Bu ilin avqust ayı qlobal iqlim göstəricilərinə görə tarixdə üçüncü ən isti avqust olub.
Gundelik.az xəbər verir ki, Avropa Birliyinin Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) tərəfindən yayılan hesabata əsasən, həmin ayın qlobal orta səth temperaturu 16,6 dərəcə Selsi təşkil edib. Bu göstərici 1991–2020-ci illərin avqust ayları üzrə orta temperaturundan 0,49 dərəcə, sənaye dövründən əvvəlki göstəricilərdən isə 1,29 dərəcə yüksəkdir.
Məlumatlara görə, 2025-ci ilin avqustu yalnız 2023 və 2024-cü illərin rekord qıran avqust aylarından geri qalaraq üçüncü sırada qərarlaşıb. Həmin aylarla müqayisədə 0,22 dərəcə daha sərin olub. 2024-cü ilin sentyabrından 2025-ci ilin avqustunadək olan 12 aylıq qlobal orta temperatur isə sənaye öncəsi dövrlə müqayisədə 1,52 dərəcə, 1991–2020-ci illərin göstəricisi ilə müqayisədə isə 0,64 dərəcə yüksək qeydə alınıb.
Avropada ötən ay quruda orta temperatur 19,46 dərəcə təşkil edib. Bu da uzunmüddətli orta göstəricidən 0,3 dərəcə yüksəkdir. Ən əhəmiyyətli istilik artımı Qərbi Avropada müşahidə olunub. Pireney yarımadası və Cənub-Qərbi Fransa güclü istilik dalğalarının təsiri altında qalıb.
Avropadan kənarda isə ən yüksək temperaturlar Sibir, Antarktidanın bəzi hissələri, Çin, Koreya yarımadası, Yaponiya və Yaxın Şərqdə qeydə alınıb.
Dəniz səthinin temperaturu da rekord səviyyədə yüksəlib. Avqust ayında okean səthinin orta temperaturu 20,82 dərəcə Selsi olub ki, bu da müşahidələr tarixində üçüncü ən yüksək göstəricidir.
C3S-in direktor müavini Samantha Burges bildirib ki, Cənub-Qərbi Avropa bu yay qeyri-adi hava şəraiti ilə müşayiət olunan üçüncü böyük istilik dalğasını yaşayıb və meşə yanğınları ilə üzləşib. O, həmçinin okeanların da qeyri-adi dərəcədə isinməsinə diqqət çəkərək, istixana qazı tullantılarının təcili şəkildə azaldılmasının və ekstremal iqlim hadisələrinə uyğunlaşmanın vacibliyini vurğulayıb.
Gundelik.az
