2026-cı ilin avqustu qlobal temperatur göstəricilərinə görə tarixdə ən isti ay olub. Dünya üzrə orta səth temperaturu 16,96 dərəcə təşkil edib ki, bu da 1991–2020-ci illərin avqust ortalamasından 0,85 dərəcə yüksəkdir.
Avqustda qeydə alınan temperatur 2023-cü ilin iyulundakı 16,95 dərəcəlik göstəricini geridə qoyaraq yeni rekord müəyyənləşdirib. Temperatur sənayeqabağı dövrlə müqayisədə isə 1,65 dərəcə yüksək olub.
İyun-avqust aylarını əhatə edən yay mövsümü də qlobal miqyasda 1991–2020-ci illərin orta göstəricisindən 0,69 dərəcə yüksək keçib və 2024-cü illə birlikdə tarixdə ən isti yay kimi qeydə alınıb.
Avropada da yüksək temperatur
Avropada avqustun orta temperaturu 20,26 dərəcə olub. Bu göstərici normadan 1,10 dərəcə yüksəkdir və 2026-cı ilin avqustunu qitədə tarixdə ən isti dördüncü avqusta çevirib.
Avropada yay temperaturu normadan 1,17 dərəcə yüksək olub. Beləliklə, 2026-cı ilin yayı 2024 və 2022-ci illərdən sonra qitədə ən isti üçüncü yay olub. Qərbi Avropada isə 2003-cü ilin rekordu yenilənib.
Dəniz səthinin temperaturu da avqustda rekord həddə çatıb. Qütb bölgələri istisna olmaqla, okeanların orta səth temperaturu 21,07 dərəcə ölçülüb.
Mütəxəssislər rekord temperatur göstəricilərinin iqlim dəyişikliyinin atmosfer və okeanlarda ekstremal hava hadisələrinə təsirini daha aydın göstərdiyini bildiriblər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

