İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Brent neftinin qiyməti 72,15 dollara yüksəldi

Beynəlxalq əmtəə bazarlarında Brent markalı neftin bir bareli 72,15 dollardan alınıb-satılır. Qiymətlər, ABŞ ilə İran arasında aparılan danışıqlarla bağlı ehtiyatlı nikbinlik fonunda cüzi artım göstərib. ABŞ Prezidenti Donald Tramp tərəflərin mühüm məsələlərdə irəliləyiş əldə etdiyini bildirsə də, İran bölgədə davamlı sülhün yalnız xarici müdaxilə olmadan mümkün olacağını vurğulayıb.

Eyni zamanda, İran ABŞ-nin Hörmüz boğazında təhlükəsizlik adı altında mümkün müdaxiləsini ölkənin suverenliyinə təhdid kimi qiymətləndirəcəyini bəyan edib. Analitiklərin fikrincə, diplomatik təmaslar davam etsə də, Yaxın Şərqdə geosiyasi risklərin tam aradan qalxmaması neft bazarında ehtiyatlı qiymətlənməni saxlayır. Bununla yanaşı, Hörmüz boğazında neft daşımalarının tədricən bərpası və Körfəz ölkələrinin hasilatı artırmaq planları qiymət artımını məhdudlaşdıran əsas amillərdən hesab olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az