İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Dəri xərçəngi təhlükəsi: Havanın istiləşməsi riskləri artırır

Yay aylarında günəş şüalarının təsiri gücləndikcə dəri sağlamlığı üçün risklər də artır. Günəş altında qorunmadan uzun müddət qalmaq təkcə yanıq və ya ləkələrin yaranmasına deyil, uzunmüddətli perspektivdə dəri xərçəngi riskinin yüksəlməsinə səbəb olur. Mütəxəssislər xüsusilə risk qrupuna daxil olan şəxslərin daha diqqətli olmalı olduğunu vurğulayırlar.

Temperaturun yüksəlməsi ilə günəşin zərərli təsirləri daha qabarıq şəkildə özünü göstərir. Mütəxəssislərin sözlərinə görə, dəridə yaranan kiçik dəyişikliklərin belə erkən mərhələdə aşkar edilməsi ciddi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Dermatoloq Selim Murat Ürer bildirir ki, yay aylarında artan ultrabənövşəyi şüalar dəri sağlamlığı üçün ciddi təhlükə yaradır. Onun sözlərinə görə, günəşdən qorunmadan çölə çıxmaq yalnız günəş yanıqları və piqment ləkələri ilə nəticələnmir, həm də gələcəkdə dəri xərçəngi riskini artırır.

Mütəxəssislər qeyd edirlər ki, dəri xərçəngi erkən aşkar edildikdə həm qarşısını almaq, həm də uğurla müalicə etmək mümkündür. Buna görə də dəridə baş verən dəyişikliklərə laqeyd yanaşmaq olmaz.

Günəşdən necə qorunmaq olar?

Günəşin ən güclü olduğu günorta saatlarında uzun müddət açıq havada qalmayın.

Mümkün qədər kölgədə olmağa çalışın.

Açıq rəngli və qoruyucu geyimlərə üstünlük verin.

Şlyapa və gün eynəyindən istifadə edin.

Açıq qalan dəri sahələrinə yüksək qoruma faktorlu günəş kremi çəkin və onu mütəmadi yeniləyin.

Kimlər daha çox risk altındadır?

Açıq dərili insanlar

Ailəsində dəri xərçəngi olan şəxslər

Bədənində çoxsaylı xal olanlar

Uşaqlar və yaşlılar

Açıq havada çalışan insanlar

Xallardakı hansı dəyişikliklər təhlükə siqnalıdır?

Əgər xal:

böyüyürsə,

rəngi dəyişirsə,

kənarları qeyri-müntəzəmdirsə,

qanayırsa,

qaşınırsa,

qabıq bağlayırsa,

vaxt itirmədən dermatoloqa müraciət etmək tövsiyə olunur.

Mütəxəssislər bir daha xatırladırlar ki, günəş şüalarının ən dik düşdüyü saatlarda açıq havada olmaqdan çəkinmək və qoruyucu tədbirləri laqeyd yanaşmadan tətbiq etmək həyat qurtarır. Erkən diaqnoz və maariflənmə dəri xərçəngi ilə mübarizədə ən təsirli vasitələrdən biridir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az