İyul 8, 2026
Baku
Müsahibə Xəbərlər

“Beynəlxalq forumlar Azərbaycanın strateji nüfuzunu gücləndirir” -Elçin Bayramlı

Müasir dövrdə beynəlxalq forumlar və qlobal tədbirlər yalnız siyasi və iqtisadi platforma deyil, eyni zamanda ölkələrin beynəlxalq imicinin formalaşmasına, sosial inteqrasiyanın güclənməsinə və cəmiyyətlərarası münasibətlərin inkişafına xidmət edən mühüm vasitə kimi qiymətləndirilir. Azərbaycanda keçirilən WUF-13 kimi mötəbər beynəlxalq tədbirlər də ölkənin dünyaya açıq, təhlükəsiz və əməkdaşlığa hazır dövlət kimi tanınmasına mühüm töhfə verir.

Sosioloq Elçin Bayramlı Gundelik.az-a müsahibəsində beynəlxalq forumların Azərbaycanın sosial rifahına, ictimai münasibətlərinə, turizm potensialına və gənclərin dünyagörüşünə təsirindən danışıb.

 WUF-13 kimi beynəlxalq tədbirlərin Azərbaycanda sosial rifahın, ictimai münasibətlərin və ölkənin qonaqpərvərlik imicinin formalaşmasına hansı təsirləri olduğunu düşünürsünüz?

— Bu kimi beynəlxalq tədbirlərin keçirilməsi ölkənin beynəlxalq reytinqini və nüfuzunu artırır. Eyni zamanda ölkənin cəlbediciliyini gücləndirir. Məsələn, turizm sahəsində Azərbaycan daha geniş tanınır və minlərlə xarici vətəndaş ölkəmizə səfər etdikdən sonra öz ölkələrində burada gördüklərini paylaşır, Azərbaycanın təbliğinə töhfə verir.

Həm imic baxımından, həm də turizm baxımından bu tədbirlər ölkəyə dolayı iqtisadi gəlirlər qazandırır. Əsas faydalardan biri də məhz budur. Digər tərəfdən ölkənin siyasi imici güclənir. Azərbaycan sivil, beynəlxalq tədbirlərə ev sahibliyi edən təşəbbüskar dövlət kimi tanınır. Bu da ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərir.

Ölkə daxilində isə müəyyən praktiki təcrübə formalaşır. Beynəlxalq əlaqələrdə, münasibətlərdə və əməkdaşlıq sahəsində yeni imkanlar yaranır. İnsanlar bir-biri ilə tanış olur, istər ictimai sektorda, istər media sahəsində, istərsə də biznes strukturlarında xarici tərəfdaşlarla görüşür, müzakirələr aparır və yeni əlaqələr qururlar.

Bu isə dolayı yolla iqtisadi və biznes mühitinin sağlamlaşmasına təsir edir. Eyni zamanda elmi, mədəni və sosial-ictimai sahələrdə də inteqrasiya prosesini sürətləndirir. Bu baxımdan belə tədbirlərin keçirilməsi faydalıdır.

Təbii ki, müəyyən narahatlıqlar da olur. Bakı şəhərində beynəlxalq tədbirlər keçiriləndə nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaşanır. Daha məqsədəuyğun olar ki, belə tədbirlər ölkənin digər bölgələrində və ya mərkəzi olmayan hissələrində keçirilsin ki, şəhər infrastrukturunda əlavə yüklənmə yaranmasın.

Azərbaycanın çox gözəl bölgələri var — Gəncə, Mingəçevir, Xankəndi, Şəki və digər şəhərlər bu kimi tədbirlərə ev sahibliyi edə bilər. Bu həm regionların turizm potensialının tanınmasına, həm də həmin bölgələrin inkişafına müsbət təsir göstərər. Üstəlik, Bakıda sıxlıq və infrastruktur problemləri də azalardı.

Düşünürəm ki, gələcəkdə belə tədbirlərin bir qisminin regionlarda keçirilməsi daha geniş imkanlar yaradacaq. Hər bir halda nüfuzlu beynəlxalq yarışlar, forumlar və konfranslar ölkəyə strateji planda fayda verir. Bu gün birbaşa təsiri görünməsə də, sonrakı dövrdə ölkənin tanınmasına, reytinqinin yüksəlməsinə və turizm sahəsinin inkişafına mühüm töhfə verir.

 Bu cür beynəlxalq forumların Azərbaycan cəmiyyətində sosial həmrəyliyin, mədəni inteqrasiyanın və gənclərin dünyagörüşünün inkişafına necə təsir göstərə biləcəyini düşünürsünüz?

— Bu tədbirlər gənclərin mədəni inteqrasiyasına və dünyagörüşünün formalaşmasına da ciddi təsir göstərir. Dünyanın müxtəlif bölgələrindən çox sayda insan Azərbaycana gəlir, müxtəlif mədəniyyətlər bir-birini yaxından tanıyır və yeni münasibətlər yaranır.

Bir növ qlobal inteqrasiya prosesi baş verir. Biz müxtəlif xalqların, sivilizasiyaların nümayəndələrini görür, onların həyat tərzi, məişəti, düşüncə tərzi və psixologiyası ilə yaxından tanış oluruq. Bu isə insanların mədəni dünyagörüşünün genişlənməsinə səbəb olur.

Bundan əlavə, bir çox gənclər belə tədbirlərdə yeni əlaqələr və münasibətlər qururlar. Sonrakı dövrdə təhsillərini xarici ölkələrdə davam etdirmək, yaxud müxtəlif biznes ideyaları üzərində çalışmaq üçün imkanlar əldə edirlər. Bu da strateji baxımdan gələcəkdə faydalı nəticələr verir.

Ümumilikdə, bu kimi tədbirlər ilk baxışda tam hiss olunmasa da, uzunmüddətli perspektivdə həm ölkəyə, həm də cəmiyyətə mühüm faydalar qazandırır.

Hazırladı: Səid Mikayılzadə
 Gundelik.az