziyyətləri sayəsində halal şan-şöhrət qazanmış müqəddəs Azərbaycanımızın şərəfini uca zirvələrə qaldırmış nadir şəxsiyyətlərlə xalqımız həmişə fəxr edir. Tarix dəfələrlə təsdiqləyib ki, qüdrətini ana vətəndən və doğma xalqdan alan dəyərli şəxsiyyətlər ulu torpaq, qədim millət qarşısında göstərdikləri misilsiz xidmətlərə görə bir nəslin deyil, özündən sonra bir-birini əvəz edən bütün nəsillərin həmişəyaşar örnəyinə çevrilir, bütövlükdə bəşəriyyətin inkişafı və cəmiyyətin tərəqqisi naminə çalışan saysız-hesabsız zəkaları nurlandırır. Yaşadığı zamanın fövqündə dayanmağı, tapdanmamış, yeni iz açmağı, yaddaşlara həmişəlik yazılan təzə-tər söz deməyi uca Tanrı hər kəsin qismətinə yazmır. Yalnız ürəyi od-alovlu, təfəkkürü açıq-aydın, məntiqi iti və möhkəm olan seçilmiş adamlar, istedadlı şəxslər, nadir insanlar müdriklik və aqillik zirvəsinə yüksələ bilir, həm özlərini, həm də mənsub olduqları xalqı şərəfləndirməyi və şöhrətləndirməyi bacarırlar. Gözəl bir deyimimizdə olduğu kimi: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar axtarın ki, mütailəsi filosoflarla söhbətə dəysin”. Ömrünü, elmin, təhsilin, mədəniyyətin çiçəklənməsinə həsr edən görkəmli akademik Teymur Bünyadovun kitabları məhz belə kitablardandır.
Teymur Bünyadovun yarım əsrdən çox elmi yaradıcılığını təhlil etdikcə, Azərbaycan elmində nəhəng və yeni bir yolun əsasının qoyulduğunu aydın şəkildə görürsən. Onun hər bir əsəri, monoqrafiyası, kitabı, çıxışı tədqiqata cəlb edilməli, geniş şəkildə araşdırılmalıdır. Çünki, onun əsərlərində Azərbaycanın qədim tarixi, arxeologiyası, etnoqrafiyası, eləcə də Teymur Bünyadovun özünün görə-görə, gələ-gələ yazdıqları əksini tapır. Bir əsərin üzərində xüsusi olaraq, dayanmaq istəyirik. XX əsrin ortalarında, Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası inkar ediləndə Teymur Bünyadov 1955-ci ildə “Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, tarix elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1957-ci ildə onun “Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” monoqrafiyasının rus dilində çap olunması Azərbaycan elmində inqilabi bir addım idi, bu kitab keçmiş SSRİ-nin elm həyatında ciddi müzakirələrə səbəb olmuşdu. Keçmiş SSRİ-də azərbaycanlıların “köçəri” olduğu haqqında “elmi ideyalar” ın meydan suladığı bir dövrdə Teymur Bünyadovun bütün əks iddiaları darmadağın edərək, o dövrdə yenilik sayılan iddia ilə çıxış etmiş, Azərbaycan tarixinin qədim plastını tədqiq edərək, Qafqazın əkinçiliyin vətənlərindən biri olduğunu sübuta yetirmişdir. Əsərdə əkinçiliyin tunc dövrünün aparıcı təsərrüfat sahəsi olduğu sübuta yetirilir, eyni zamanda, maldarlıq təsərrüfatının əhalinin həyatında mühüm rolu araşdırılır.
Teymur müəllimin 1960-cı ildə nəşr edilən “Azərbaycan arxeologiyası oçerkləri” bu gün də müxtəlif elm sahəsi mütəxəssislərinin, o cümlədən arxeoloqların stolüstü kitabıdır. Teymur müəllimin 1964-cü ildə çap olunan “Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair”, 1969-cu ildə işıq üzü görən “Azərbaycanda maldarlığın inkişaf tarixindən” monoqrafiyaları Azərbaycan etnoqrafiya elminin möhtəşəm özülləri sayılır.
Bu əsərlər keçmiş SSRİ zamanında böyük əks-səda doğurmuş, Teymur Bünyadovun gəldiyi nəticələr o dövrdə çap olunmuş, etnoqrafiyaya dair ümumittifaq səviyyəli dərsliklərdə də əksini tapmışdır. Müxtəlif millətlərdən olan böyük bir etnoqraf nəsli Teymur Bünyadovun tədqiqatlarını, gəldiyi nəticələri öyrənmişdir. Həmin nəticələrdə isə Azərbaycan xalqının qədim və yüksək mədəniyyəti, inkişaf yolu əksini tapır.
Ömrünü elmi fəaliyyətə həsr etmiş T.Ə.Bünyadov bədii yaradıcılıqla da məşğul olmuş, onlarla hekayəsini oxuculara təqdim etmişdir. Onun bədii yaradıcılıq fəaliyyətində 1991-ci ildə çap edilmiş “Göz yaşları” romanı ayrıca qeyd edilməlidir. Romanda sovet hakimiyyətinin ilk illərində, eləcə də repressiya illərində, müharibə və ondan sonrakı illərdə bir nəslin üzləşdiyi faciələr xalqımızın iztirabları bir böyük ailənin timsalında realistcəsinə təsvir olunmuşdur.
Akademik Teymur Bünyadov çox böyük və bir o qədər də yaradıcı həyat yolu keçmişdir. Teymur Bünyadov Azərbaycandan kənarda, o cümlədən Qafqazda, Şərq ölkələrində, xüsusən də əski Sovetlər Birliyinin ayrı-ayrı bölgələrində, dünyanın məşhur elm və təhsil mərkəzlərində görkəmli tarixçi alim kimi çox yaxşı tanıyırlar və həmkarları arasında onun həqiqətən böyük nüfuzu var. Teymur müəllim olduqca sadə, səmimi, mehriban, istiqanlı bir insandır. Özündən yaş, vəzifə, elmi dərəcə və təcrübə baxımdan aşağı olan insanlara qarşı xüsusilə həssas və qayğıkeş olması ilə fərqlənir. Onun xasiyyəti də, dili də, qələmi və yazıları da olduqca şirindir. O, bütün titulları ilə yanaşı, bəlkə də onların hamısından daha öncə ömrünün müdrik çağlarını yaşamaqda olan görkəmli xalqşunas alimdir. Onun öz tədqiqatlarında, yaxud da rəhbərliyi ilə aparılan tədqiqatlarda Azərbaycan ailəsinin ənənələri, mənəvi-psixoloji və mədəni-məşiət problemləri elmi-nəzəri cəhətdən araşdırılaraq, öyrənilərək geniş ictimaiyyətə təqdim olunub. Teymur müəllimi həmkarlarından fərqləndirən başlıca xüsusiyyətlərdən biri odur ki, onun elmi-əməli fəaliyyəti akademiya divarları arasında məhdudlaşıb qalmır. O, vaxtaşarı mətbuatda, radio və televiziyada çıxışlar edir, rayon və şəhərlərə gedərək ictimaiyyətlə bilavasitə təmasda olur. Məhz bu səbəbdən onun özü də, imzası da geniş ictimaiyyətə çox yaxşı tanışdır.
Deyirlər ki, insanlara sağlığında qiymət verin. Biz bu kəlamı eşitdikdən sonra daim ətrafmızdakılara, xüsusi ilə respublikamızda ziyalı şəxsiyyətlərə xüsusi diqqət yetiririk. Bilindiyi kimi el gözü tərəzidir. Deməli, hər hansı bir şəxs yaşadığı mühitdə onu tanıyanlar arasında öz layiqli qiymətini alır. Alimin elmi yaradıcılığına, vətənpərvərliyinə, xalqa göstərdiyi qayğıya, öz insanı keyfiyyətləriini yüksəkdə saxlamaqla, böyüklə böyük, kiçiklə kiçik olmasına, beləliklə, hamının qəlbinə yol tapmasına ətrafdakılar çox böyük həssaslıqla qiymət verirlər. Alimin xalqa ünsiyyətinin ən ali göstəricisi, xalq arasında deyildiyi kimi, alçaqkönüllülükdür. Öz şəxsiyyətini layiq olduğu zirvədən endirən sadə insan milləti tərəfindən sevilir. El məhəbbəti insan ömünü xeyli uzadır, yaşamını asanlaşdırır və onu mümkün olacaq bir çox xəta-bəladan uzaqlaşdırır. Ömrünün bütün mərhələlərində öz şəxsiyyətini qoruyub saxlaya bilən, mərdliyə, obyektliyə, qayğıkeşliyə yaxın olan insan şəxsiyyətini ucalıqdan enməyə qoymur.
Ömrünün bu müdrik çağında bir gənclik şövqü ilə zəhmətdən yorulmayan, elmi və bədii yaradıcılıq işlərini davam etdirən, şəxsiyyətinə dərin hörmət bəslədiyimiz səmimi insan, görkəmli alim Teymur Bünyadovun gördüyü bu işlər bizim gözümüzdə ən müqəddəs işdir. Mənəvi mədəniyyətin aşınmağa meyilləndiyi, maddi mədəniyyətin sürətlə dəyişdiyi dünyada Teymur Bünyadov özünün geniş spektrli yaradıcılığı ilə milli ruhumuzun istinadgahını yaratmış, bizi qürurlandırmışdır. Bu istinadgah Azərbaycan xalqını özünə tanıdır, millətimizdə keçmişə hörmət, rəğbət və gələcəyə inam hissi oyadır.
AYNUR TURAN
Gundelik.az

