ABŞ prezidenti Donald Trampın, İranın Hürmüz Boğazı ilə bağlı son təklifinə müsbət yanaşmadığı iddia olunur.
Məsələ ilə tanış olan iki rəsmi şəxs CNN-ə bildirib ki, İran ABŞ-yə boğazın yenidən açılması üçün yeni təklif təqdim edib. Bu təklifə əsasən, nüvə proqramı ilə bağlı danışıqlar daha sonrakı mərhələyə saxlanılmalı idi.
Mənbələrin sözlərinə görə, Tramp bu yanaşmaya “isti baxmır”. Onlar hesab edir ki, Hürmüz Boğazının nüvə məsələləri həll olunmadan açılması ABŞ-nin əlindəki əsas təsir rıçağını zəiflədə bilər.
Daha əvvəl də İranın boğazın açılması üçün eyni məzmunlu təklif irəli sürdüyü bildirilmişdi.
Hürmüz Boğazı ətrafında gərginlik
İran, 28 fevralda ABŞ və İsrailin birgə hücumlarından sonra başlayan müharibə fonunda, qlobal enerji daşımaları üçün kritik əhəmiyyət daşıyan Hürmüz Boğazı-nı bağlamışdı. Bu addım nəticəsində neft qiymətləri müharibədən əvvəlki dövrlə müqayisədə təxminən 65% artmışdı.
8 aprel tarixində ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qalıb.
Bundan sonra Tramp 13 apreldə İrana qarşı dəniz ablukası tətbiq etmək qərarı verib və boğaza daxil olan İranla əlaqəli gəmilərə müdaxilə olunmağa başlanıb.
İran isə əvvəlcə Livanda əldə olunan atəşkəs müddətində boğazı məhdud şərtlərlə açsa da, ABŞ-nin ablukanı davam etdirməsi səbəbilə yenidən keçidlərə məhdudiyyətlər tətbiq edib.
Bu müddətdə ABŞ bəzi İran gəmilərini ələ keçirib, İran isə cavab olaraq boğaz yaxınlığında İsraillə əlaqəli olduğu bildirilən bəzi gəmilərə müdaxilə edib.
Mənbə: Haber Global
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
