Belarus Prezidenti Aleksandr Lukaşenko Çinə səfər edəcək və Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.
Gundelik.az-ın “BelTA”ya istinadən məlumatına görə, dövlət başçısı bu barədə Minskdə raket istehsalına həsr olunan iclasda bildirib.
“Bu, mənim Çin Xalq Respublikasına səfərim və Si Cinpinlə görüşüm baxımından da mühümdür. Biz belə bir görüşü planlaşdırırıq. Çünki biz Çin hərbi-sənaye kompleksi ilə sıx əməkdaşlıq şəraitində raket istehsalına başlamışıq və indi də bu sahədə əlaqələrimiz davam edir”, – Lukaşenko qeyd edib.
Prezident vurğulayıb ki, Belarus iqtisadiyyatın digər sahələrində olduğu kimi, raket istehsalında da mövcud maliyyə imkanlarından maksimum səmərəli istifadə etməyə çalışır.
“Bu gün biz müasir şəraitdə hərbi əməliyyatların aparılma formalarını nəzərə alaraq, bu istiqamətdə gələcək addımlarımızı müəyyənləşdirməliyik”, – o bildirib.
Lukaşenko əlavə edib ki, Qərb ölkələrinin hərbi xərclərini artırması və regiondakı təhlükəsizlik risklərinin yüksəlməsi Belarus, Rusiya və İttifaq Dövlətinin müdafiə qabiliyyətini daim diqqət mərkəzində saxlamağı zəruri edir.
Gundelik.az

