Yüksək temperaturla birlikdə artan tərləmə orqanizmdə su və mineral itkisinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda yalnız su içmək kifayət etmir. Ağır yeməklər, eləcə də həddindən artıq çay və qəhvə qəbulu halsızlığı daha da artırır. Soyuq ayran və tərkibində su çox olan tərəvəzlər isə isti günlərdə orqanizmin maye balansının qorunmasına kömək edə bilər.
Türkiyənin müxtəlif bölgələrində havaların temperaturunun yüksəlməsi gündəlik həyatla yanaşı, insanların qidalanma vərdişlərinə də təsir göstərib. İsti günlərdə insanlar daha yüngül, sərinləşdirici və su tərkibi yüksək olan qidalara üstünlük verirlər. Mütəxəssislər isə yanlış qidalanmanın başgicəllənmə, göz qaralması və halsızlıq kimi problemlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olanlar və açıq havada çalışan şəxslər isti havanın təsirinə daha həssasdırlar. Tərləmə nəticəsində itirilən maye ilə yanaşı, natrium, kalium və maqnezium kimi mineralların da bərpa edilməsi vacibdir.
Tərləmə ilə birlikdə mineral itkisi artır
İsti havalarda damarların genişlənməsi və intensiv tərləmə qan təzyiqinin aşağı düşməsinə və başgicəllənməyə səbəb olur. Buna görə gün ərzində kifayət qədər maye qəbul etmək böyük əhəmiyyət daşıyır.
Boluda çalışan dietoloq Damla Kilerci çox tərləyən insanların içməli suyuna zaman-zaman sadə mineral su əlavə edə biləcəyini bildirib. Onun sözlərinə görə, bu, itirilən mineralların bərpasına dəstək olur.
Lakin qan təzyiqi, böyrək və ya ürək xəstəliyi olan şəxslər duz və mineral su qəbulunu artırmazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.
Litrlərlə adi su içmək kifayət etmir
Açıq havada çalışanlar, fermerlər və intensiv fiziki fəaliyyətlə məşğul olan insanlar gün ərzində daha çox tərləyirlər. Belə şəxslərdə yalnız çoxlu miqdarda adi su içmək itirilmiş mineralların bərpası üçün kifayət etmir.
Suyun gün ərzində balanslı şəkildə qəbul edilməsi, həddindən artıq tərləmə zamanı isə mineral tərkibli içki və qidalardan istifadə olunması tövsiyə edilir. Şəkərli və qazlı içkilər əvəzinə su, ayran və uyğun miqdarda sadə mineral suya üstünlük vermək olar.
Çay və qəhvəni həddindən artıq qəbul etməyin
İsti havalarda tez-tez içilən çay və qəhvənin sərinləşdirici təsir göstərdiyi düşünülsə də, həddindən artıq kofein qəbulu maye balansına mənfi təsir göstərə bilər. Buna görə hər fincan çay və ya qəhvənin yanında bir stəkan su içilməsi tövsiyə olunur.
Xüsusilə günün ən isti saatlarında kofeinli içkilər əvəzinə su, ayran və ya şəkərsiz soyuq içkilərə üstünlük vermək orqanizmin maye balansını qorumağa kömək edir.
Ağır yeməklər halsızlığı artırır
Yağlı, qızardılmış və ağır yeməklər həzm zamanı orqanizmi daha çox yorur. Qanda şəkərin sürətlə yüksəlib sonra azalması isti hava ilə birləşdikdə yuxululuq, yorğunluq, başgicəllənmə və halsızlıq şikayətlərini artırır.
Yay aylarında daha kiçik porsiyalarla qidalanmaq, yeməklərdə lifli məhsullara, tərəvəzlərə və qatıqla hazırlanan qidalara üstünlük vermək tövsiyə edilir. Qızartma əvəzinə qaynatma, qril və ya sobada bişirmə üsullarından istifadə etmək məsləhətdir.
Soyuq ayran sərinləşdirir Ayran tərləmə nəticəsində itirilən mayenin bərpasına dəstək olan içkilər sırasındadır.
Qan təzyiqi aşağı olan şəxslər üçün ölçülü miqdarda duzlu ayran faydalı ola bilər. Lakin yüksək təzyiqi və ya böyrək xəstəliyi olan şəxslər duz qəbuluna diqqət etməlidirlər.
Su tərkibi yüksək tərəvəzləri süfrənizdən əskik etməyin
Xiyar, pomidor, balqabaq, semizotu, kahı və qarpız kimi su tərkibi yüksək qidalar yay aylarında maye ehtiyacının qarşılanmasına kömək edir. Bu qidaların qatıq, kefir və ya ayran kimi zülal mənbələri ilə birlikdə istehlak edilməsi daha balanslı qidalanmaya imkan yaradır.
Mütəxəssislər isti havalarda susamağı gözləmədən su içməyi, ağır yeməklərdən uzaq durmağı və gün ərzində yüngül qidalara üstünlük verməyi tövsiyə edirlər.
Başgicəllənmə, bayılma hissi, güclü halsızlıq və ya şüur bulanıqlığı müşahidə edilərsə, vaxt itirmədən tibb müəssisəsinə müraciət etmək lazımdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
