Alimlərin real beyin hüceyrələri ilə birbaşa əlaqə qura bilən, çap edilə bilən süni sinir hüceyrələri hazırladığı bildirilib.
ABŞ-dakı Northwestern Universitetinin mühəndisləri bioloji neyronlarla uyğun elektrik siqnalları yarada bilən, elastik və aşağı maliyyətli süni sinir hüceyrələri hazırlayıblar. Araşdırma zamanı bu süni hüceyrələrin laboratoriya şəraitində siçan beyin toxuması üzərində aparılan testlərdə real neyronları uğurla stimullaşdırdığı müəyyən edilib.
Qeyd olunur ki, ənənəvi kompüter sistemləri sərt silikon əsaslı strukturlar üzərində qurulmuş milyardlarla tranzistordan ibarətdir. Halbuki beyin daha elastik, üçölçülü və davamlı dəyişən əlaqələrdən ibarət mürəkkəb bir şəbəkə kimi fəaliyyət göstərir. Bu fərq alimləri daha az enerji ilə daha mürəkkəb əməliyyatlar həyata keçirə bilən bioloji sistemləri təqlid etməyə yönəldib.
Araşdırma çərçivəsində hazırlanan süni neyronların istehsalında yarımkeçirici xüsusiyyətə malik molibden disulfid və keçirici qrafen tərkibli xüsusi elektron mürəkkəbdən istifadə olunub. Bu materiallar “aerozol jet” adlanan püskürtmə texnikası ilə elastik polimer səthlər üzərinə çap edilib. Nəticədə əldə olunan struktur real neyronların siqnal yaratma üsulunu təqlid edə bilən mürəkkəb elektrik reaksiyaları yarada bilir.
Mütəxəssislərin fikrincə, bu yenilik təkcə tibb sahəsində deyil, həm də süni intellekt avadanlıqlarında mühüm dəyişikliklərə səbəb ola bilər. Xüsusilə, yüksək enerji və su sərf edən mövcud sistemlərə alternativ olaraq, daha az enerji işlədən, ekoloji cəhətdən daha təmiz və bioloji toxumalarla inteqrasiya oluna bilən yeni nəsil prosessorların inkişafına yol aça bilər.
Mənbə: Haber Global
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
