Aprel döyüşlərindən 10 ilin ötməsi təkcə bir zaman kəsiyini deyil, həm də Azərbaycanın hərbi-siyasi tarixində dönüş nöqtəsini ifadə edir. 2016-cı ilin aprelində baş verən bu qısa, lakin taleyüklü qarşıdurma Azərbaycan Ordusunun gücünü, dövlətin qətiyyətini və xalqın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər yalnız strateji mövqelərin azad olunması ilə deyil, həm də uzun illər formalaşdırılmış miflərin dağılması və gələcək böyük Qələbənin ideoloji-siyasi əsaslarının qoyulması ilə yadda qaldı.
Aprel zəfəri sonradan 2020-ci ildə əldə edilən möhtəşəm Qələbənin başlanğıcı kimi tarixə düşdü. Bu baxımdan, həmin döyüşlərə bu gün yenidən nəzər salmaq, onların əhəmiyyətini qiymətləndirmək və gələcək nəsillərə çatdırmaq xüsusi önəm daşıyır.
Mövzu ilə bağlı Gundelik.az saytına açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Aprel döyüşlərinin tarixi və strateji əhəmiyyətindən danışıb.
Cəlil müəllim, Aprel döyüşlərinin 10 illiyini necə xarakterizə edərdiniz?
– Aprel döyüşlərinin 10 ili sadəcə bir yubiley deyil, bu, Azərbaycanın hərbi gücünün və milli ruhunun təntənəsinin simvoludur. 2016-cı ildə baş verən hadisələr göstərdi ki, Azərbaycan Ordusu istənilən an öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu döyüşlər xalqımızın yaddaşında qəhrəmanlıq nümunəsi kimi yaşayır və hər keçən il onun əhəmiyyəti daha da artır.
Bu döyüşlərin əsas hərbi və strateji nəticələri nələr oldu?
– Əldə olunan uğurlar çox mühüm idi. Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunda Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı və digər strateji mövqelər azad edildi. Bununla da illərlə yaradılan “keçilməz səngər” mifinin əsassız olduğu sübuta yetirildi. Bu, həm hərbi, həm də psixoloji baxımdan çox böyük üstünlük idi.
Aprel döyüşlərini 2020-ci ilin Vətən müharibəsi ilə necə əlaqələndirərdiniz?
– Aprel döyüşləri əslində Böyük Qələbənin başlanğıcı idi. Bu döyüşlərdə əldə edilən uğurlar həm orduda, həm də cəmiyyətdə böyük inam yaratdı. Azərbaycan göstərdi ki, o, yalnız diplomatik müstəvidə deyil, hərbi sahədə də qətiyyətlidir. 2020-ci ildə əldə edilən Zəfər məhz bu inamın və hazırlığın məntiqi nəticəsi idi.
Bu prosesdə dövlət siyasətinin və rəhbərliyin rolu barədə nə deyə bilərsiniz?
– Bu uğurların əsasında məqsədyönlü dövlət siyasəti dayanır. Uzun illər ərzində aparılan ordu quruculuğu, müasir silahların alınması, peşəkar kadrların hazırlanması öz nəticəsini verdi. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan Ordusunu regionun ən güclü ordularından birinə çevirdi.
Aprel döyüşləri zamanı ən diqqətçəkən məqamlardan biri nə idi?
– Ən önəmli məqam Xalq–Lider–Ordu birliyinin sarsılmaz vəhdəti idi. Bu birlik bütün dünyaya nümayiş etdirildi. Məhz bu həmrəylik Azərbaycanın həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində qələbə qazanmasının əsas amillərindən biri oldu.
Bu döyüşlərin gələcək nəsillər üçün mesajı nədir?
– Aprel döyüşləri gələcək nəsillərə bir mesajdır: vətən sevgisi, birlik və qətiyyət olduqda hər bir məqsədə nail olmaq mümkündür. Bu tarix yalnız keçmişin deyil, həm də gələcəyin yol xəritəsidir.
Gundelik.az
