Forbes-in yaydığı məlumata görə, Beyonce artıq rəsmi olaraq milyarderdir və bu statusu əldə edən beşinci musiqiçi olub.
44 yaşlı, “Grammy” mükafatlı sənətçi Cowboy Carter turunun böyük uğurundan sonra dünyanın ən varlı insanları sırasına qoşulub. Tur bilet satışlarından 400 milyon dollardan çox, əlavə olaraq isə 50 milyon dollar dəyərində məhsul (merchandise) satışı gətirib. Onun əvvəlki Renaissance dünya turu isə təxminən 579 milyon dollardan çox gəlir əldə edib.
Beyonce-nin həyat yoldaşı Jay-Z 2019-cu ildə Forbes siyahısına düşərək milyarder olan ilk musiqiçi idi. Rihanna, Bruce Springsteen və Taylor Swift də bu elit statusu əldə edən sənətçilər sırasındadır.
Beyonce saç baxımı brendi Cécred, SirDavis adlı viski markası və Ivy Park geyim xətti daxil olmaqla bir neçə biznes layihəsi başlatsa da, Forbes-in məlumatına görə onun şəxsi sərvətinin əsas hissəsi musiqidən — kataloqundan əldə olunan gəlirlər və dünya turları hesabına formalaşıb.
2010-cu ildə o, Parkwood Entertainment adlı idarəetmə və prodüser şirkətini yaradaraq musiqi, konsertlər və sənədli filmlər də daxil olmaqla bütün yaradıcılıq layihələrini öz nəzarəti altına alıb.
Beyonce-nin 2024-cü ildə çıxan “Cowboy Carter” albomu tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və ona karyerasında ilk dəfə “İlin Albomu” üzrə Grammy qazandırıb. Albomdan sonra keçirilən tur 2025-ci ilin dünyanın ən çox gəlir gətirən musiqi turu olub. Üç saatlıq şouda həyat yoldaşı, övladları və keçmiş Destiny’s Child qrup yoldaşları qonaq kimi çıxış ediblər.
“Forbes” yazır ki, “əyləncə sənayesinin istənilən sahəsində stadionları doldura bilən musiqiçidən daha gəlirli biznes demək olar ki, yoxdur”. Qeyd olunur ki, turda 350 nəfərlik heyət çalışıb, 100 yarımqoşqu yük maşını avadanlıq daşınıb və şounu şəhərdən-şəhərə aparmaq üçün səkkiz 747 yük təyyarəsi istifadə olunub.
Beyonce karyerasına Destiny’s Child pop qrupunun üzvü kimi başlayıb və 2000-ci illərin əvvəllərində solo karyeraya keçib. O, Grammy tarixində ən çox mükafat alan və ən çox nominasiya olunan sənətçi rekorduna sahibdir. Sənətçi həmçinin 2024-cü ildə NFL-in Milad oyunu üçün keçirilən “Beyonce Bowl” fasilə şousundan təxminən 50 milyon dollar, Levi’s reklamlarında rol aldığı üçün isə 10 milyon dollar qazanıb.
Onun Pure/Honey mahnısında səsləndirdiyi “Belə görünmək milyardlara başa gəlməlidir / Amma o bunu asan göstərir, çünki sahibidir” misrası artıq gerçəkliyə çevrilib.
Forbes-in məlumatına görə, 2025-ci ildə dünyada 3 mindən çox milyarder var.
Mənbə: The Guardian
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

