İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Ciddi hesabat göstərir ki, Apple və Google tətbiq mağazalarında “nudify” tətbiqlərini təşviq edir

Əgər düşünürdünüz ki, Apple və Google sadəcə zərərli tətbiqləri gec aşkar edir, yeni araşdırma göstərir ki, problem bundan daha ciddidir. Tech Transparency Project (TTP) adlı qurum müəyyən edib ki, həm App Store, həm də Google Play bu cür tətbiqləri təkcə yerləşdirmir — onların axtarış və reklam sistemləri istifadəçiləri aktiv şəkildə bu tətbiqlərə yönləndirir.

“Nudify” tətbiqləri süni intellekt vasitəsilə insanların şəkillərindən geyimləri “silə” bilən alətlərdir. Onlar həmçinin pornoqrafik videolar yarada və ya kiminsə görüntüsündən istifadə edərək seksual chatbotlar düzəldə bilər. Ən qorxulu tərəfi isə odur ki, TTP-nin tapdığı bu tətbiqlərdən 31-i azyaşlılar üçün uyğun kimi qiymətləndirilib.

TTP “nudify”, “undress”, “deepfake” və “AI NSFW” kimi sözlərlə axtarış edib. Nəticədə, hər bir axtarışda ilk 10 nəticənin təxminən 40%-i qadınları çılpaq və ya yarıçılpaq göstərən tətbiqlər olub. Problem təkcə bununla bitmir — hər iki platforma bu tətbiqləri reklam vasitəsilə də önə çıxarıb. Google-da hətta sponsorlu tətbiqlər bölməsində açıq şəkildə pornoqrafik proqramlar da yer alıb.

Avtotamamlanma (autocomplete) funksiyası vəziyyəti daha da pisləşdirib. Məsələn, App Store-da “AI NS” yazanda sistem “image to video ai nsfw” kimi təklif verib və bu da istifadəçini daha çox bu tip tətbiqlərə yönləndirib. Halbuki Apple-ın siyasətinə görə, böyüklər üçün məzmun reklamı qadağandır. Buna baxmayaraq, bəzi axtarışlarda nudify reklamları birinci sırada çıxıb.

Bu tətbiqlər ümumilikdə 483 milyon dəfə yüklənib və 122 milyon dollardan çox gəlir əldə edib. Apple və Google isə abunə və tətbiqdaxili ödənişlərdən pay götürür. TTP-yə görə, bu da qaydaların niyə zəif tətbiq edildiyini izah edə bilər.

TTP və Bloomberg bu məsələni gündəmə gətirdikdən sonra Apple 15 tətbiqi silib, Google isə bəzilərini dayandırıb. Amma hər iki şirkət bu tətbiqlərin necə təsdiqləndiyini və niyə azyaşlılara icazə verildiyini izah etməyib.

Böyük Britaniya artıq deepfake pornoqrafiya ilə bağlı qanunlar hazırlayır və ABŞ-da bu mövzuda ilk cinayət hökmü verilib. Apple və Google üzərində təzyiqin daha da artacağı gözlənilir.

Mənbə: Digital Trends

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az