İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Böcək dişləməsi zamanı qaşınma, qızartı və şişkinlik: Bu əlamətlər təhlükə siqnalıdır

Yay aylarında havaların istiləşməsi ilə ağcaqanad və digər həşəratlar daha aktiv olur. İnsanların park, bağ, çimərlik və təbiət ərazilərində daha çox vaxt keçirməsi, eləcə də nazik və açıq geyimlərdən istifadə etməsi böcək dişləmələrinin sayını artırır. Mütəxəssislər bildirirlər ki, sürətlə böyüyən şişkinlik, qızdırma, nəfəs darlığı və uzun müddət davam edən əlamətlər ciddi xəbərdarlıq siqnallarıdır və bu hallarda həkimə müraciət etmək lazımdır.

Hər böcək dişləməsi eyni olmur

Ağcaqanad, arı, gənə və digər həşəratların dişləmələri müxtəlif əlamətlərlə özünü göstərir.

Ağcaqanad dişləməsi adətən kiçik, qırmızı və qaşınan qabarcıqlarla müşayiət olunur.

Arı sancması daha ağrılı olur və sancılan nahiyədə nəzərəçarpacaq şişkinlik yaradır.

Gənələr isə dəriyə yapışaraq uzun müddət qaldığı üçün digər həşəratlardan fərqlənir.

Hansı əlamətlər təhlükəlidir?

Əksər hallarda böcək dişləməsi yüngül qızartı, qaşınma və kiçik şişkinliklə məhdudlaşır və bir neçə gün ərzində öz-özünə keçir.

Lakin aşağıdakı əlamətlər müşahidə olunarsa, gecikmədən tibb müəssisəsinə müraciət edilməlidir:

Şişkinliyin sürətlə yayılması;

Güclü ağrı;

İrinli axıntı;

Qızdırma və halsızlıq;

Nəfəs darlığı;

Başgicəllənmə;

Ümumi vəziyyətin pisləşməsi.

Uşaqlar və həssas dərisi olanlar daha diqqətli olmalıdır

Uşaqlarda və həssas dəriyə malik insanlarda böcək dişləmələrinə qarşı reaksiyalar daha güclüdür. Atopik dermatit kimi dəri xəstəlikləri olan şəxslərdə qaşınma, qızartı və şişkinlik daha nəzərəçarpan olur.

Xüsusilə uşaqların dişlənmiş nahiyəni qaşımamasına diqqət yetirilməlidir. Çünki qaşımaq dərinin zədələnməsinə və infeksiya riskinin artmasına səbəb olur.

Qaşımaq infeksiya riskini artırır

Dermatoloqların sözlərinə görə, dişlənmiş nahiyənin davamlı qaşınması bakteriyaların dəriyə daxil olmasını asanlaşdırır. Buna görə həmin sahə təmiz saxlanmalı, qıcıqlandırılmamalı və əlamətlər diqqətlə izlənilməlidir.

İlk yardım necə göstərilməlidir?

Böcək və ya ağcaqanad dişləməsindən sonra:

Dişlənmiş nahiyəni sabunlu su ilə yuyun.

10–15 dəqiqə soyuq kompres tətbiq edin. Bu, qaşınma və şişkinliyi azaldır.

Zərurət olduqda yalnız həkim məsləhəti ilə antihistamin preparatlar və ya qısa müddətə yerli kortikosteroid tərkibli kremlər istifadə edin.

Mütəxəssislər özbaşına dərman və krem istifadəsindən çəkinməyi tövsiyə edirlər.

Allergik reaksiyanın əlamətlərini tanıyın

Bəzi insanlarda böcək dişləməsi ağır allergik reaksiyaya – anafilaksiyaya səbəb olur.

Aşağıdakı əlamətlər yaranarsa, dərhal təcili tibbi yardım çağırılmalıdır:

Nəfəs darlığı;

Dil və ya boğazda şişkinlik;

Bədənə yayılan səpkilər və ya ürtiker;

Ürəkdöyünmə;

Güclü başgicəllənmə;

Bayılma hissi və ya huşun itməsi.

Ağcaqanadlar bəzi xəstəlikləri də ötürə bilər

Bəzi ağcaqanad növləri yalnız qaşınmaya səbəb olmur, həm də müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısıdır. Bunlara malyariya, Qərbi Nil qızdırması, dang qızdırması, Çikunqunya və Zika virusu daxildir.

Bu xəstəliklər Azərbaycanda və Türkiyədə geniş yayılmasa da, beynəlxalq səyahətlər, iqlim dəyişiklikləri və qlobal hərəkətlilik səbəbindən risklərin izlənməsi vacib hesab olunur.

Böcək dişləməsindən necə qorunmaq olar?

Yay aylarında aşağıdakı sadə tədbirlər böcək dişləməsi riskini azaltmağa kömək edir:

Açıq rəngli və uzunqollu geyimlər seçin;

Durgun su yığılan yerlərdən uzaq durun;

Etibarlı həşəratqovucu vasitələrdən istifadə edin.

Bu tədbirlər xüsusilə uşaqlar, yaşlılar və həssas dəriyə malik insanlar üçün böyük əhəmiyyət daşıyır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az