Gundelik.az Mədəniyyət və cəmiyyət D vitamininin artığı da orqanizmə zərər verir
Mədəniyyət və cəmiyyət Xəbərlər

D vitamininin artığı da orqanizmə zərər verir

Sağlamlıq üçün böyük əhəmiyyət daşıyan D vitamininin çatışmazlığı müxtəlif problemlərə səbəb olur. Bu zaman vitamin əlavələrinə ehtiyac yaranır. Lakin mütəxəssislər D vitamininin həkim məsləhəti olmadan qəbul edilməsinin ciddi fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.

D vitamininin əsas mənbəyi günəş şüalarıdır. Digər vitaminlərdən fərqli olaraq, D vitamini günəşin təsiri ilə dəridə sintez olunur. Bu səbəbdən günəşdən düzgün şəkildə faydalanmaq vacibdir. Lakin günəş şüalarının günün bütün saatlarında D vitamini sintezinə eyni təsiri yoxdur.

D vitamini üçün günəşdən necə faydalanmalı?

Endokrinologiya və metabolizma xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Mazhar Müslüm Tunanın sözlərinə görə, Azərbaycana yaxın iqlim qurşağında olduğu kimi, Türkiyədə də D vitamini sintezi üçün günəş şüalarının daha əlverişli olduğu vaxt 11:00–15:00 arasıdır. Bu saatlarda gündə 30 dəqiqə–1 saat günəşlənmək kifayət edir.

Üz, əllər və qolların şüşə və ya pərdə olmadan birbaşa günəş işığına məruz qalması adətən kifayətdir. Tünd dərili insanların isə D vitamini sintez etməsi daha çətin olduğundan daha uzun müddət günəşdə qalması lazım gəlir.

Mütəxəssis bildirir ki, səhər və axşam saatlarında günəş şüalarının düşmə bucağı D vitamini sintezi üçün kifayət qədər uyğun olmur.

D vitaminini qida vasitəsilə də qəbul etmək mümkündür. Xüsusilə somon kimi yağlı balıqlarda, digər dəniz məhsullarında, qaraciyərdə və süddə D vitamini var. Lakin gündəlik ehtiyacın yalnız təxminən 15–20 faizini qidalarla qarşılamaq mümkündür.

D vitamini çatışmazlığı hansı problemlərə səbəb olur?

D vitamini çatışmazlığı immun sisteminin zəifləməsi, sümük və əzələ problemləri ilə əlaqələndirilir. Çatışmazlığı olan insanlarda diabet, piylənmə və bəzi xəstəliklərə meyillilik artır.

D vitamini çatışmazlığının spesifik əlaməti yoxdur. Lakin səviyyə çox aşağı olduqda geniş yayılmış sümük, bədən və əzələ ağrıları, qıcolmalar, halsızlıq, yorğunluq və zəiflik müşahidə edilir.

Bununla belə, heç bir şikayəti olmayan insanlarda da D vitamini çatışmazlığı olur. Vitaminin səviyyəsini müəyyən etməyin ən doğru yolu qan analizidir.

D vitamininin artığı da təhlükəlidir

D vitamininin çatışmazlığı qədər həddindən artıq qəbulu da sağlamlıq üçün təhlükəlidir. Normadan artıq D vitamini qanda kalsiumun səviyyəsini yüksəldir. Bu isə ürəkbulanma, qusma, iştahasızlıq, qəbizlik və böyrək funksiyalarının pozulmasına səbəb olur.

Uzun müddət yüksək dozada D vitamini qəbul etmək böyrək daşı və bəzi ürək-damar problemləri riskini də artırır.

Xüsusilə yaşlılar, qaraciyər və böyrək xəstəlikləri olan şəxslər, həmçinin hamilə qadınlar D vitamini əlavələrini həkim məsləhəti olmadan qəbul etməməlidirlər.

Kimlərdə çatışmazlıq daha çox görülür?

D vitamini çatışmazlığı xüsusilə orta və yaşlı insanlarda daha çox müşahidə olunur. Bunun əsas səbəblərindən biri onların günəş işığına daha az məruz qalmasıdır. Gün ərzində uzun müddət qapalı məkanda çalışan insanlar da risk qrupundadır.

Uşaqlıq və yeniyetməlik dövründə isə D vitamini sümük sağlamlığı və normal inkişaf üçün xüsusilə vacibdir. Kifayət qədər D vitamini və kalsium qəbul edilməsi sümük mineral itkisini və sınıq riskini azaltmağa, osteoporozun qarşısının alınmasına kömək edir.

Vitamin əlavələri həkim nəzarəti ilə qəbul edilməlidir

Mütəxəssislər D vitamini əlavəsinin qan analizləri və şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq təyin edilməsini tövsiyə edirlər. Xüsusilə yüksək dozalı preparatlar həkim məsləhəti olmadan qəbul edilməməlidir.

Sağlam böyüklər üçün gündəlik D vitamini ehtiyacı təxminən 1000–2000 BV, uşaqlar və gənclər üçün isə 400–1000 BV arasında göstərilir. D vitamini səviyyəsi aşağı olduqda daha yüksək dozalar yalnız həkim nəzarəti altında istifadə edilməlidir.

Unutmayın: D vitamini faydalı olsa da, normadan artıq qəbul edildikdə sağlamlıq üçün ciddi təhlükə yaradır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version