Uzun müddət oturmaq, hərəkətsiz həyat tərzi və ağır yükü düzgün qaldırmamaq bel yırtığı riskini artırır. Xüsusilə masa arxasında işləyənlərə 30-45 dəqiqədən bir ayağa qalxmaq, qısa müddət gəzmək və dartınma hərəkətləri etmək tövsiyə olunur.
Mütəxəssislər bel sağlamlığını qorumaq üçün müntəzəm idman etməyi, ideal çəkini saxlamağı, bel və qarın əzələlərini gücləndirməyi və düzgün duruş vərdişi qazanmağı məsləhət görürlər. Ağır yük qaldırarkən beldən əyilmək əvəzinə dizləri bükmək, yükü bədənə yaxın saxlamaq və ani dönmə hərəkətlərindən qaçmaq lazımdır.
Uzun müddət avtomobil idarə etmək də beli yorur. Buna görə fasilələr zamanı qısa gəzinti etmək və oturacağı bel boşluğunu dəstəkləyəcək şəkildə tənzimləmək tövsiyə edilir.
Hər bel ağrısı bel yırtığı demək deyil. Əzələ gərginliyi, duruş pozğunluğu və digər problemlər də bel ağrısına səbəb olur. Lakin beldən başlayaraq omba və ayağa yayılan ağrı, keyimə, iynələnmə və əzələ gücünün azalması bel yırtığının əlamətidir.
Ayaqda getdikcə artan gücsüzlük, ayağı qaldıra bilməmək, yeriməkdə çətinlik kimi əlamətlər təcili tibbi qiymətləndirmə tələb edir.
Bel yırtığı diaqnozu qoyulan hər xəstəyə əməliyyat lazım deyil. Bir çox hallarda dərman müalicəsi, istirahət, fizioterapiya və uyğun məşqlərlə şikayətlər azalır. İrəliləyən əzələ zəifliyi və digər ciddi əlamətlər olduqda isə cərrahi müalicə nəzərdən keçirilir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
