Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Gundelik.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-cı il təvəllüdlü şəxs (kişi) oktyabrın 8-i saat 20:30-da Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir”.
Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb və bildiriblər ki, Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində oktyabrın 8-də ikinci mina partlayışı hadisəsi baş verib. Bir müddət öncə Orxan Əşrəf oğlu Qəhrəmanov minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Əşrəf Elman oğlu Qəhrəmanov daxil olaraq piyadaəleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Əşrəf Qəhrəmanov xəsarət alıb.
Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minaya düşən şəxslər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir. Əşrəf Elman oğlu Qəhrəmanov Ruhin Qəhrəmanovun atası, Orxan Qəhrəmanov isə qardaşıdır. Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Həmçinin Əşrəf Qəhrəmanov 1-ci Qarabağ müharibəsi veteranıdır.

