Gundelik.az Siyasət Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyənləşib
Siyasət Xəbərlər

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyənləşib

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyənləşib.

Gundelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Fərmana əsasən müəyyən edilib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, bu Fərmanın 1.3-cü bəndi nəzərə alınmaqla, yalnız həmin təşkilatların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunur.

Yuxarıdakı bənd nəzərə alınmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürülür.

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:

  • vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;
  • mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aşağıdakılar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

  • Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması;
  • bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
  • bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;
  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi;
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, habelə bu Fərmanın 1.1-ci bəndinin təsir dairəsinə düşən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarında artımlar olduqda bu Fərmanın 1-ci hissəsi üzrə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən yalnız həmin təşkilatların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadəsi, həmçinin Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri 2026-cı il sentyabrın 1-dən tətbiq edilir.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürülməsi ilə bağlı bənd isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Exit mobile version