Gundelik.az Mədəniyyət və cəmiyyət Diqqəti toplayaraq kitab oxumağın yolları
Mədəniyyət və cəmiyyət Xəbərlər

Diqqəti toplayaraq kitab oxumağın yolları

Telefonu uzaqlaşdırmaq, qısa müddətli oxu hədəfləri müəyyənləşdirmək, zövq verən fəaliyyətləri oxu prosesinə daxil etmək… Diqqəti cəmləyərək kitab oxumağın bir çox üsulu var.

Heç kitab oxuyarkən fikrinizin dağıldığını və bir səhifəni oxusanız belə, məzmunun yadınızda qalmadığını hiss etmisinizmi?

Bəzən gündəlik həyatın gərginliyi və stress, bəzən isə sosial media və ardıcıl gələn bildirişlər kitab oxuyarkən diqqətimizi yayındırır. Belə olduqda yenidən kitaba fokuslanmaq da çətinləşir.

Telefonu uzaq saxlamaq diqqəti artırır

Klinik psixoloq İrəm Akyüz Çaylak bildirir ki, ilk addım olaraq özünüz üçün xüsusi kitab oxuma məkanı müəyyənləşdirmək faydalıdır və həmin yerdən yalnız kitab oxumaq üçün istifadə etmək lazımdır.

Onun sözlərinə görə, əgər evdə müəyyən kresloda adətən telefonla məşğul olursunuzsa, həmin yerə oturanda avtomatik olaraq telefona yönəlmək vərdişi yaranır. Buna görə də kitab oxuyarkən telefonu başqa otaqda və ya fərqli bir yerdə saxlamaq, telefondan istifadə etmək lazım gəldikdə isə başqa məkana keçmək və sonra yenidən oxu yerinə qayıtmaq diqqətin qorunmasına kömək edir.

Zövq verən fəaliyyətlərlə birlikdə oxuyun

Psixoloq hesab edir ki, kitab oxumağı xoş hisslər yaradan fəaliyyətlərlə birləşdirmək də diqqəti artırır.

Məsələn, sevdiyiniz bir içki hazırlamaq, rahat bir guşədə oturmaq, şam və ya ətirli tütsüdən istifadə etmək oxu prosesini daha cəlbedici edə bilər.

Bundan əlavə, diqqəti indiki ana yönəltmək də faydalıdır. Ayaqlarınızın yerə toxunduğunu hiss etmək, oturduğunuz yerin sizi necə dəstəklədiyini fərq etmək, ətrafdakı əşyaları, insanları, təbiəti müşahidə etmək, eşitdiyiniz səslərə, hiss etdiyiniz qoxulara və dadlara diqqət yetirmək zehni sakitləşdirərək kitaba fokuslanmağı asanlaşdırır.

Qısa müddətli oxu ilə başlayın

Kitabı şüurlu şəkildə oxumağa qərar vermək də vacibdir. Əgər beyninizdə görüləcək işlərlə bağlı fikirlər dolaşırsa, onları sonrakı vaxta planlaşdırın və həmin anda yalnız kitaba diqqət ayırın.

Oxuyarkən vacib hesab etdiyiniz hissələrin altını çəkmək, qeydlər aparmaq məlumatı daha yaxşı yadda saxlamağa kömək edir.

İlk mərhələdə 10–15 dəqiqəlik qısa oxu seansları ilə başlamaq və zaman keçdikcə bu müddəti artırmaq tövsiyə olunur. Özünüzə müəyyən sayda səhifə və ya bir bölmə oxumağı hədəf qoymaq da motivasiyanı artırır.

Bundan başqa, sizi məcbur edirmiş kimi hiss etdirməyən, həqiqətən maraq göstərdiyiniz kitab janrlarını seçmək oxu vərdişini formalaşdırmağı asanlaşdırır. Müntəzəm oxumaq zamanla gündəlik vərdişə çevrilir.

Diqqəti necə inkişaf etdirmək olar?

İrəm Akyüz Çaylak diqqəti gücləndirmək üçün aşağıdakı tövsiyələri verir:

Özünü tənzimləmə (self-regulation) bacarıqlarını inkişaf etdirin. Güclü emosiyalar zamanı onlarla sağlam şəkildə mübarizə aparmaq ani həzz verən diqqət yayındırıcı vasitələrə yönəlməni azaldır və diqqəti toplamağı asanlaşdırır.

Özünənəzarəti gücləndirin. Hansı fəaliyyətə diqqət ayıracağınıza əvvəlcədən qərar verin, diqqətinizi yayındıracaq fəaliyyətlər üçün isə ayrıca vaxt müəyyən edin.

Fiziki aktiv olun. İdman, rəqs, yoqa və digər hərəkətli fəaliyyətlər həm bədəni, həm də zehni gücləndirərək diqqətin inkişafına müsbət təsir göstərir.

Sosial media və bildirişlər diqqəti necə yayındırır?

Psixoloqun sözlərinə görə, sosial media və telefon bildirişləri insanın telefondan istifadə etməyi planlaşdırmadığı vaxtlarda belə onu telefona baxmağa sövq edə bilir.

Burada FOMO (Fear of Missing Out) — yəni nəyisə qaçırmaq qorxusu da mühüm rol oynayır. Bu hissi yaşayan insanlar başqalarının maraqlı hadisələr yaşadığını düşünür və daim yeniliklərdən xəbərdar olmaq istəyirlər. Araşdırmalar göstərir ki, FOMO səviyyəsi yüksək olan şəxslər telefonlarından daha çox istifadə edir və hətta telefon səssiz rejimdə olduqda belə onu tez-tez yoxlayırlar.

Bu səbəbdən, yalnız bildirişləri söndürmək hər zaman kifayət etmir. Belə hallarda özünü tənzimləmə və özünənəzarət bacarıqlarını inkişaf etdirmək, şəxsi maraq dairələrinə vaxt ayırmaq, problem gündəlik həyatın keyfiyyətinə ciddi təsir göstərirsə, psixoloji dəstək almaq faydalıdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version